Ağzını əyə-əyə "qadın azaddı daa" deyib qadın hüquqlarından danışan hüquqçulara, feministlərə qarşı çıxanlar, onları bəzən təhqir edənlər hədsiz çoxdu.
Söhbətin nədən getdiyini heç anlamayanlar var.
Qadın istədiyi vaxt hava almağa çıxmaq istəyir.
Qadın cəmiyyətində layiqli post tutmaq istəyir.
Qadın evliliyi kişinin öhdəsinə buraxmaq istəmir.
Ailə qurmaq üçün kişidən təklif gözləyə-gözləyə üzülüb bitmək istəmir.
Yaşı bir az keçirsə, ailəsindən, çevrəsindən təpki almaq istəmir.
"Nə vaxt tərpənirsən” sualını eşitmək istəmir. Hər dəfə bu sual balta kimi başını yarır, beynini dağıdır. Travma dalınca travma alır. İstəmir!
Əsəbi xəstə olmaq istəmir.
Evlilik üçün "kişi tovlamaq” istəmir.
Kiminləsə yatağa girib sonra özünü istifadə edilmiş hiss etmək istəmir.
Qadın konstitusiyanın, təbiətin, elmin ona verdiyi azadlığı həyatında yaşamaq istəyir.
Döyülmək, aşağılanmaq, əzilmək istəmir.
İş dalınca gedəndə yataq təklifi almaq istəmir.
Geyiminə görə ölçülmək istəmir.
Cəmiyyətin əxlaq kodeksini bədənində gəzdirmək istəmir.
Hamı üçün yaşamaq istəmir.
Yaxınlarda bir xanım qızını nişanladığını dedi. "O qədər elçi gəlirdi, başımızı itirmişdik. Bu ailəni tanıyırıq, mən oğlanın anası ilə dil tapıram, yoldaşım razı olmadı filankəsin oğluna getsin, buna razı oldu və s.”
Nə qızın hissi söz qonusuydu, nə oğlanın sevgisi. 21-ci əsrdə bir ailə 20 yaşı olmayan qızına ər axtarır. Bir şadlıq sarayı tutacaqlar, günlərlə gic-gic söhbətlər olacaq, azı 400 adamı dolduracaqlar ora, vəssalam, qızdan qurtulacaqlar.
İnsanlıq dramıdı. Bir atanın qızını tanımadığı oğlana ərə verib, onu bir gecənin içində yad adamla yatağa girməyə məcbur etməsi rəzalətdi. Belə bir kişinin başqalarına ailə dəyərlərindən, namus-qeyrətdən danışması həyasızlıqdı. Bunlar yüzlərlə, minlərlədi.
Nəticəsi nədi bilirsiz?
İndi gördüyünüz cəmiyyət.
Yaxşı, uğurlu, sağlam cəmiyyət istəyirsizsə, özünüz də bu cəmiyyətdə könlünüzcə yaşamağı arzulayırsızsa, qadını rahat buraxın.
Qadın nə istəyir?
"Görəsən məni alarmı, görəsən anası-atası razı olarmı, görəsən camaat nə deyər” kimi suallarla əlləşməmək istəyir. İstədiyini geyinmək, istədiyi vaxt gəzməyə çıxmaq, istədiyi adamla yaşamaq, necə var elə olmaq istəyir.
Əslində, kişilər də bunu istəyir. Sadəcə, kişilər bunu gizlin edir, həyatındakı qadını incidərək edir, xəyanətlə, yalanla edir, hamını aldadaraq edir.
Qadın isə açıq yaşamaq istəyir. Yalansız, gizlinsiz, kimsəni incitmədən.
Ona görə də Freyd bu yerdə susdu...
Aysel Əlizadə
qadinkimi.com