BURA / ORA
İlaxır çərşənbə və inanclar Tarix : 18 Mart 2025, 12:27

Su falı


Axır çərşənbə günü, yaxud ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan - axar sudan "lal su” gətirilir. Su gətirməyə gedən qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə nəfər tərəfindən müşayiət oluna bilər). Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfindən pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Uğurlu halda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. İynə suyun dibinə çökərsə deməli su "lal su” deyil. 


Qapı pusma


Axır çərşənbə günü, qaş qaralandan sonra dayanıb qonşunun qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn ilk eşidilən sözlər "işığı yandır”, "yaxşı olacaq” və s. olarsa hər şeyin yaxşı olacağı güman edilir. Əksinə "söndü”, "viran qalsın” və s. kimi sözlər eşidəndə pis tərəfə yozulur. 


Bəxt xətti


Axır çərşənbə axşamı yatmazdan əvvəl bir yumurta, iki karandaş - qara və qırmızı karandaş qoyurlar. Səhər yumurtanın üstündə xətt olur (inanca görə yumurtaya Xıdır Nəbi xətt çəkir). Əgər xətt qırmızı karandaşla çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o xoşbəxt olacaq. Qara xətt çəkilibsə əksinə olacaq. 


Qismətində olan


Axır çərşənbə axşamı gec yatırlar. Yatmazdan qabaq, duzlu kökə yeyir, su içmirlər. Gecə yuxuda kökə yeyənə su verirlər. Həmin su verən adam yuxu görənin qismətidir. 


Niyyət yozma


Axır çərşənbədə otuzluq lampanın altına qıfıl bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər. Kim qapını açıb birinci evə girsə, onun birinci sözünü niyyətə görə yozurlar. 


Nişanlını görmə


Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yat. Gecə yarısı durub şam yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən. Güzgüyə yaxınlaşanda qorxsan niyyətin baş tutmaz. 



Neçə yaşında gəlin köçəcəksən? 


Axır çərşənbə gecəsi cavan qızlar bir qaba su tökürlər. Üzükləri çıxarıb saçlarına sürtürlər. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək o yaşda da gəlin köçəcəksən. 


Niyyət tutmaq


Novruzda axırıncı çərşənbə hərə ürəyində bir arzu tutur. Axşam üstü evdən bir açar götürüb, danışmadan yola düzəlir. Gəlib bir işlək yolun ayrıcında durur. Açarı sağ ayağının altına qoyub gözləyir. Yanından keçən adamın söylədiyi ilk sözü yozur. 


Çilə çıxarmaq


Novruzda axırıncı çərşənbı günü "iynə süzdürüb”, "çilə çıxarırlar”. Hamı deyib-gülüb şənlənir. Hər kim yatdı, onu yatdığı yerə tikirlər. Sonra da üstünə su töküb ayıldırlar. 



Mənbə: Novruz toplusu

Sayt üçün hazırladı: Günel Dəniz

Qadinkimi.com