Bir neçə həftə əvvəl Luca Goldoninin xoşagələn bir yazısı yayımlanmışdı: Goldoni Adriatik sahilindəki müşahidələrinə əsasən yazdığı bu yazıda, mavi cins geyinən insanların modaya uyğunlaşmaq üçün çəkdikləri əziyyətlərdən, necə oturacaqlarını, cinsi orqanlarını hara yerləşdirəcəklərini bilmədiklərindən söz açırdı. Məncə, Goldoninin ortaya atdığı bu mövzünün dərin fəlsəfi düşüncələr ehtiva edən tərəfləri var. Mənim də məqsədim söhbətin bu yönlərini baxış bucağıma uyğun və böyük ciddiyyətlə açıqlamaqdır; çünki, heç bir gündəlik təcrübə, hətta ən bəsiti belə, düşüncə insanı üçün önəmsiz deyil. Ona görə də fəlsəfəni təkcə ayaqları üstündə deyil, böyrü üzərində də yürütməyin zamanıdır.
Təkcə tətil günlərində olsa da, illərlə cins geyindim, özü də cins geyinənlərin azsaylı olduğu günlərdən bəri. Bürüşmə, sökülmə, ləkələnmə kimi çatışmazlıqları olmadığı üçün səyahət zamanı cins geyinmək mənə çox rahat gəlirdi. Bu gün də eyni fikirdəyəm. Artıq gözəl görünüş üçün də geyinilir, fəqət əsas üstünlüyü praktik olmasıdı. Ancaq yaşlandıqca bir xeyli kökəldiyimdən, illərlə cins geyinmə zövqündən vaz keçmək məcburiyyətində qaldım. Hərçənd mağaza-mağaza gəzsəniz, extra large bədən ölçüsündə cins tapma ehtimalınız var (New York-dakı Mac`y mağazasında Oliver Hardy-nin ölçüsünə belə uyğunlaşacaq cins tapa bilərsiz), lakin bu cinslərin təkcə bel hissəsi deyil, ayaq hissələri də çox geniş olduğu üçün, onları geyinərkən ortaya çixan görüntü elə də xoş olmaz.
Son zamanlarda içkini azaldınca, normal ölçüdə cins geyməyə kifayət edəcək qədər çəki atdım. "Özünüzü bir az da sıxsanız, şalvar ayağınıza uyğunlaşacaq, görərsiniz” deyən satıcı qızın müşayiətiylə, Goldoninin söhbət açdığı işgəncələrdən keçdikdən sonra mağazadan çıxdım. Əlbəttə ki, qarnımı içəri çəkmək məcburiyyətinə ehtiyac duymadan (bu cür şərtlərə heç vaxt tabe olmamışam). Bunla belə, uzun zamandan sonra bel nahiyəsinə oturmaq yerinə, ombalardan dəstək alan bir şalvarı geyinmənin ləzzətini yaşayırdım, çünki böyür boşluğuna sıxılmaq və beldən sallanaraq deyil, bədənə yapışaraq oturmaq cins parçanın xüsusiyyətidir.
Çoxdandır cins geyinmədiyimdən, sanki yeni duyğu yaşayırdım. Əynimdəki cins məni narahat etmirdi, ancaq "varlığını hiss etdirirdi”. Nə qədər elastik olsa da, mənə elə gəlirdi ki, bədənimin aşağı hissəsində zireh var. İstəsəm də, qarnımı şalvarın "içində” tərpətmək mümkün deyildi, gərək şalvarla "birgə” tərpədəydim. Bu isə bədəni, necə deyərlər, sanki, biri beldən yuxarı və geyimdən qurtulmuş, digərisə belin aşağısından başlayaraq aşıq sümüyünə qədər uzanan, geyimlə orqanik şəkildə birləşən iki müstəqil hissəyə ayırırdı. Hərəkətlərimin, yeriməyimin, dönmə, oturma və addım atma tərzimin "dəyişdiyini” hiss edirdim. Çətinləşdiyini, yaxud asanlaşdığını demirəm, məhz dəyişdiyini.
Nəticədə üzərimdə cins olduğunu bilərək yaşayırdım, halbuki, adam adətən üstündəki şalvarın yaxud tumanın varlığını hiss etmədən, unudaraq yaşayır. Əynimdəki cinsdən ötəri yaşayır və beləcə cins geyinən insanın davranış biçiminə uyğunlaşırdım. Hər durumda bəlli "davranış”a ayaq uydurmağa məcbur idim. Cinsin etiketdən uzaq və ən nəzakətsiz geyim növü kimi qəbul edilməsinə rəğmən , həm də adamı müəyyən davranışa (etiket qaydasına) ən çox məcbur edən geyim olması qəribədi. Mən normal halımda adətən ürəyimin istədiyi kimi davranmağa meylli adamam, necə rahatdısa elə oturur, istədiyim məkana münasib olduqca yayılıb yaslanıram. Cinsimsə hərəkətlərimi məhdudlaşdırır, məni daha tərbiyəli, daha yetkin adama çevirirdi. Əks cinsdən olan insanlarla da bu barədə söhbət edərək, sözügedən mövzü barədə xeyli düşündüm. Söhbət etdiyim xanım dostlarımdan, barəsində düşündüyüm, ancaq o qədər də əmin olmadığım bir həqiqəti öyrəndim: Qadın geyimləri – hündürdabanlar, korsetlər, çəmbərşəkilli ətəklər, corabbağları və s.- əsrlər boyunca qadınları hər zaman bəlli davranış tərzinə uyğunlaşmağa məcbur edəcək tərzdə hazırlandığı üçün qadınlar bu cür təcrübələri demək olar hər gün yaşayırdılar.
Bu həqiqətdən çıxış edərək uyğarlıq tarixi boyunca zireh formasında hazırlanan geyimlərin kişilərin davranışına və nəticədə cəmiyyət əxlaqına təsiri barədə düşündüm. Viktoriya dövrünün burjuası sərt yaxalı geyimlər ucbatından ölçülü və çox ciddiydi, 19-cu əsr aristokratlarının məsafəli davranışında, vücudu bürüyən üzünətəkli dar pencəklərin, çəkmələrin, başın ani hərəkətini əngəlləyən silindr papaqların əsaslı rolu vardı. Əgər Vyana ekvatorda yerləşsəydi və vyanalı burjualar bermudayla (qısa şort növü) gəzişsəydilər, əcaba Freyd həmin nevrotik təzahürləri, Edip komplekslərini tapıb təsvir edərdimi? Yaxud Freydin özü şotland ətəyi geyən Şotland olsaydı (bilindiyi kimi, bu ətəyin altında alt paltarının olmadığını təsəvvür etsək), görəsən təsvirlərini yenə eyni formada ifadə edərdimi?
Xayalarınızı sıxan hansısa geyim fərqli cür düşünmənizə səbəb ola bilər; regl dönəmindəki qadınlar, yumurtalıq iltihabı, babasil, prostat ağrısı və oxşar rahatsızlıqlar yaşayan insanlar, qasıq bölgəsindəki sıxılma və ağrıların zehni və psixi əhvalı nə dərəcədə təsirləndirdiyini yaxşı bilirlər. Eyni yaşantı (bəlkə də nisbətən az dərəcədə) boyun, çiyin, baş və ayaqlar üçün də söylənə bilər. Ayaqqabıyla gəzməyi öyrənən bəşəriyyət, ayaqyalın dolaşarkən yaratdığı düşüncə tərzindən fərqli düşüncə tərziylə yaşamağa başladı. İdealist fəlsəfənin təmsilçiləri olan filosoflara görə Ruhun bu cür ifadə olunmasını düşünmək qüssəlidi, fəqət bunun belə olması bir yana, məsələnin ən gözəl tərəfi, bu prosesi Hegelin də bilməsiydi. Yeri gəlmişkən, Hegel elə "Ruhun Fenomenoloqiyası” adlı əsərində frenoloqiya mütəxəssislərinin müəyyən etdiyi müxtəlif qafataslarını incələyirdi. Ancaq söhbət açdığım cins şalvar problemi məni başqa müşahidələrə yönəltdi. Cinsim məni təkcə bəlli bir tutuma məcbur etməklə yetinmirdi; üstəlik diqqətimi də bu tutum üzərində toplamağa, məni ekstravert olmağa, (ekstraversiya- digər insanlarla münasibətlərə can atmaq, ünsiyyətcillik və s, r.q) "xaricə yönəlik” yaşamağa zorlayırdı. Başqa sözlə ifadə etsəm, daxili həyatımı məhdudlaşdırırdı. Mənim məsləyimlə əlaqəli insanların bir yandan yeriyərkən, digər yanda başqa nəsnələr və hadisələr – tutalım, yazılacaq məqalə, veriləcək konfrans, Andreottinin hakimiyyəti, azadlıq kateqoriyasının müxtəlif ölçüləri, Marsda həyat, Çelentanonun son mahnısı, Epimenid paradoksu və s. – barədə düşünmələri normal haldı. Bu bizim məsləkdaşların "daxili həyat” dediyi prosesdi. Görünüşə görə hər şey yaxşıydı, fəqət bütün həyatım xaricə yönəlmişdi. Davamlı olaraq özümlə şalvarım arasındakı əlaqənın fərqinə varır, digər yandan da şalvar geymiş insan kimi ətrafımdakı toplumla aramda yaranan münasibət barədə düşünürdüm.
Həmin anda mütəfəkkirlərin zirehdən qurtulmaq üçün apardıqları mübarizəni xatırlayıb, anladım. Zirehlərə bürünmüş döyüşçülər bu geyim tərzinin təsiriylə xaricə yönəlik həyat keçirirdilər; halbuki, rahiblərlərin yaratdığı geyim növü həm görkəmli, rahat, təkparçalı biçimləriylə rahibliyin gərək duyduğu davranış qaydalarıyla uyğunlaşır, həm də bədəni (bu geyimin içində, altında) tamamilə azad hiss etdirir və zehni bədən barədə düşünməkdən xeyli dərəcədə xilas edirdi. Rahiblərin çox zəngin daxili dünyaları varıydı, eyni zamanda bədəncə xeyli kirliydilər; çünki bədən, onu həm sayğılı, həm də azad edən geyimin altında özünü unudur, zehni azad buraxırdı. Erasmusun geyindiyi uzun, geniş geyimləri xatırladıqca, aydın olur ki, bu tip geyim tərzi təkcə rahiblərə xas deyildi. Buna görə də gündəlik həyatında dünyəvi zirehlər (parik, frak, qısa şalvar və s.) geyinməyə məcbur qalan intelektual insanı, düşünmək üçün otağındakı yalqızlığa çəkildiyində, şux xalatlarda yaxud Balzak romanlarına xas olan bəzəkli cübbələr içində o yan-bu yana dolaşıb gəzişərkən görürük. Çünki, düşüncə zirehə nifrət edir.
Əgər zireh kişini daxili düşüncələrdən uzaqlaşdırırsa, deməli, qadınların min illər boyunca boyunduruq altında yaşamasında toplumun onları düşüncə prosesindən uzaqlaşdıran geyimlərə bürünməyə məcbur etməsinin böyük payı vardır. Əgər moda qadını kölələşdirdisə, bunun yeganə səbəbi modanın qadını cazibəli, xəfif, təhrikedici obraza meylləndirib cinsi obyektə çevirməsi deyildi. Qadının kölələşdirilməsində təməl səbəblərdən biri də qadın üçün tərtib edilən geyimlərin onu psixoloji olaraq "xaricə yönəlik” yaşayışa məhkum etməsiydi. Bu hal bizi, həmin geyimlər içində yaşamağa məcbur qalan gənc bir qızın Madama de Sevigne, Vittoria Colonno, Madam Curie, ya da Rosa Luxemburg kimi qadınlara çevrilməsi üçün hansı çətinliklərdən keçməli olduğu, necə yüksək istedada və cəsarətə sahib olması gərəkdiyi barədə heyrətlə düşündürür. Bu düşüncə belə bir qənaət hasil etməyimiz üçün önəmlidi:
Zamanımızda modanın qadınlara təklif etdiyi və görünüşünə görə azadlığın və kişilərlə bərabərliyin simvolu sayılan cins geyimlər əslində Hökmran Gücün başqa tələsidir; çünki, cins şalvar bədəni nəinki özgürləşdirmir, üstəlik onu hansısa etiket altına soxmağa çalışır və sezilməz zirehə həbs edir. Amma görünüşcə "qadına xas” olmayan geyim növü sayıldığı üçün bu cəhətini gizlətməkdədi.
Son düşüncəm: Geyimlər insanı bəlli davranışa yönəltdikləri üçün göstəriş və əlaqə mexanizmalarıdı. Bu aydın məsələdi, amma bu göstərici mexanizmlərlə dilin sintaksisi arasında paralellik qurulmamışdı. Bir çox dilçi alimlərin də söylədiyi kimi, dilin sintaktit quruluşu düşüncə tərzinin formalaşmasında mütləq şəkildə rol oynayır. Buna oxşar olaraq geyim dilinin sintaksisi də beləcə bizim dünya baxışımızı, ona münasibətdə davranışlarımızı təsirləndirməkdədi. Görün ki, təzyiq-azadlıq dialektikası və aydınlığa çıxmaq üçün aparılan ağır mücadilə necə sirli, dolanbac, qeyri müəyyən yollardan sıyrılıb keçir.
Hətta qasıqdan da.