YAZI / DÜŞÜNCƏ
İztiraba tutunmaq iztirabın bir parçası edir insanı... Tarix : 27 Yanvar 2020, 12:52

İnsanlığın böyük, təmiz, ali duyğularını qoruyub saxlayanlardan örnək götürmək olar. Onlardan isə az qalıb, lap az.


Mənəvi gücə üstünlük verən insan heç bir müdaxilə olmadan da ruhuna rəng qatar, dünyasını gözəlləşdirər. Getdikcə düşüncələrində rahatllq taparkən hələ uşaqlıqdan özü üçün qurduğu ağappaq, tərtəmiz dünyasında yaşayar, ruhunun dərinliklərində qoruyub saxladığı düşüncələrilə öz anlamında canlı, mənalı ömür şürər. Ruhuna işıq düşdüyünü dərk edəndən misilsiz sevinc və üzündə xoşbəxt təbəssümlə dolaşar. Bu sevinci ondan almağa çalışmayın. Xoşbəxtliyi simasında, ruhunda duyulursa, bu onun yaşadığı cəmiyyətin, bütünlükdə bəşəriyyətin hər gün eşidib, oxuyub, dərk edib duyduğumuz problemlərinə biganə yanaşmasından irəli gəlmir. Ruhunda daim onunla bir dolaşan, bir yaşayan, hətta səbəbsiz duyduğu işıq kiçik hadisələrə sevinirkən belə yaranan minnətdarlıq duyğusundan, ən ümdəsi də şükr etməkdən irəli gələn hələ də dərk etmədiyi ali bir hissdən yaranır.


Çoxları xoşbəxt insanı sevmir, bu xoşbəxtliyi yaradan səbəbləri arayır, hər kəsə öz prizmasından yanaşır, mülahizələr yürüdürlər, çünki xoşbəxt insan onların EQOsunu incidir. Hər kəsin sıxıntısı var və sıxıntıları sevmək də hünərdi. Daima şikayət edən narazı, özünün hamıdan yaxşı olduğunu, başqalarına nisbətən nə üçünsə layiq olmadığı mövqedə olduğunu ikrahla düşünənlər bədxah fikirlərlə dolaşar, xüsusən varlılara, varlı bildiklərinə, xoşbəxtlərə və xoşbəxt zənn etdiklərinə nifrət ruhunda yaşayarlar. İztiraba tutunmaq iztirabın bir parçası edir insanı. Bunu hər kəs nə zamansa duyub. İztirab icindəsənsə insanların daha xoş yanaşdıqlarını, dosta çevrildiyini anlayırsan. Əgər xoşbəxt deyilsən, həmişə şikayət edənlərdənsənsə və ya belə təsəvvür yaradırsansa, daha çox dostların olur. Sevincini, xoşbəxtliyini biruzə verirsənsə, səni qisqanar, dostca davranmağı da yadırğayar, səbəbsiz, xırda intiriqalardan üz də çevirə bilərlər. Özlərini tənha, bədgüman hiss edərlər. Səndə onlarda olmayan nə var?! Özümüzü başqaları ilə müqayisə etmək mənəvi baxımdan qeyri sağlamdır. Xoşbəxtliyi görməzdən gəlib bədbəxtliyə meyllənməyimiz dünənin, bu günün, sabahın problemidi ki, yüklənib insanların çiyinlərinə və bundan xilas olmağın yollarını düşünən də yoxdur. Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Ürəyə ən çox zərər vuran hiss nifrətdir. Ürəyin ritmini pozur, daha sürətlə döyünür. Bu isə onun yorulması ilə nəticələnir. Tək nifrət etmək darıxdırıcıdı, birtərəfli sevgi kimi. Ətrafa bu qəbildən xaraktercə zəif insanları cəlb etmək də asandı. İnsan əslində sadəcə olaraq xoşbəxt olmaği öyrənməli və özünü xoşbəxt hiss edən insanlara hörmət ruhunda tərbiyə etməlidi. Yerli - yersiz pərişanlıq, baxışlardan üzə hopmuş kədər, bədbinliyə alışmaq, xoş olmayan aura, mənfi enerji əhatəmizdə olan insanların da ruhuna yansıyır, onları da səbəbsiz qüssələndirir və bu hal getdikcə xarakterə çevrilir, başqalarına qarşı antipatiya hissi yaradır. Kədərin fəsadları çoxdu, immunitet sisteminə də mənfl təsir edir. Nə zaman səadət içində bir adam görsək ehtiram duyaq, hörmətlə yanaşaq, qanadlarını qırmağa çalışmayaq. Onsuz da qlobal dünyamızda sürətlə keçən ömrümüz, informasiya bolluğu, həyat şəraiti, son illər daha çox yaranan xəstəliklər, itğilərimiz gərgin keçən ömrümüzü daha da qısaldır. Mənfi hisslərin təsirindən qorunmağın tək yolunun müsbət düşüncələr və pozitiv enerji olduğunu unutmayaq. Həm də mənfi hisslərin yaranmasına səbəb vəziyyətimiz yox, ona olan münasibətimizdi.

 

Nifrət etmək əvəzinə SEVƏK, SEVMƏYİ ÖYRƏNƏK, sevginin varlığına inanaq və inandıraq. İlkin olaraq övladlarımızdan başlayaq. Ailədə nifrət yox, sevgi toxumu səpək. Məhəbbət mühitində xoşbəxt böyüyən övladlar yetişən ailədə gələcəyə ümidlə baxmağa dəyər, buna əminəm.

 



İskəndərova Yeganə

qadinkimi.com