Avropada, sonra Rusiyada XIX əsrdən başlanan maarifçilik ideyaları XX əsrin əvvəllərində Azərbaycanda da yayılmağa başladı.
Avropanın və Rusiyanın bir sıra ali məktəblərində təhsil alan yerli zadəgan, kübar ailələrin övladları bu ideyaları vətənə gətirmiş, əsrlərdən gələn milli mədəniyyətimizə, mənəvi-əxlaqi dəyərlərimizə söykənərək xalqımızda milli dövlətçilik duyğularının oyanması işinə təkan vermişlər. M.F.Axundzadədən, H.B.Zərdabidən, N.Nərimanovdan və digər mütəfəkkir ziyalılardan başlanan maarifçilik ruhu milli dirçəlişimizə zəmin yaratmışdır.
XX əsrin əvvəllərində inqilabların, müharibələrin tüğyan etdiyi, milli azadlıq hərəkatının genişləndiyi bir dövrdə xalqımız öz taleyi haqqında düşünməyə başlamış, əsarətdən xilas olmaq, müstəqil, azad yaşamaq, tərəqqi etmək, yeni cəmiyyət yaratmaq uğrunda mübarizəyə başlamışdı. Bu oyanış, dirçəliş müsəlman aləmində ilk dəfə olaraq Odlar yurdunda Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.
Milli dövlətçiliyimizin şərəfli tarixini parlaqlığı ilə əks etdirən Azərbaycan Cümhuriyyəti xalqımızın əsrlər boyu ürəyində bəslədiyi azadlıq arzularından yaranmışdı. Bu müqəddəs istəyi həyata keçirmək üçün nə qədər qurbanlar verilmişdir...
1917-ci ildə dünyanı lərzəyə salan inqilabi hadisələr Romanovlar istibdadına son qoyanda xalqlar azadlıq günəşinin doğduğunu zənn edib ayağa qalxdılar, öz müqəddəratlarını təyin etməyə başladılar. Azərbaycan xalqı da bu inqilab məşəlinin işığında Şərqdə ilk dəfə parlamentli milli demokratik dövlətini yaratdı. Bu sülhsevər dövlətə Azərbaycanın mükəmməl təhsil almış, vətənpərvər ziyalıları başçılıq edirdilər.
Hələ Oktyabr inqilabından əvvəl onların yaratdıqları məktəblər, xeyriyyə cəmiyyətləri, nəşr etdikləri qəzet və jurnallar xalqın azadlıq uğrundakı mübarizəsinə işıq saçırdı. Təsadüfi deyil ki, 1917-ci ilin fevralında çarizmin devrilməsi xəbəri Bakıya çatan kimi Azərbaycanın tərəqqipərvər ziyalıları "Nəşri-maarif” cəmiyyəti adından 16 maddədən ibarət tərtib etdikləri məktəb haqqında məramnaməni Bakıda keçirilən Qafqaz Müsəlmanlarının I Qurultayına təqdim etdilər. Məramnamədə deyilirdi ki, bütün ibtidai məktəblərdə təhsil ana dilində aparılmalıdır. Təlim ümumi, məcburi və məccani olmalı, uşaqlar təhsilə 7 yaşından başlamalıdırlar. Hər yerdə pedaqoji təhsil verən darülmüəllimlər, qızlardan müəllim hazırlamaq üçün darülmüəllimatlar açılmalı, məktəblərin xərci dövlət xəzinəsindən olmalıdır.
Yüksək səviyyədə keçən bu qurultayda ilk dəfə qadınlar da iştirak edirdilər.
Tiflis müəllimlərinin nümayəndəsi Sara xanım Talışinskayanın, publisist Şəfiqə xanım Əfəndizadənin və Bakı Qadınlar Xeyriyyə Cəmiyyətinin üzvü Sara xanım Vəzirovanın qurultayda iştirakları, alovlu çıxışları böyük narazılıqla qarşılandı. Cəhalətpərəstlər qadının məclisdə iştirakına, xüsusilə çıxışına etiraz edirdilər... Azərbaycanın görkəmli ziyalıları belə çətin şəraitdə cahilliyə, mövhumata qarşı mübarizə aparırdılar. Azadlıq amalını, xalqın gözünü açan maarif və mədəniyyəti təbliğ edirdilər.
Bu dövrdə Cənubi Qafqazda vəziyyət çox gərgin və təhlükəli idi. Erməni millətçiləri bu vəziyyətdən istifadə edərək öz məkrli oyunlarını yenə də işə salmışdılar. Onların törətdikləri qırğınlar milli azadlıq hərəkatına ziyan vurur, Zəngəzurda, Qarabağda yüzlərlə Azərbaycan kəndi erməni talançılarının hücumlarına məruz qalır, Bakıda, Qubada, Şamaxıda soyqırımı zamanı on minlərlə günahsız adam evindən, yurdundan didərgin düşürdü. Erməni daşnakları elə o zaman da min bir hiylə işlədərək Azərbaycanın müstəqil dövlət olmasına maneçilik törədirdilər. Ziyalılarımız çox çətin şəraitdə milli azadlıq hərəkatına qoşularaq mübarizə aparırdılar. Bu işdə Azərbaycanın maarifpərvər qadınları da fəallıq göstərir, bütün xalqı faciələrə son qoyulmasına çağırır, maarif və mədəniyyətin inkişafına səsləyirdilər.
Millətin bilik, siyasi və mədəni səviyyəsinin inkişafı yolunda böyük əhəmiyyət kəsb edən, "Əkinçi” qəzetində H.B.Zərdabinin ürək yanğısı ilə dilə gətirdiyi qadın mövzusunu cəhalətin hökm sürdüyü bir dövrdə milli mətbuatımızın yaradıcıları cəsarətlə öz qəzetlərində, jurnallarında işıqlandırırdılar. Bu oyanışdan ruhlanaraq Azərbaycanın az-çox təhsil görmüş xanımları - Səkinə Axundzadə, Nabat Nərimanova, Ziba Qayıbova, Nigar Şıxlinskaya, Gövhər Şövqiyyə, Sara Vəkilova, Hədiyyə Məmmədzadə, Həlimə Axundova, Münəvvər Əlixanova, Maral Nəbizadə, Xuraman Rəhimbəyzadə, Asiya Axundzadə, Səidə Şeyxzadə öz yazılarında, şeirlərində qadınların təhsil almasını, öz hüquqlarını anlamasını, teatra, incəsənətə meyil etməsini vacib sayırdılar.
Münəvvər xanım Əlixanova "İşıq” qadın jurnalında yazırdı: "Əgər biz öz hüquqlarımıza malik olmaq istəyiriksə, lazım və vacibdir ki, qeyrət edərək ciddi bir surətdə müttəfiq olub öz əməl və arzularımızı kəndi əql və fərasətimizlə ələ gətirək. Gərək hamımız tamam bacarıqlarımızı hərəkətə gətirib iş dalınca yüyürək, öz yaralarımıza ittihad ilə məlhəmlər qoyaq. Bunu da bilməliyik ki, tək əldən səs çıxmaz, hər bir əqdamatda birlik böyük rol oynayır”.
Münəvvər xanım bu dəyərli məqaləsinin axırında qeyd edirdi ki, qadınları cəhalətdən elm, mədəniyyət, tərbiyə çıxaracaqdır. "Bizə elm ilə bərabər azadəlik də vacibdir”. 106 il bundan əvvəl deyilmiş bu sözlər bu gün də aktualdır.
Azərbaycanın ilk maarifpərvər qadınlarından Şəfiqə xanım Əfəndizadənin xalqı maarif və mədəniyyətin inkişafına səsləyən çağırışları "Şərqi-rus”, "Açıq söz”, "Azərbaycan” qəzetlərinin, "Dəbistan”, "Məktəb”, "Dirilik”, "Şərq qadını” və başqa mətbuat orqanlarının səhifələrindən eşidilirdi. H.B.Zərdabinin ömür-gün yoldaşı, görkəmli maarifçi Hənifə xanım Məlikova Şəfiqə xanımın Şərq aləmində əks-səda salan publisistik fəaliyyətinə yüksək qiymət verərək deyirdi: "Qadın təhsili məsələsində sən Həsən bəydən daha çox iş görə biləcəksən”.
Şəfiqə xanım XX əsrin əvvəllərində qadın hüquqşünaslığına aid müsahibələrin birində deyirdi: "1916-cı ildə Bakıda Cəlil Məmmədquluzadənin "Ölülər” komediyası ilk dəfə səhnəyə qoyulmuşdu. Tamaşa qurtaranda mən yaxın lojada bir qadının ağladığını gördüm. "Niyə ağlayırsan?” deyə soruşanda o, göz yaşını silib dedi: "Necə ağlamayım?! O yazıçı mənim həyatımı haradan bilir?..”
Bu kədərli hadisə ilə əlaqədar Şəfiqə xanım "Açıq söz” qəzetində "Ölülər” haqqında bir müsahibə” sərlövhəsi ilə çap etdirdiyi məqalənin axırında yazırdı: "Dünyada olan zülmlərin həpsini biz ünas (qadın) tayfası çəkir. Gələ-gələ düşünürdüm ki, iştə "Ölülər” faciəsinin həyat və məişətimizdə bir inqilab törədəcəyi ... aşkardır”.
1918-ci il sentyabrın 15-də Bakının erməni və bolşevik hərbi birləşmələrindən azad edilən tarixi gündə demokratik ruhlu mətbuatımızın ailəsində şərəfli yer tutan milli azadlıq və müstəqil dövlətimizin ilk mübariz orqanı "Azərbaycan” qəzeti qadınlarımızın həyatına, azadlıq, tərəqqi yollarına mayak kimi işıq saçmağa başladı.
"Azərbaycan” qəzeti Şəfiqə xanım Əfəndizadənin əqidəsi, arzusu, publisistik fəaliyyəti üçün geniş meydan oldu. Bu azad, milli duyğular tərənnümçüsü mətbu orqanın redaksiya heyətinə üzv seçildi. Qadınların həyatı, mübarizəsi, hüquqları, təhsili, maariflənməsi haqqında bir sıra dəyərli məqalələr, hekayələr yazdı. Qəzetin 5-ci sayında onun "Təşkilatın qadınlara təsiri”, "Seçki və qadınlar”, "Milli bayram və qadınlarımız” (1919, 5 iyun), "Vətən bizim anamızdır” (1919, 25 iyun), "Analar! Qızlarınızı oxudunuz!” (1919, 25 iyul) və başqa məqalələri mətbuat tariximizdə dəyərli səhifələrdir.
Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsini elan edərək millət, din, sinif, cins ayrılığı gözləmədən öz ərazisində yaşayan bütün vətəndaşlara hüquq bərabərliyi, azadlıq, dinc həyat bəxş edirdi.
Ürəyi xalq məhəbbəti ilə döyünən ziyalılardan təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti az vaxtda böyük işlər gördü. M.Ə.Rəsulzadə demişkən, ilk növbədə xalq azadlığın, milli müstəqilliyin şirinliyini dada bildi. Maarif və mədəniyyətin inkişafı üçün özül qoyuldu.
Azərbaycan parlamentinin qəbul etdiyi əsasnaməyə görə qadınlar seçki hüququna malik idilər. 4 fəsildən, 116 bənddən ibarət olan bu əsasnaməyə görə, 20 yaşına çatmış respublikanın bütün vətəndaşları Müəssislər Məclisinə seçkilərdə iştirak edə bilərdilər. Azərbaycanın ziyalı qadınları dövlətin verdiyi hüquqlardan, maarif və mədəniyyətin inkişaf etdirilməsi üçün yaratdığı şərait və imkanlardan istifadə edərək mədəni tədbirlərdə fəal iştirak edir, qadın azadlığı hərəkatını genişləndirir, milli azadlıq hərəkatına və respublikanın müstəqilliyinə maneçilik törədən qüvvələrə qarşı mübarizə aparırdılar. Qadın hərəkatının veteranlarından Ceyran Bayramova sonralar xatirələrində yazırdı ki, Azərbaycan parlamentində ilk dəfə müsəlman qadını ictimai-siyasi işlərdə iştirak etməyə başlamışdı.
Bu dövrdə maarifpərvər qadınlar milli məktəblərin yaradılmasında fəal çalışırdılar. Cümhuriyyətin qurucularından olan Nəsib bəy Usubbəyovun xanımı Eynulhəyat ilk milli qız gimnaziyasında dərs deyir, Maarif Nazirliyinin inspektoru işləyirdi.
Sankt-Peterburqda ali təhsil almış ilk müsəlman qızı Səlimə xanım Yaqubova Bakıda Birinci Ünas Türk Gimnaziyasının müdiri təyin edilmişdi. Onun evi əsl ziyalı ocağına çevrilmişdi. Burada Üzeyir bəy Hacıbəyli, Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə kimi işıqlı simalar toplaşır, milli mədəniyyətimizin sabahını düşünürdülər.
Görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli 1918-ci ildə Qazax qəzası xalq məktəblərinin inspektoru təyin olunmuşdu. O, bir il sonra Bakıda öz mənzilində pedaqoji kurs açmış, Azərbaycanın ilk maarifpərvər qadınları - Şəfiqə xanım Əfəndizadəni, Xədicə xanım Ağayevanı bu nəcib işə cəlb etmişdi. Müfti əfəndi Qayıbovun qızı Gövhər xanımın Bakıda öz mənzilində təşkil etdiyi 80 nəfərlik pedaqoji kursda o dövrün tanınmış pedaqoqları - Hüseyn Cavid, Abdulla Şaiq, Camo Cəbrayılbəyli, Xudaverdi Kələntərli, Səriyyə xanım Əhmədova, Nəimə xanım Qazıyeva dərs deyirdilər.
Gəncədə ziyalı qadınlar xeyriyyə cəmiyyəti yaratmış, şəhərin mədəni həyatında fəal iştirak etmişlər. Bu işdə Xədicə xanım Ağayeva, Cavahir xanım Rəfibəyli, Həcər xanım Şeyxzamanlı, Bilqeyis xanım Qazıyeva böyük səy göstərir, qızların təhsilinə kömək edir, qadınlar üçün teatr tamaşaları keçirir, daşnakların törətdikləri qırğınlar nəticəsində kimsəsiz, yetim qalmış, qaçqın düşmüş uşaqları öz himayələrinə alırdılar.
Qadın müəllimlərə olan ehtiyacı qismən ödəmək üçün əvvəllər rus qız gimnaziyalarını, Tiflis Nücabə Qızlar İnstitutunu, hətta H.Z.Tağıyevin qız məktəbini və ikiillik pedaqoji kursları bitirmiş qızlar ibtidai məktəblərdə dərs deməyə cəlb olunmuşdular.
Bu dövrdə Azərbaycanın tərəqqipərvər qadınları - Məryəm xanım Bayraməlibəyova Lənkəranda, Gövhər Şövqiyyə Şamaxıda, Nazlı Tahirova Naxçıvanda, Maral Nəbizadə Şəkidə, Bülbül Kazımova Gədəbəydə, T.Ağayeva, Yaqut Ağayeva, Fərdmuş Paşayeva Gəncədə, Səidə Şeyxzadə, Sara Vəzirova, Hənifə Məlikova, Qərib Soltan, Zərri Şahtaxtinskaya, Rəhilə Hacıbababəyova və başqaları Bakıda xalq maarifinin inkişafına çalışırdılar.
İllər bir-birindən çətin, əzablı gəlsə də, həyat eşqi, yaşamaq, qurub-yaratmaq amalı qadınlarımızı daim yüksəlməyə ruhlandırmışdı.
Cümhuriyyətin yarandığı gündən bəri tariximizi göz önünə gətirəndə ürəyimiz qürur hissi ilə dolur. Keçilən yolların çətinliklərinə, əzab-əziyyətlərinə baxmayaraq, Azərbaycan qadınları ürəklərində vətən, ailə, övlad məhəbbəti cəmiyyətimizin ön sıralarında olmuş, dünya mədəniyyətinin ən yüksək səviyyəsinə qalxmışlar.
Tale ötən əsrin 90-cı illərində ikinci dəfə xalqımıza öz müstəqilliyini əldə etmək şansı verdi. Ulu öndər Heydər Əliyev başda olmaqla xalqımız şər qüvvələrə qarşı mübarizədən qalib çıxdı, müasir dövrün müstəqil, qüdrətli dövlətini yaratdı.
Sabir GƏNCƏLİ,
tarix elmləri doktoru
Mənbə: modern.az
qadinkimi.com