Tanrının və qadının vurduğu naxış – Novruz köşəsi Tarix : 20 Mart 2020, 18:25
Yazar : Aysel Əlizadə
İlk dəfə şəkərbura bükməyi, doldurmağı və naxışlamağı öyrənəndə, inanılmaz mutluydum. Uşaqlıqda çətin başa gəldiyini düşündüyüm şirnini dişimdə xırtıldayan şəkərinə görə sevməsəm də, üstündəki incənaxışı və kənarındakı diyir-diyir bükümü ilə mənə möcüzəvi görünürdü. Anamın uzun barmaqları arasında şəkərburanın necə yarandığına diqqətlə baxırdım. Həsəd aparırdım gözəl naxış vuranlara.

Şəkərbura özündə çox mətləb yaşadır. Tarix haqda, gələnəklər, millətin xarakteri barədə çox şey deyir. Bir az da xalçaçılıq sənətini xatırladır. Hər ikisində naxış sənətinin örnəkləri var. İnsanların xəmir üzərində bəzək yaratmaq həvəsi onların yaradıcı genetikasından xəbər verir. Naxış vurmaq istəyi özəlliyə üstünlük verməyi ifadə edir.

Fərqli, kimsəyə bənzəməyən birinə "naxışı var” deyirik. Bu naxışı isə Yaradanın vurduğuna inanırıq. Bir xalq ki, naxışçılığa belə sevgiylə yanaşıb, bir xalqın ki qadını öz əli ilə mümkün olan bütün naxışları vurub, demək, Yaradanlığa iddialı olub, özünü çox güclü hiss edib. Və o, hər kəsi vurduğu naxışların ətrafına yığıb. Paxlava, şəkərbura, qoğal bişirmək bir ayindi. Əsrlər boyu hər il bu yerlərdə insanlar bu üç bişirmədən dadır, sevərək yeyib çəki artırır. İstərdim kişilər də bu ayində iştirak etsinlər. Evdəki bu sevimli ritual hər kəsə aid olub, harmoniya yaratsın. Bütöv bir ailəni, yaxın bir çevrəni, dostları, əzizləri kişili-qadınlı bir sevimli inanc, bir milli ayin ətrafında birgəlikdə görmək gözəldi.

Bu vəhdət bizdən sizə, sizdən başqalarına müsbət enerji ötürüb cəmiyyət üzərində sağlam, işıqlı bir enerji dalğası yaradır. Toplumları ayaqda saxlayan həm də onların birgə etdikləri işlər, onları bir ocaq başına yığan kimi ətrafına toplayan ayinlər, qədim, qutsal, uğurluq adətlərdi. 
Ocaq demişkən, bu bayramda ocaq qalamağımız dərin və çoxqatlı anlam daşıyır. Bir zamanlar oda tapınardıq. Odu Günəşin yerdəki elçisi-simvolu sayardıq. "Odlar Yurdu” bu üzdən deyilir ölkəmizə. Çünki heç sönməyən sərvətimiz - ocağımız var. Neftin, qazın tarixi araşdırılanda bizim bu qədim inancımız incələnir, məbəd kimi qoruduğumuz Atəşgah ziyarət edilir, öyrənilir. Ocaq - fəlsəfi dərinliyi, elmi açıqlaması, mifoloji keçmişi olan qavramdı. İnsanlar "ocağın sönməsin” deyərlər sevdiklərinə. Yunan mifologiyasında Prometey odu Tanrılardan oğurlayıb insanlara verir.
 

Onlar da evlərini isidir, yemək bişirir, yaşamağa güc tapırlar. Novruz təbliğata gərək duymadan özü özünü yaşadan bayramdı. Belə bayramları millət yad kültürlərə qarışdırmadan, heç bir göstəriş mərkəzi olmadan özü qoruyur. Bu səbəbdəndir Azərbaycan dövləti ən önəmli qərarları Novruz ərəfəsində verir. Böyük hadisələri Novruza saxlayır. Novruz müasir dövlətçilik prinsiplərinə də təsirini göstərib. Bu bayram mütləq dövlət səviyyəsində keçirilir, bu bayramda mütləq bütün ölkə üçün sevindirici fərmanlar verilir, bu bayramda mütləq "işsiz günlər” olur və bu bayramda güzəştlər, islahatlar edilir.

Oğuz elində də önəmli qərarlar Novruzda verilərdi. Bütün xalqı bir araya yığıb el üçün verilən fərman və əmrləri səsləndirərdilər. Eldə barış elan olunardı. Hamı təzə geyinər, bir-birinə qonaq gedər, insanlar bir-birinə əl tutar və "dövlət” xalqa azuqə paylayardı. Önəmli islahatlar da məhz Novruzda edilərdi. Novruzda "küsülülər barışar” ənənəsinin həm də siyasi motivi vardı. İndiki "Əfv sərəncamı” özlüyündə bu qədim ənənəni dövlətçilik həddində yaşadır. Bu, təsadüfi deyil. Dövlət bilərəkdən Novruzu öz proqramında əsas yerə salaraq Novruzun "öz” olduğunu və vacibliyini qabardır. Bununla Novruzun canlı orqanizm kimi yaşayan, törəyən, davam edən varlığını, xarakterik rituallığını, tarixi özgürlüyünü və Azərbaycan xalqının kimliyində önəmini vurğulayır.

Ötən ilimiz ağır oldu. Bu il isə yaxşı başlayıb. Ümid edirəm, gələn il Novruzu daha əzəmətli, daha təntənəli keçirəcəyik. Bütün dünya bizim bu inanılmaz qədim və maraqlı bayramımızı izləməyə gələcək. Sizə bir söz deyim, bir xalqın çox uzaq keçmişini göstərən gələnəkləri dünya mədəniyyəti üçün olduqca maraqlıdı. Dünya insanları, siyasətçilər, mədəniyyət xadimləri xalqların yalnız özlərinə uyğun qədim adətlərinə çox önəm verir və sayğı duyur. Bu cür bayramlar çox əski keçmişin göstəricisidi. Ona görə də Novruzu bütün bayramlardan daha əziz tutmağımız və sevə-sevə, səsli-küylü keçirməyimiz gərəkdi.

Novruzunuz, yazınız qutlu olsun, əzizlər! Təbiət kimi oyansın ruhunuz. Nə pislik varsa, odda yansın. Ocağınız sönməsin! 
Aysel Əlizadə
qadinkimi.com