QADIN / KİŞİ
Zəncan üsyanı və Rüstəmə Tarix : 19 İyul 2023, 14:47

Bəs Rüstəmə kim idi?

Rüstəmə adlı döyüşçü gənc, üstəlik də xanım olduğuna görə xalqın rəğbətini qazanmışdı. 1850-ci ildə Zəncandakı xalq hərəkatına başçılıq edən qəhrəman xanımın doğum və ölüm tarixləri haqqında səhih məlumat yoxdur. Haqqında məlum olan dillərdə dolaşaraq dastana dönən döyüş yoludur. Müasir dövrdə bütün sivil ölkələrdə qadınların kişilərlə hər sahədə bərabər olması, lazım gələndə rəqabətə girməsi adi bir haldır. Amma təxminən əsr yarım əvvələ nəzər salsaq və o dövrün qayda-qanunlarını analiz etsək qadınların kişilərlə haqq-hüquq bərabərliyindən söhbət gedə bilməzdi. Qadınların müharibədə kişilərlə döyüşməyi qeyri-adi olmaqla bərabər, həm də fərəhləndirici hadisə idi. Zatən tarixdə qeyri-adi hadisələr zərurətdən doğur və sonrakı nəsillər üçün bir iz açmış olur. Əsl adını bilmədiyimiz, amma Rüstəmə kimi tanınan bu gənc xanım elə bir məqamda meydana çıxdı ki, xalqa edilən zülm ərşə dayanmışdı və artıq gözləmək, yaxud geri çəkilmək tarixi hadisələrin gedişatını daha da ləngitmiş olardı. Məhz Zəncan üsyanı qadınlı-kişili səbir kasası dolmuş xalqın etiraz və azad olma hayqırtıları idi. Bu tarixi hərəkatın gedişatı ilə tarixə yeni adlar, imzalar gəldi. Bu üsyan ilə Güney Azərbaycan tarixinə qızıl hərflərlə Rüstəmə adlı bir hekayət yazıldı.

Rüstəmə haqqında mənbələr bir az xəsislik edir. Təxminən 18-20 yaşlı bu xanım öz qısa ömründə tarixdə onu əsrlərlə yaşadacaq bir iz qoymuşdur. Rüstəməni təsvir edən mənbələr onun kişi paltarı geyindiyini, yüksək döyüş bacarığının olduğunu, qılıncdan və digər silahlardan məharətlə istifadə edə bilməsini qeyd edir. Atdığı güllərin birinin də boşa getmədiyi haqda əfsanələr var. Güney Azərbaycanın Janna Darkı hesab olunan Rüstəmənin adı əsasən bəhs etdiyimiz babilər hərəkatı ilə sıx bağlıdır. Babilər hərəkatında Rüstəmə ilə yanaşı minlərlə qadın iştirak edirdi. Onlar ərlərinə, qardaşlarına, oğullarına kömək edir, lazım olanda onlarla birlikdə qorxu-hürkü bilmədən vuruşurdular. Qəhrəmanımız bu üsyanda öz igidliyi, qorxmazlığı ilə seçilən, şanı bütün ətraf bölgələrə yayılan qadın döyüşçülərin ən öndə gedəni idi.

Xalqın bu igid qızı haqqında nisbətən geniş məlumata yazıçı Əzizə Cəfərzadənin "Tahirə-Zərrintac” əsərində rast gəlmək mümkündür. Yazıçı qeydlərində Rüstəməni qara çaxçura bənzəyən şalvar, bəyaz girdəyaxa ərəbi köynək, onun da üstündən uzun qollu mixəyi çuxa geyinmiş halda təsvir edir. Uzun saçlı igid qız kişilərdən fərqlənməmək üçün saçlarını dəbilqənin altına yığmağa məcbur idi. Deyilənə görə o vaxtlar cavan kişilər arasında uzun birçək saxlamaq dəb olduğuna görə dəbilqənin qıraqlarından qıvrılıb çıxan saçlardan onu qadına oxşatmaq olmasa da, bəzi başqa xüsusiyyətlər onun kişi olmadığını az qala bəyan edirdi. Rüstəmənin girdə sifəti, xırda, nazik ağzı, körpə üzü kimi hamar və gözəl siması, göz-qaşı, zərif əlləri onu ələ verirdi. Amma güc-qüvvət məsələsində hər hansı kişidən geri qalmazdı. Üz cizgilərindən mərhəmət yağsa da, xalqının azadlığı uğrunda apardığı mübarizə onun qətiyyətinə qətiyyət, mərhəmətinə qəzəb qatmışdı. Düşməni qorxudan, təşvişə salan da məhz bunlar idi.

Əzizə xanım Cəfərzadə kitabında yazır: "Avropa alimləri onu Fransa inqilabının milli qəhrəmanı Janna Dark ilə müqayisə edirdilər. Hətta mənbələrdə foto şəkli də var. İnandırıcı deyil. 1850-ci ildə otuz minlik Şah qoşunun əhatə etdiyi şəhər qalasında qadının dağlarda şəklini çəkmək üçün təzəcə ixtira olunmuş, hələ dünyaya o qədər də yayılmamış aparatın Zəncana gedib çıxma ehtimalı azdır. Hər halda bu fotolarda Rüstəmə dağda, daş üstündə əyləşmiş və ayağını daşın üstünə qoymuş, qalxanlı-qılınclı təsvir olunub. O təsvirlərdə Rüstəmin ayağında patava yox idi. Yun corab üstündən xam gön çarıq geymişdir.”

Rüstəmənin döyüş bacarığı, igidliyi, hünəri Zəncan üsyanının rəhbəri Məhəmməd Əlinin diqqətindən yayına bilməzdi. Bu keyfiyyətlərinə görə Məhəmməd Əli onu ən yaxın silahdaşı hesab edirdi. Ona görə tərəddüd etmədən igid qızı üsyançılar dəstəsinə başçı təyin edir, böyük bir istehkamın müdafiəsini ona tapşırır. Rüstəmənin başçılıq etdiyi dəstə təkcə öz istehkamlarını müdafiə etmirdi. Bəzən irəliləyərək düşmənə sarsıdıcı zərbələr endirir onu geri çəkilməyə məcbur edirdi.

Cəngavər xanımı məğlub etmək şahın qoşunlarına müyəssər olmurdu. Onu mərd-mərdanə üzbəüz döyüşdə məğlub etmək asan deyildi. Əlbəyaxa döyüşlərdə də o, kişilərdən qətiyyən dala qalmırdı. Dəfələrlə qılınc davalarında düşməni məğlub etmişdi. Bütün bunlar şahın hiddətinə səbəb olurdu. Mərdliklə ona qalib gəlmək mümkün olmadığından, namərdlər onu hiylə və şərəfsiz üsulla məhv etməyi qərara alırlar. Güney Azərbaycanın Janna Darkını yatdığı yerdə qətlə yetirilir. Hərçənd bəzi mənbələr onun döyüşdə qəhrəmanlıqla həlak olduğunu göstərir. Bu haqda da Ə.Cəfərzadə belə yazır: "Axşam yenicə düşürdü ki... Çovuyan güllə ağır yaraladı onu. Elə ilk andaca öləcəyini anladı. Anladı ki, bu yıxılmaqda qalxmaq yoxdur. Bir qədər süründü. Artıq süngü davası gedirdi. Qılınc zərbələrinin səsi yaxında eşidilirdi. Bir-birinə dəyən polad tiyələrin qopardığı ildırım parıltısı göz qamaşdırır, qalxanlara toxunan poladdan qığılcımlar yağırdı. Süründü. Bilirdi, anlayırdı ki, bu, son döyüşdür. Böyüklər hamısı qılıncdan keçiriləcək, heç olmasa bir neçə körpəni... Heç olmasa birini xilas edə bilsə... Süründü... Daşların dalında leydən qorxub qaçmış cücələr kimi bir neçə uşaq gizlənmişdi. İrilmiş gözlərlə hara baxacaqlarını bilmirdilər. Ağlaşırdılar. Amma səs çıxarmağa, yağı nəzərini cəlb etməyə qorxurdular. Rüstəmə bilirdi ki, düşmən ələ keçən uşağı nizə ilə, arvadları qılıncla öldürür. Odur ki... Süründü... Uşaqlara çatanaçan yetişdi qüvvəsi, nəfəsi... Qollarını yana açdı. Bu hərəkət ona dəhşətli əzab versə də qollarını geniş açdı, uşaqları ağuşuna alıb sıxmaq istədı sanki. Daşın üstünə elə düşdü ki, uşaqlar "xırdaca çadır" altında qaldılar. Sinəsi dünya boyda olsaydı dünyanın bütün uşaqlarını beləcə köksünün altında gizlədər, xilas edərdi. Kıçik-kiçik, çətin-çətin nəfəs aldı. Birdən boğazından qan qarışıq xırıltı axdı və o - analar anası, gəlinlər gəlini, igidlər igidi gözəlliyi eybəcərləşdirilmiş dünyaya göz yumdu. Elə bil İbrahim Əlaəddin bu misraları Hökümə xanım-Rüstəmənin də həyat və mübarizə tarixini bilib, ölümünü gözüylə görüb yazmışdı:

Söndüysə mavi gözləri bir asiman kimi,

Dünyaya gəldi-getdi o, bir qəhrəman kimi.”

 

Azadlıq aşiqi olan Rüstəmənin şəxsiyyəti, fədakarlığı, uğrunda döyüşdüyü yol nümunə olmalıdır. Xüsusilə indiki zamanda xanımlarımızın, eləcə də bəylərin o dövr üçün elə çətin bir zamanda bu cür açıq zehniyyətdə olan bir xanımın yetişməsi, meydana çıxması, şücaəti, ad-sanı barədə məlumatlı olmaları əhəmiyyətli bir məsələdir. Belə rəşadətli xanımın qısa döyüş yolunun geniş araşdırılmasına ehtiyac var.

Rüstəmə bu gün şiddət görən, haqqı olan azadlığı tələb edən, birlik-bütövlük və Güney Azərbaycanda demokratiyanın bərqərar olması uğrunda var-gücü ilə mübarizə aparan döyüşkən ruhlu bütün qadın fədailərin nümunə götürəcəyi və yolunu davam etdirdiyi sələfləridir.

 

 

 

Aygün Əziz

tərcüməçi, publisist

qadinkimi.com