YAZI / DÜŞÜNCƏ
Elə bilirdim jurnalistə güllə dəyə bilməz Tarix : 22 İyul 2023, 12:30
Yazar : Günel Dəniz
Tarix 1992... 
On yaşım vardı. O yaşda uşağa görə xeyli ağır olayların şahidi olmuşdum. 20 yanvar hadisəsi, Qarabağ döyüşləri...Sovet rejiminin devrilməsi...hər biri gözümün önündə baş vermişdi. Ata-anamın 20 yanvar olaylarında səhərə qədər meyit daşıması, atamın çiynində mitinqlərə qatılmağım...
Xocalı hadisəsi. Sinfimizə xeyli sayda köçkün uşaqların gəlməsi. Uşaq olsam da, artıq başqa bir dövrün başladığını anlayırdım. Artıq qəzetlər öz əlifbamızla dərc olunurdu. Mitinqlərdə öz bayrağımız dalğalanırdı. Ortancıl dayımı Qarabağa yollamışdıq və hər gün bir acı xəbərlə oyanırdıq. Bir gün də oyanıb sevərək izlədiyim, heç bir buraxılışını qaçırmadığım "215 KL" studiyasını yaradan, informasiya blokadasında bizi xəbərsiz qoymayan sevimli jurnalistimizin ölüm xəbərini aldıq. Ölkənin döyüş gedən bütün bölgələrindən bizə operativ xəbər çatdıran o qorxusuz, kamerasıyla divə çevrilən, uzun saçlı, yaraşıqlı jurnalist oğlan artıq həyatda yox idi. İnana bilmirdim, elə bilirdim yalan məlumatdı. Sonra oxuduğum 20 saylı orta məktəbdən Şəhidlər xiyabanına aparıldıq. Kollektivdən uzaqlaşdım. Həyəcanla Çingizin məzarını axtardım, qəbrin üstü hələ götürülməmişdi, torpaqla örtülü məzara yaxınlaşdım. Torpağa baxıb ağladım. Axı necə ola bilər? Jurnalist idi, axı O! 

Elə bilirdim jurnalistə güllə dəyə bilməz, elə bilirdim jurnalist ölə bilməz. Elə bilirdim əlindəki kamera onu qoruyur. Göz yaşlarımı silə-silə and içdim. Qanın yerdə qalmayacaq, Çingiz, - dedim. Sonra ilk qadın jurnalistimiz Salatın Əsgərovanın məzarına tərəf getdim. Xeyli oturub başdaşından mənə gülümsəyən o gülərüzlü qadına baxdım, portretini çəkmək keçdi beynimdən. Sonra tez də fikrimi dəyişdim, yox, yox rəssam həmişə olmaq olar, şəkli həmişə çəkmək olar, onların qanı yerdə qalmamalıdı, mən jurnalist olmalıyam, yazmalıyam, onların işini davam etdirməliyəm deyə-düşünə bir də gördüm artıq sinif yoldaşlarımdan xeyli uzaqlaşmışam. Xiyabanın girişinə qayıtdım, hamı təlaşla məni axtarırdı. Gözümün nəmini eynəyimin altında gizlətdim və dinməzcə evə qayıtdım. Evə gələr-gəlməz qələmlərimə sarılıb Çingizin rəsmini çəkdim. Xocalı olaylarını lentə alırdı, ayaqdaydı, sağ idi rəsmdəki Çingiz. 
Onu yerə yıxılmış vəziyyətdə çəkmək istəmədim, o, həmişə dimdik ayaqda olmalıydı. 
İllər keçdi...sözümü tuta bilmədim, həyat məni jurnalistikaya yox, rəssamlığa yolladı, lakin o andımı unuda bilmirəm.

Müdrik  H.B.Zərdabi  yazırdı: "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun... yaxşı-yamanlığını aşkar eləsin. Xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxanlar xalqı aynada görən kimi görsünlər”. 

Özüm jurnalist olmasam da, bu sahədə çalışan, cəmiyyətə ayna olan imzaları diqqətlə izləyirdim. Sonra tale elə gətirdi ki, layihəmizin rəhbəri, dəyərli yazıçımız, jurnalist adının layiqli daşıyıcısı Aysel Əlizadəylə yollarımız kəsişdi. Və onun sayəsində bu xatirəmi yazıram sizə. Az da olsa, özümü o vicdan yükündən azaltmış kimi oluram. Sözümü tuta bilmədim, amma Çingiz fədakarlığını, Salatın mərdliyini gördüm Aysel xanımda. Yaradıcılığı o qədər geniş və rəngarəng idi ki, ona heyran qalmamaq olmurdu. Hər şeydən yazırdı; Ən ağrılı yerlərimizdən, Qarabağdan, ölkədə baş verən siyasi proseslərdən, yoxsulluqdan, şəhid anasından, sevgidən, insan münasibətlərindən, cəmiyyətin sosioloji və psixoloji həyatından, günümüzün reallıqlarını əks etdirən ağrılı-acılı problemlərdən və s. Bütün bunların müqabilində inanılmaz sadə, təvazökar duruşu, işinə olan ciddiyyəti ilə məni Həsən bəy Zərdabinin min bir əzab-əziyyətlə təməlini atdığı bu yolda jurnalistika ənənəsinin layiqincə davam etdirildiyinə yenidən inandırdı. Onunla əməkdaşlığımız zamanla dostluğa çevrildi. Onun timsalında hər gün Çingizlə danışıram, Salatınla söhbətləşirəm. Onların qoyduğu o şərəfli yolda gedən bir rəfiqəm olduğu üçün inanılmaz qürur duyuram. Onun timsalında əli qələm tutan bu yolda qərəzsiz, mərdi-mərdanə şərəflə çalışan bütün "dördüncü hakimiyyət” nümayəndələrinin Milli Mətbuat Gününü təbrik edirəm. Hər bir jurnalistin qələmi həm də onun qılıncıdır. Sizlər bizim yeganə güvənc yerimizsiz. Bizim sözümüzü və haqqımızı lazımi ünvanlara çatdıran da Sizlərsiz.Qısacası, Sizin qələminiz bizim sözümüzdür. Qələminiz gücdən, sözünüz kəsərdən düşməsin, dəyərli media əhli. Sözün həqiqi mənasında Var olun!
 

Günel Dəniz
qadinkimi.com