Səhər yuxudan oyanmaq mənim üçün faciədir. Həmişə öz-özümə düşünmüşəm: görəsən, niyə bazar günləri tezdən və əsəbsiz yuxudan duran adam həftə içi çox işi olanda oyana bilmir? Araşdırıb, səbəbini tapdım. Alimlərə görə, insan oyanmaqdan yox, oyanandan sonra gün ərzində edəcəyi işlərdən, ona yüklənən məsuliyyətlərdən qorxur. Bazar günü heç bir məsuliyyət olmadığından, daha tez və əzabsız yerindən qalxa bilir. Məsuliyyətsiz olduğumdan, heç kim mənə həftə içi belə öhdəlik yükləyə bilmirdi. Universitetə istədiyim zaman gedir, həftələrlə dərsdən qalırdım. Ümumiyyətlə, hərəkət etməyi və aktiv həyat tərzini sevmirəm. Yeməyim, içməyim olsun, bütün günü oturub düşünərəm. Otağımdan çıxmağı xoşlamıram. Otağım mənim özəl ərazimdir. Orda heç bir qanun yoxdur. Otağımda müharibə yoxdur. Doğrudur, bəzən bomba partlamış kimi görünür, amma yığışdıranda əvvəlki halına qayıdır. Ən azından mənim otağımda "bomba partlayanda" kimsə özü seçmədiyi, bəlkə də heç xəbəri olmadığı milliyyətinə, dininə, irqinə və ya cinsinə görə ölmür, qan tökülmür. Bir dəfə narıncı koftam çəkməcəyə ilişib cırıldı. Onda özümü "narıncı inqilab"ı yatırmış kimi hiss etdim. Məyus oldum, çünki bu inqilab insanların ədalət tələbi idi. Elə bildim koftamın cırılması ilə ədaləti ortadan bölüb atdım. Amma həm də inqilabları sevmədiyim üçün böyük təəssüf hissi keçirə bilmədim. Koftanı bərpa etmək mümkün idi. Amma çöldəki müharibə və inqilablarda məhv olan, ölən, zədələnən insanları bərpa etmək olmur. Otağımdakı müharibənin çox da böyüdüləcək bir hadisə olmadığına qərar verdim. Arada "bomba partlayırdı". Bu bomba ən çox nəyisə hara qoyduğumu unutduğumda partlayır, həmin əşyanı tapanda isə törətdiyi fəlakətlərlə birlikdə o saniyə yoxa çıxırdı. Çöldəki müharibədə isə bir "BOMBA"nın fəlakətlərini tamamilə təmizləmək üçün illər, bəlkə də əsrlər keçməsi lazım olur... Həmin an həmin yerdə olmayan, hətta dünyaya gəlməyən bir insan belə o bombadan öz "nəsibini" ala bilir....Otağımdan çıxmağı sevmirəm. Burda öz dünyam var. Çöldəki dünyaya çıxanda mən əslində otağımda qalmış oluram. Otağımdakı mən, mənə əl edib, "hələlik, axşam görüşərik" - deyir. Mənsə onu orda qoyub otaqdan çıxmalı oluram.
Otağımdakı mən otaqdan çıxa bilmir. Əslində istəsə çıxar, amma insanlardan çox qorxur. Hətta mənə tapşırıb ki, onun orda olduğunu heç anama da deməyim. Yoxsa, tozsoranla onu yatağın altından sorub çıxara, zibilliyə ata bilər. Belə olmasını isə nə o, nə də mən istəyirik. Buna görə onun haqda heç kimə danışmıram. Otağımdan ayağımı çölə atan kimi dərin bir hüzn dolur qəlbimə. Kaş qəlbimi də otaqda qoyub, çıxa bilərdim. Otağımdakı mən, mənə tapşırıb ki, "çöldə hamı kimi davran". Fərqli davrananları insanlar sevmir. Hətta özü fərqli olan biri belə başqa fərqli birini görəndə əsəbləşir. Bu, qısqanclıqdan və insan eqosundan irəli gəlir. Hər bir cəmiyyətdə fərqli olan insanlar istəyirlər ki, tək fərqli olan, yenilikçi olan onlar olsunlar. Amma bir şey edə bilmirlər. Və nəsə edə bilən birini görəndə qəzəblənirlər. Hətta həmin fərqlilər adi insanlara qoşulub, başqalarını - nəyəsə nail ola biləcək fərqliləri öldürməyə çalışır. Birini öldürmək - bu, təkcə fizik prosses deyil. Birinə "sən bacarmadın, axmaqsan" desən, "onun həmin günü”nü, bu kimi mənfi sözləri hər zaman söyləsən, onun "ömrünü öldürmüş" olarsan. Yaşama sevincinin ölməsi, fiziki olaraq ölməkdən daha dəhşətlidir. Belə insanı nə basdırmaq, nə yandırmaq, nədə diriltmək olur. Yaşadığımız cəmiyyət belələrindən ibarətdir. Sənin də yaşama sevincini öldürməsinlər deyə, onu gizlətməlisən. Otağında"......
Otağımdakı "mən”in sözlərinə həmişə qulaq asıram. Əslində, şablon danışır, amma ən gözəl sözləri belə insanlar şablonlaşdırır. Otağımda olanda özümü tək nəfərlik bir ordu kimi hiss edirəm. Ora mənim özəlimdir və istədiyimi edə bilirəm. İstədiyim qədər düşünə bilirəm.
Amma ordan çıxandan sonra düşünməyə belə vaxtım olmur. İş, stress, insanlar, dava, müharibə..... Ən pisi sosial şəbəkələrdir. Arada orda linç "yeyən” insanlara baxıram. Və bəzən özüm də linç "yeyirəm”. Həmin an otağımdakı mən deyir: "İnsanlar kaş fərqli linç növü kəşf edərdilər. Kimisə öldürmüş biriylə, heç kimə ziyanı olmayan, özü üçün nəsə yazıb, gənc yazar olmağa çalışan birini eyni sözlərlə linç etmək nə qədər də qəddarcasınadır"! Mənsə onun nə qədər də sadəlövh olduğunu görürəm. Düşünürəm ki, "İnsanlar kaş, sadəcə öz işləriylə məşğul olardılar." Əri tərəfindən öldürülən qadına həmin an kömək etməyən qonşunun, sosial şəbəkədə o ailə haqda bir kəlmə belə yazmağa haqqı yoxdur. Linç olacaqsa, cəmiyyətə laqeyd olanlara qarşı olsun! Cinayətkarları da yaradan bu cəmiyyətin həmin üzvləridir. Yadımdadır, Amerikada gecə vaxtı bir qadın manyakın hücumuna məruz qalmışdı. Qışqırıb kömək istəyirdi. Hamı pəncərədən baxırdı, manyak qaçdı. Manyakın qaçdığını görən insanlar işıqları söndürüb evlərinə girdilər. Manyak heç kimin aşağı düşmədiyini görüb, yenidən qayıtdı. Qadına zərbə endirdi, qadın qışqırdı. Yenə adamlar balkondan baxdılar. Manyak qaçdı. Bu hadisə bir neçə dəfə təkrar olundu. Manyak anladı ki, qadına heç kim kömək etməyəcək. Hamı sadəcə hay-küyə görə pəncərədən baxır. Bəzisi maşınına nəsə olmasın deyə, bəzisi isə sadəcə marağa. Manyak gəlib qadını öldürüb qaçdı...
Çox qəribə və hüznlüdür. Sosial şəbəkədə "yardım mələyi" olan insanlar real həyatda "balkondan baxan amerikalılar" kimidirlər....Elə hamımız "balkondan baxan amerikalılarıq". Sadəcə baxmağı bacarırıq. Nəysə, otağımdakı mənin yanına qayıdım, çöl çox soyuqdur. Gedim, öz balkonsuz otağımda düşünüm...
Aysel Ələkbərzadə