Hər dəfə sosial şəbəkədə, efirdə yenə bir qadın baltalandı, başı kəsildi, öldürüldü, özünü asdı kimi tükürpədici xəbərlər yayınlananda – nə vaxta kimi və niyə sualları adamı dəli eləyir. Niyə? Nədi bunun səbəbi? Təbii ki, bir çoxu qadınların əxlaqsızlığı ilə bağlayacaq. Qadın pisdi, xəyanət eləyir, ərinə itaət eləmir....qadın, qadın, qadın... Olanların tək səbəbkarı qadındı...
Bunlar hamısı üzdə deyilən, olanları pərdələmək üçün bəhanədi. Yəni biz 21-ci əsrin havasını niyə hiss eləmirik? Qadın zorakılığı səngiməyənə kimi də hiss eləməyəcəyik. Bəşəriyyəti qadın güldürəcəkdi bəs? O boyda dahi Hüseyn Cavid yanılıbmış sən demə. Yox, bəşəriyyət qadını susdurmaqla məşğuldu hələ ki.. Bəşəriyyətin gülmək, sevinmək kimi bir dərdi yoxmuş...
Bütün olanları analız edəndə çox qəribə bir mənzərə yaranır. Sanki adi, sadə xalqın yaşadıqları tək onun öz problemidi, özü həll eləməlidi. Özü necə həll edir bəs? Qadın zorakılığa məruz qalır. Ata-ana deyir ki, o evdən meyitin çıxacaq, çıxır da, qalan qadınlar da bunlardan nəticə çıxardıb sadəcə zülmə tabe olub yaşayır, buna yaşamaq demək olarsa.
Əslində, mən hamının bildiyiklərini təkrar eləmək istəməzdim, amma məcburam. Davam edən bu zorakılığın qarşısını necə almaq olar və bu barədə kim düşünməlidi?
Ziyalılar, yazıçılar, sənətçilər? Məncə yazıçılar, sənətçilər az-çox bacardıqlarını eləyirlər, yazırlar, yollar göstərirlər. Sənət adamları sosial çarxlar çəkirlər. Amma birtərəfli işlə nəticəyə nail olmaq olmaz, mümükün deyil.
Aysel Əlizadənin son zamanlar işıq üzü görən "Qızlar ağlamaz ” kitabı çox gözəl nümunədi. Qızlarımıza nə qədər dəyərli məsləhətlər var bu kitabda. Hər bir kəsin evində olmalı, stolüstü kitabdı. Mütləq olmalıdı.
Nə gözəl yazıb: "Bütün münasibətlərdə qarşılıq önəmlidi. Xalq da dövləti qarşılıqsız sevə bilmir. Sevgi görməyəndə inqilab edib höküməti devirir. Kişi-qadın münasibəti də belədi. Qarşılıq olmayanda çevriliş edib devirirsən".
Mən bu sitatı gəlişi gözəldi deyə gətirmədim. Nə zaman bizim dövlət qurumları, görmədiyimiz ailə institutları həyəcan təbili çalacaqlar? Nə qədər susacaqlar? Deyəsən onlara da sərf edir. Zorakılıq olan kimi, hardasa bir qadın öldürülən kimi ona əxlaqsızlıq damğası vurub bununla da işlərini bitmiş sayacaqlar?
Lütfən, dayanın, tələsməyin. Hər şey bu qədər sadə, adi deyil. Bizim qadınlarımızın hamısına əxlaqsız damğası vurub aşağılaya bilməzsiniz. Niyə?
Çünki öldürülən qadınların böyük əksəriyyəti ailə-məişət zəmnində baş verən mübahisənin, el dili ilə desək, davanın qurbanı olur.
Rəhmətlik nənəmin çox gözəl bir sözü vardı, deyərdi ki, hər şey çoxluqdan olsa, DAVA yoxluqdan olar. Bəli, ailədə söz-söhbətlərin çoxu yoxsulluqdan baş verir. Kişi iş tapa bilmir, qazana bilmir, qadın ailəni idarə eləyə bilmir, uşaqlarına baxa bilmir, nəticədə psixoloji gərginlik nə vaxtsa gətirib sonu ölümlə nəticələnən davalara çıxardır. Demək, bu hadisələrin sosioloji tərəfləri daha çoxdu. Öldürülən qadınların neçəsi varlı, milyonçu ailəsindəndi deyə bilərsiniz?
Varlı kişilər qadınlara zorakılıq göstərmirlər demirəm, amma daha çox kasıb ailələrdə baş verir zorakılıq. Qadınların başını kəsən, asan, bıçaqlayan çoxluq yoxsul kişilərdi. Məncə, bu barədə düşünməyə dəyər.
Bir məqama toxunacam, vacib məqamdı. Hörmətli ombudsman Səbinə Əliyeva, insan hüquqları üzrə müvəkkil! Bəlkə siz də öz proqramınızla xalqı tanış eləyəsiniz. Axı siz çox vacib bir vəzifə daşıyırsınız. Bu işin məsuliyyəti sizi narahat edirmi? Yoxsa, cəbhənin o biri tərəfindəsiniz. Nədən məlum toy hadisəsindən sonra əlinizə düşən bu imkanlardan istifadə etmək istəmirsiniz? Axı imicinizi düzəltmək üçün böyük şans yaranıb. Bu iki gündə öldürülən qadınların taleyi ilə bağlı heç bir fikriniz yoxdu? Nədən ziyalı qadınlarımızla görüşlər keçirmirsiniz, dəyirmi masa ətrafında təbii ki, məsafə gözləməklə müzakirələr aparmırsınız? Bütün bu problemlərdən bəlkə bir çıxış yolu taparsınız, ya da tapmalısınız.
Xalqın taleyi sizi maraqlandırır? O vəzifəni sadəcə, elə-belə haqq etdiyinizi düşünürsünüz? İnanın ki, siz xalqa qarşı bir addım atsanız, o sizə qarşı on addım atacaq. Bizim insanlarımız müdrikdi. Bir də, lütfən, Siyavuş bəy millət vəkilliyini bir sənət hesab elədiyi kimi, siz də ombudsmanlığı sənət hesab etməyin. Bu, sənət deyil, vəzifədi, işdi. İşin isə məsuliyyətləri olur. Xalqın yanında olmaq sizin borcunuzdu. Amma biz sizi tanımırıq və nə etmək istədiyinizi də bilmirik. Bir ombudsman insan hüquqları üçün məsuliyyət daşıyır. Siz başlayın, Azərbaycan xanımları, ziyalıları əllərindən gələni edib bu işdə həm özlərinə, həm də sizə kömək edərlər. Biz artıq səhərlərimizi qadın qətli ilə açmaq istəmirik. Bu bizləri üzür. Bəs sizi?
Flora Hüseynova
qadinkimi.com