UŞAQ / BÖYÜK
O qızcığazı içdən hiss etdim, qorumaq üçün evlərinə getdim… Tarix : 20 İyul 2023, 16:30

Təsadüfən məktəbdə ata ilə qızının söhbətinə şahid oldum. 


Ata qızını sinif yoldaşlarının, müəllimlərinin yanında hədələyirdi. 

"Dərnəkdə niyə olmamısan?”

 "Yaxşı, gəl evə, çubuq hazırdır...görərsən gününü!"


«Çubuq» sözünün fiziki ağrısını üzərimdə hiss elədim, canımı üşütmə bürüdü. Aşağılanmaq, dəyərsizlik, təhqirlər, hədə-qorxular elə də yad deyildi. Sinif yoldaşları - qızlar gülərək deyirdilər ki, atam mənə əl qaldırmır, heç vaxt vurmayıb. Atam məni çox istəyir…atam...atam...atam...


Həmin vaxt cəmisi 6-cı sinifdə oxuyan o qızcığazı içdən hiss edən təkcə mən idim, deyəsən. Toyda şəkil çəkdirərkən bəy tərəfdə durduğuma görə döyülən qız olmuşam. Özü də, qat-qat böyük yaşda... İndi bu hadisəyə şahidliyim təsadüf idimi? 


Təsadüflər olurmu?


Gözlədim, dərs bitdi. Birlikdə evlərinə getdik. Həyətə daxil olanda əvvəlcə təmiz, səliqəli qapı-baca, dağınıq olmasın deyə, iplə topa yığılmış, cərgə ilə əkilmiş rəngarəng payız gülləri zövqümü oxşayıb, könlümü aldı. Vaxtilə qonaqları evdə qarşılayan, indi güldan kimi içinə həmin güllərdən bir dəstə yığıb çöldə dekora dönən, özü ilə barışıq çatlaq çaydan mehriban təbəssümlə "xoş gəldin” elədi. 


Ancaq rahatlaya bilmirdim, canımın üşütməsi keçməmişdi. Qız məndən əvvəl evə girib gəldiyimi xəbər verdi. Atasının səsini eşitdim: "Onu nəyə yanına salıb gətirmisən?" Düzü, özümü hər şeyə hazırlayıb getmişdim. Təhqir olunmağı da, "uşaq mənimdir, özüm bilərəm!" eşitməyi də, lazım gəlsə, döyülməyi də gözə almışdım.


 Müəllimliyimə sığınıb gəlmişəm. Nə olar, olar…


Atası məni qarşılamağa çıxdı. Əsəbilik hiss olunsa da, təmkinli davranmağa, mülayim danışmağa çalışdı. 


Dedi: "Müəllimə, gəlmisiniz, xoş gəlmisiniz! Ancaq siz gedəndən sonra onu mütləq döyəcəm! Niyə, axı, dərnəkdə iştirak etməyib?!" 


Bu vaxt: "Həə, onda mən də bu gün burdayam" - deyərək gülümsədim. İçəri keçdik. Çox səmimi qarşılandım. Şagirdimin babası vaxtilə kəndin adlı-sanlı tarix müəllimi olub. İşə bax ki, o təqaüdə çıxan kimi yerinə mən gəlmişəm. İndi də evində qonağam. 


Təsadüflər olurmu? 


Qızımızın divanda oturub oyun oynayan özündən böyük autizmli bir qardaşı ilə 1 ayı sabah olacaq bacısı nənəsinin qucağında üz-üzə əyləşmişdilər. Ana çay gətirmək üçün çölə çıxdı. Qalanlarımız söhbətə qoyulduq. Gəlişimin səbəbi bəlli idi. 


Uşağın müsbət keyfiyyətlərindən, nümunəvi şagird olmasından başlayıb, yekunda belə övlad yetişdirdikləri üçün təşəkkürlə sonlandırdım. Bu uşağın yeganə günahı bu gün dərnəyin birinə qatılmamağı və son vaxtlar dərslərini axsıtmasıdır. Bəlkə döymək əvəzinə kökündə dayanan səbəblə maraqlanaq? Düzü, son dövrlər özümün də bəzi uşaqlarla kobud rəftarımı vicdan ağrısı ilə yadıma salıb bəzəkli cümlələr qurmağa utandım. 


Ata hər dəfə öz valideynlərilə ünsiyyətdə olanda onu daha aydın görməyə başlayırdım.


Bu, əsəbi, kobud görünən adamın içindən sevgiyə, anlayışa möhtac buraxılmış, natamam qalmış, hiss və duyğuları qatı dərinliklərə  basdırılmış incik uşaq gileylənirdi. 


Çox vaxt fərqində olmadan aldığımız travmaları övladlarımıza, sevdiklərimizə, bizə ehtiyacı olan kəslərə ötürür, qınadığımız valideynlərimizə çevrilirik. 


Zəncirvari proses...


Ancaq fərqində olmalı, arınmalıyıq. Özümüzü dərk eləməyə, eqomuzu yonmağa çalışmalıyıq. 


Travmalı  adamın ruhu sağlam ola bilməz.  Ruhu sağlam olmayanın bədəni də sağlam ola bilməz. Sağlam insan yetişdirməkdən də danışmağa dəyməz. 


Travmalarımızı sağaldıb o zənciri qırmalıyıq. İlk növbədə özümüzün, sonra bütün bəşəriyyətin xilası naminə. 


Bir insan dünyanı dəyişə bilər!


Kaş ki, evlənmək, insan dünyaya gətirmək hamıya əl çatan olmayaydı. Balalara  heyfim  gəlir...


Nə isə, bir  xeyli söhbətdən sonra məlum oldu ki, sən demə, valideynlə müəllim arasında anlaşılmazlıq olub. Uşaq da o dərnəyi heç sevmirmiş. Atası övladını döyməyəcəyinə məni əmin etdikdən, gəldiyim  üçün  təşəkkür etdikdən sonra sağollaşıb oranı tərk elədim.  


Yol boyu uşaqlığımı, yeniyetməliyimi xatırladım. Nə yaxşı, valideynlərim vaxtında "atalara” qulaq asıb qızlarını döyüblər. Yoxsa, bu uşağın vəziyyətini necə anlayardım?! İncidilmiş uşaq görəndə, xüsusən də, qızlar, asanlıqla empatiya qura bilirəm. Bunun üçün ayrıca təşəkkürlər. 


Şallağına qurban olum, ay dədə!


Pərvanə Elcan; Beyləqan, Çəmənli kənd orta məktəbi, tarix müəllimi


Qadinkimi.com