Şuşaya ilk gedən tibb bacısı: "Sanki bizdən soruşurdu: 28 ildir hardasınız?" EKSKLÜZİV Tarix : 19 Noyabr 2020, 08:36

Əslən Laçın rayonundan olan tibb bacısı Nəcibə Fərmanova cəbhədə keçirdiyi 20 gün ərzində müşahidə etdiklərini və xatirələrini Qadınkimi ilə bölüşüb.


 

Müharibə başlayandan getmək istəyirdim. Amma gedə bilmirdim. Yalnız bir halda gedə bilərdim - məzuniyyət vaxtım çatanda. Məzuniyyət vaxtım çatar - çatmaz könüllü getmək üçün müraciət etdim. Əslində, müharibəyə hərbi sahədə fəaliyyət göstərən tibb işçiləri göndərilir. İstəyim geri çevrilmədiyi üçün çox sevindim. Biz getdiyimiz gün Füzulidə bunkerdə yaralananlar gətirilmişdi hospitala. İçəri daxil olan kimi çantalarımızı yerə qoyub işə başladıq. Yeni gəlmişik, heç nəyin yerini bilmirik, amma özümüzü ələ almalıydıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırdıq. Yaralılara kömək edirdik, şəhidləri qarşılayırdıq. Psixoloji olaraq çox çətin vəziyyət idi.


Şuşaya getməyim isə bir anda oldu. Təcili yardım maşını yaralı gətirmək üçün Hadruta gedirdi. Mən də getdim onlarla. Hadruta çatanda xəbər gəldi ki, Şuşadan yaralılar gətiriləcək, burda onları gözləyin. Şuşaya gedən hərbçilərdən xahiş etdim ki, burda gözləyəcəyimizə sizinlə gedim. Beləliklə, 28 il sonra Şuşaya ayağım dəydi. 


Həm Hadrutdakı, həm də Şuşadan olan ağır yaralıları təcili yardımla Füzulidəki hospitala gətirdik.Qarışıq hisslər yaşayırdım. Həm yaralı gətirməyə gedirsən, şəhidlər var. Bunun üzüntüsünü yaşayırsan. Bir tərəfdən də 28 il sonra ilk dəfə Şuşaya, doğma torpağına ayaq basırsan. Sevincimin həddi-hüdudu yox idi. Bir-birinə zidd olan iki hissi - kədəri və sevinci bir arada yaşayırdım. Bilmirdim hara baxıb yaddaşıma həkk edəm, bilmirdim, o havanı ciyərlərimə necə çəkəm ki, həmişəlik məndə qalsın. Dördgöz olmuşdum. Ayağım yerdən kəsilmişdi. Qəribə olan odur ki, qorxu hissi yox idi heç kimdə. Raket də atırdılar. Amma qorxmurduq.


Şuşanın dağlarının gözəlliyi məni heyran eləmişdi. Gözümü çəkə bilmirdim. Necə gözəl yerlərdir... Sanki dağlar küsmüşdü bizdən. Baxanda onu hiss edirdim. Sanki bizdən soruşurdu: "28 ildir hardasınız?" Bizi boynu bükük qoymusunuz...


Müharibə başlayandan Şuşaya getməyi arzulayırdım. Mən tək getməmişdim Füzuliyə. Yanımda iş yoldaşım Ülviyyə Heybətova da var idi. Şuşaya isə mən getmişdim, o isə yox. Mənə dedi ki, sən daha ürəkdən istəmisən, ona görə də sənə qismət oldu.

 

Evdən çıxanda ailəmə qələbə çalmadan dönməyəcəyimi dedim. Elə də oldu. Qələbə xəbəri verilən gün döndüm Bakıya. Amma ağır yaralıları, şəhidləri görmək, hər səhəri şəhid anasının, ya da atasının ah-naləsiylə açmaq çox üzücüydü.


 

Bir gün bir nəfər gəlmişdi. Bibisi nəvəsini axtarırdı. Şəhidlərin arasında onu axtaranda öz oğlunu gördü. Oğlunun şəhid olmağından xəbərsiz idi. Cümlələrə sığdırmaqda çətinlik çəkirəm bunları.


Şuşaya ayaq basan ilk tibb bacısı olaraq sosial şəbəkələrdə fotomun yayıldığından Bakıya gələndən sonra xəbərim oldu. Düzünü desəm, bundan utanıram. Çünki bizim etdiyimiz dəryada damladır. Haqqında danışılması lazım olan qəhrəman igidlərimiz var. Şəhidləri, yaralı əsgərlərimizi tanıtmaq lazımdır. Onlar ola-ola məndən müsahibə almanız belə məni utandırır. Mən açıq qapıdan içəri keçmişəm, o qapını canı və qanı bahasına igidlərimiz açıb.


 

Bir şeyi də qeyd etmək istəyirəm. Sosial şəbəkələrdə yazırlar ki, ən sonuncu qarış torpağı əldə edənə qədər savaş olsun. Hər şey kənardan göründüyü kimi bəsit deyil. Mən də getmədən əvvəl o cür düşünürdüm. Getdim, gözlərimlə gördüm, hər şey o qədər sadə deyil. Ali baş komandan həqiqətən də vaxtında düzgün qərar verdi. Onun bir sözü var, çıxışında deyir ki, "Mən nəyi nə vaxt etmək lazım olduğunu çox yaxşı bilirəm”. Həqiqətən də elədir. Hər bir qərarını sona qədər dəstəkləyirəm. 


 

Şuşa alınan gün prezidentin çıxışına baxanda onun gözləri biz tibb işçilərinin gözləri ilə eyni idi. Yuxusuz, yorğun. O an biz onu çox yaxşı başa düşürdük.


Bütün çətinliklərə və qorxulara rəğmən Şuşaya getməyə dəyərdi. O hissləri yaşamağa dəyərdi. Mən bəlkə ana olanda bu qədər ülvi hisslər keçirməmişdim. Şuşaya ayaq basanda mənə elə gəldi ürəyim yerindən çıxıb kənarda döyünür. Eyforiyadaydım. Sanki ayağım yerə dəymirdi.


Ora getməsəydim, ömrüm boyunca özümü bağışlamazdım. Mütləq getməliydim. Orda olduğum üçün özümlə qürur duyuram. İlk dəfədir ki, özümlə qürur duyduğumu dilimə gətirirəm.


İnanmıram ki, orda gördüklərimi nə vaxtsa unudaram. Yaralıların baxışlarını, dostları şəhid olmuş əsgərlərin don qalmış üzlərini, bir nöqtəyə zillənmiş baxışlarını heç vaxt unutmaram.


Unutmamalıyıq, unutdurmamalıyıq.


 

O torpaqlara bundan sonra daha da möhkəm sarılmalıyıq. Çünki onun hər bir qarışında sözün həqiqi mənasında bir igidin qanı var. Gələcək nəsillərə də bunu çatdırmalıyıq. O torpaqlar qan tökülə-tökülə alındı...


Məni heyrətə gətirən ordakı əsgərlərin ruh halı idi. Bir qolunu itirib, deyir ki, nolsun, protezlə həll olunar, vətən sağ olsun! O sözlər elə belə sözlər deyildi. Adamın ürəyi dağa dönürdü. Eləsi var idi corabı ayağının ətinə yapışmışdı. Amma "həkim sarğı et, nə edirsənsə et, geri qayıtmalıyam" deyirdi. Həkim bu halda gedə bilməyəcəyini söyləyəndə israr edirdilər, getməliyəm deyirdilər. Bunları necə unutmaq olar?!


Mən 90-cı illərdə də Azərbaycan xalqının birliyini görmüşdüm. Amma Azərbaycan xalqının uşaqdan böyüyə bu dərəcədə bir olmasını təsəvvür etmirdim. Bu, çox qürurvericidir. Heydər Əliyevin "mən fəxr edirəm ki, azərbaycanlıyam” cümləsini orada anladım. Azərbaycanlı olmağımla fəxr etdim.


Bir xatirəmi də bölüşməsəm olmaz. Biz təcili yardım maşınıyla gedib gələndə Füzulidə yolun qırağında əlində bayraq tutan 10-11 yaşlı qız görürdük hər dəfə. Sonra öyrəndik ki, o qız səhər açılandan axşam düşənə qədər bayraq götürüb yolun qırağında durur. Təəssüf ki, şəklini çəkə bilmədim.


Mən bunları gördükcə anlayırdım ki, xalqımız yenilməyəcək. 20 gün cəbhədə oldum. Elə bilirəm 2-3 il vaxt keçib. Bir gün bir aya bərabər idi orada.

 

Ailəmə və ən əsası da həyat yoldaşıma təşəkkür edirəm. Üç övladım var. Yoxluğumu onlara hiss etdirmədilər. Ailəmdən könüllü getdiyimi gizlətmişdim. Çağırıldığımı demişdim. Evdən çıxanda yoldaşım dedi: "Könüllü getdiyini bilirəm. Yolun açıq olsun. Bu sənin qərarındır". Anam tez-tez zəng edirdi, nə zaman qayıdacağımı soruşurdu. Sonda ona dedim: "Şəhid olanların, yaralı əsgərlərin də anası, övladları var". Ondan sonra anam israrla nə vaxt dönəcəyimi soruşmadı. 


Şükür, qələbə çaldıq! Azərbaycan xalqını təbrik edirəm! Onu da qeyd edim ki, yararıları Füzuli Müalicə Diaqnostika Mərkəzinə gətirirdik. Başda Oktay həkim olmaqla orada mübarizə aparan bütün tibb heyətinə öz adımdan təşəkkür edirəm. Gecə-gündüz demədən çalışırdılar.


 

Ordan doğma yurdum Laçını görmək ümidilə ayrıldım. Ümid edirəm ki, tezliklə gedib o gözəl torpaqlarımızı hər birimiz görəcəyik.

 

Hazırladı: Xumar Hüseynova   

qadinkimi.az