QADIN / KİŞİ
Aysel Atəş: "qadın sadəcə sevişmək üçün yaradılmayıb"! Tarix : 20 İyun 2023, 14:23

İnsanlarla cinsinə görə davranmağı, onlara cinsinə görə sınırla yanaşmağımızı bizə uşaqlıqdan təlqin edirlər. Hələ uşaq ikən oyunlar oynadığımız qonşu oğlanla (qızla) qapalı ortamda qalmağa icazə vermirlər, bağçada müəllimlər, həyətdə-parkda valideynlərimiz gözləri ilə bizi izləyir. Və nəticə etibarilə beynimizə yeridilən bu düşüncə yetişkinlik dövründə cinsi ayrı - seçkilik etməyimizə səbəb olur. Bu, düzgün anlatma və tərbiyə üsuludurmu? Əlbəttə, xeyr! Uşaqlara insana insanlığına, şəxsiyyətinə görə yanaşmağı, onları qadın və kişi olaraq deyil, fərd olaraq qəbul etməyi öyrətməliyik.

Bu mövzuda, xüsusilə oğlan uşaqlarına diqqət etmək mütləqdir. Gələcəyin kişisi birmənalı şəkildə anlamalıdır ki:

 

*qadın sadəcə sevişmək üçün yaradılmayıb!

*qadın sadəcə sevgili münasibəti üçün gərəkli deyil!

*bir kişinin ən yaxın dostu bir qadın ola bilər.

*bir qadınla sadəcə film izləmək, söhbət etmək, sərgiyə getmək, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq mümkündür.

*bir kişi qadını evinə dəvət edib yemək bişirə, mahnı, ya da elə onun dərdini dinləyə bilər.

*bir qadın səninlə səyahətə çıxa bilər.

*bir qadın səninlə domino oynayar və hətta nərddə uda bilər.

*bir kişi qadına sirrini söyləyə bilər.

*bir qadın səninlə kluba, restorana, hər hansı əyləncə məkanına gedə bilər.

*bir qadın səninlə futboldan danışa bilər.

*bir qadınla yürüyüşə çıxa bilər, sonrasında ona kahvaltı hazırlaya bilərsən.

*bir qadının evinə rahatca gedə bilər, qəhvəsinə qonaq ola bilərsən.

 

Bir qadınla sadəcə sevişilməz. Onunla mütləq sevişməlisən quralı yoxdur. Bir qadınla bütün gözəllikləri, bütün münasibətləri yaşaya bilərsən, bəlkə də həmcinsinlə yaşayacağından daha yaxşısını. Bir qadına sadəcə qadın kimi baxılmaz! O insandır, sənin kimi, eynən mənim kimi, sənin kişi dostun kimi. Əksi də keçərlidir. Mən qadın olduğum üçün qadınlıq nöqteyi-nəzərindən yanaşmışam. Bir kişi qadın üçün bəzən onun həmcinsindən daha yaxşı dost, sirdaş, dinləyicidir! Bir kişi sadəcə sevgili, ər, partnyor deyildir!

 

 

 

Aysel Atəş Abdullazadə

Türkiyə, Antalya

qadinkimi.com