Ünvan...
27- ci bina, 48- ci mənzil. Uzun illərdən sonra bu yerlərə ilk dəfə idi ki, gəlirdim.
Ürəyimdə qəribə anlaşılmaz hisslər yaşanırdı. Ayaqlarım qeyri - ixtiyarı pillələri qalxdı.
Qapını döyməyə başladım; İllər əvvəl məktəbdən gəlib döydüyüm kimi. Açan yoxdur... Uzaqdan nənəmin səsi gəlir: - Kimdir?
- Mənəm, ay nənə, mənəm...
- Sən kimsən? - yenə soruşur...
İndi də, illər sonra...
Qapımızın yanindaki pilləkanda oturub bir az gözləyirəm. Soyuqdur. Tir-tir əsən əllərimə baxıb, sanki yuxudan ayılıram: Mən burda neynəyirəm?
Deyəsən, artıq zamanın mənim üçün heç bir önəmi qalmayıb.
Yenə ayağa qalxıb, qapını döyürəm. Bir - neçə dəfə qapımızı doyub həyətə düşürəm. Həyətdə oturub, eyvanımıza baxıram... Neçə vaxtdır bu evi yenidən almaq, əşyalarının da hamısını düz 30 il əvvəlki kimi içinə düzmək istəyirəm... İstəyirəm bibilərim də sağ olsun, bizə qonaq gəlsinlər. Qardaşlarım yenə səs - səsə verib futboldan, musiqidən söhbət açsınlar. Evimizdən anamın bişirdiyi isti qutabın ətri gəlsin. Musiqi səsi aləmi bürüsün. Nədənsə, orta məktəbdəki ədəbiyyat müəllimimin sözü düşdü yadıma: "olmayanı arzu etsən, heç zaman istədiyinə çatmazsan".
"Görəsən, indi burda kim yaşayır? Evimi satsam belə, ala bilmərəm. Axı bu evi necə alım? Necə gedim deyim ki, bu evi satın mənə? Bəlkə heç ev satmaq niyyətləri də yoxdur” ?
Bu nə möcüzədir belə, yenə xəyallar məni aparırdı. Buna qarabasma da demək olardı.
- Ay qız, evə gəl. Yenə oğlanlarla oynayırsan?.. İndi atana deyəcəm... Anam yenə eyvandan məni çağırır. Mən də pərt oluram, üstümü - başımı çırpıb, qonşunun oğluna baxıb, çiynimi çəkirəm.
Yox, deyəsən, dəli oluram. Yenə durub evə qaçdım. Qapını döydüm. Bir müddət sonra qapını qorxa - qorxa bir qadın açdı:
- Siz kimsiz?
Mən geri qayıtmaq istədim, sonra ürəkləndim.
- Bilirsiz, mən burda böyümüşəm, bu evdə, başa düşürsüz?
Qadın üzümə çaşqınlıqla baxdı - sizə nə lazımdır? - soruşdu. - Biz bu evdə kirayə qalırıq, sizi evə buraxa bilmərəm...
- Mən elə evə baxmaq istəyrdim, son dəfə otuz il bundan qabaq köçəndə
görmüşəm, icazə verin, xahiş edirəm.
Qadın qapını örtüb, olduqca sərt kilidlədi. Ayaqlarımı sürüyə-sürüyə pillələri düşdüm. Elə bu dəm atamın maşını düz yanımda dayandı. Atam əlindəki bağlamaları götürüb, yanımdan ötüb getdi. Nə qədər çağırdımsa, baxmadı. Xəyallar canlı ola bilmir. Yalnız, mən aydın şəkildə onu görürdüm.
Həyətdə oturub susqun eyvanımıza tamaşa edirdim. Çox keçmədi, qadin həyətə düşdü.
- Sizin soyuqda bu qədər saatı burda dayanmağınızı anlamıram, - dedi.
Əgər bu qədər vacibdirsə, gəlin gedək evi görün, yalnız dərhal gedin.
Razılaşıb onunla bir daha pillələri qalxdım. Evə baxdım, nə rənglər, nə divarlar mənə tanış deyildi. Bir anlıq bu yad, uyğunsuz otaqlara, heç bir doğmalığı olmayan divarlara tamaşa etdim. Az qalmışdı ki, çıxım gedəm.
O biri otağa boylananda pianomuzu gördüm.
"Aman Allah... demək ki, səni atmayıblar” - deyə qışqırdım. Üstünə qaçıb qapağini qaldırdım. "Bağışla, səni o zaman ağır idin deyə yerindən qaldıra bilmədik”. Sonra qadına baxıb, bu piaonun tarixçəsini danışmağa başladım:
- Bilirsiz, hadisə necə olmuşdu? Bir qonşumuz...
Qadın sözümü baxışı ilə kəsdi. Yəqin ki, nədənsə bərk qorxurdu. Mənə lap dəli kimi baxırdı. Qadının üzünə baxanda, başladığım söhbəti yarıda qoydum. Həm də piaonunu görüb sehirlənmişdim. Hər tərəf sanki xəfif dumana bürünmüşdü. Qardaşım yanımda dayanıb məxmər təbəssümlə gülümsündü. Əlimi alnına, gözlərinə çəkib "bacın qurban, nə yaxşı sənə heç nə olmayıb” - pıçıldadım. Bunu elə qısıq səslə dedim ki, bəlkə də heç qadın eşitmədi. "Demək ki, yalandır, sən ölməmisən.”
O, əlini burnuma toxundurub göz vurdu. Əli ilə pianonu göstərdi. Onun nə dediyni anladım və öyrətdiyi musiqini ifa etməyə başladım. Musiqini ifa edə - edə sözlərini oxuyurdum, çünki qardaşım məni belə öyrətmişdi.
Mahnı bitən kimi "Ana, çay gətir” – deyə elə burdan mətbəxə səsləndik.
Gözümdən yaş axırdı. Geri dönəndə qadın əlində su dayanmışdı.
- Xanım, xahiş edirəm, suyu için, deyəsən, halınız pisdir. Kimləsə danışıb, gülürsüz. Düşünmürsüz, hardasız indi. Bir azdan yoldaşım, uşaqlar gələcək. Xahiş edirəm, gedin. Mən artıq nə edəcəyimi bilmirəm.
- Bəlkə siz bizə köcəsiz, buranı isə mənə verəsiz, xahiş edirəm ...
- Siz dəli olmusuz? Günah məndədir, axı sizi evə niyə buraxıram...
O biri otaq bağlıdır. Açarı hanı?.. Hə, atam Moskvaya gedəndə otaği bağlayırdı ki, kitabları qarışdırmayaq. Açarın yerini isə bir mən bilirdim. Bu dəqiqə deyim, otaqları qaçmaqa başladım. "Mənim otağımda” - deyib, sonuncu otaqı acdim.
- Qızım, qorxma,- deyə qadın içəri geçib uşaqını qucaqina aldı.
Nə qədər çalışdım, otağımın rəngini yada sala bilmədim. Əslində, mənə burda heç nə tanış deyildi. Uşaq qorxub anasına sığınmışdı.
Sanki yuxudan ayılıb arxama baxmadan qapıdan çıxdım. Qadın mən çıxan kimi qapını bağlayıb, ardımca söydü.
Mən pillələri düşüb, göz yaşlarımı silib, yoluma davam etdim. Çox keçmədi evimiz çox uzaqlarda qaldı... Yalnız, canımda qəribə bir xoşbəxtlik var idi. Ümid var idi. Sevgi var idi. Bilmirəm nə zaman, amma bir gün mütləq bu evi alacağımdan əmin idim.
Harda yaşamağımın fərqi yoxdur. Mənim ünvanım budur: Ev 27, mənzil 48.
Müəllif: Aysel Fikrət
Qadinkimi.com