Çin atalr sözləri və məsəlləri kitabından
Tarix : 26 Noyabr 2026, 13:13 Bizə məlum olan bir çox mədəniyyətlərdə olduğu kimi ənənəvi Çin mədəniyyətində də qadın kişidən asılı vəziyyətdə olub. Qadınlara ailədə əvvəlcə atalarına, sonra ərlərinə, axırda da oğullarına tabe olmaq öyrədilirdi. Onlar təhsil almaq və mülk sahibi olmaq kimi haqlara sahib deyildilər.
Mötəbər mövqe sahibi olmaq üçün yalnız ərə getməyə və ailənin nəslini artırmağa ümid etmək qalırdı. Ümumi olaraq götürsək, Çinin tarixində VII əsrin sonlarına yaxın imperatriçə Vu və XIX əsrin sonlarında imperatriçə dovager (ərindən miras qalan dul varlı qadınlara verilən titul) Tsisi kimi qadın hökmdarların olmasına rəğmən, qadınlar kişilərlə müqayisədə xor görülür və pis rəftara məruz qalırdılar.
Çin dilində qadın sözünü ifadə etmək üçün istifadə edilən işarələri (oxu: heroqliflər) araşdıranda Çin cəmiyyətində qadına olan münasibət haqqında fikir formalaşır. Belə işarələr arasında "tabeçilik”, "təkəbbür”, "qısqanclıq” mənası verənlər yer alır. "Sülh/sakitçlik”sözünü ifadə edən işarənin təsvirində dam altında qadın görürük. Bu da o deməkdir ki, qadının yeri evdir. Qadınların hərəkətini məhdudlaşdırmaq və evdən çıxmasının qarşısını almaq üçün hətta onların ayaqlarını əvvəl sındırıb, sonra da bərk-bərk sarıyırdılar və bu da pəncələrin deformasiya olmasına, inkişafdan qalmasına və nəticədə xırda görünməsinə səbəb olurdu. Getdikcə bu, bir ənənə halını aldı. Belə qadınlar kişilər arasında gözəl hesab edilirdi.
XX əsrin əvvəllərinə qədər çinli qadınların təxminən yarısı bu cür ayağı sarıqlı vəziyyətdə idi. Belə ayaqla onlarda yeriyəndə yırğalanma vərdişi yaranmışdı. 1949-cu ildə Çin Kommunist Partiyası (ÇKP) hakimiyyətə gələndə bütün bu işgəncələrə son qoyuldu. ÇKP-nin əsas prinsiplərindən biri qadınların hüquq bərabərliyi idi ki, bu da 1954-cü ildə Konstitusiyaya daxil edildi.
Qızlar da oğlanlarla bərabər təhsil almaq imkanlarına sahib oldular, qadınlara kişilərlə bərabər hüquq tanındı. Mao Tsedun deyirdi ki, kişilərlə çiyin-çiyinə işləyərək qadınlar "səmanın yarısını çiyinlərində saxlamalıdırlar” (bu ifadə qədim Çin məsəlindən qaynaqlanır və mənası "çiynini çox işin altına vermək”dir).
Əlbəttə, bu cür münasibət çox qadınların hakimiyyət orqanlarında müxtəlif vəzifələr tutmasına kömək etdi. Müasir Çində həkimlərin yarısı qadındır və qadın olmayan elə bir peşə yoxdur. Qadınlar bütün işlərdə var. Hərçənd əyalətlərdə - Çinin demək olar ki, tən yarısı əyalətlərdə məskunlaşıb – əvvəllər olduğu kimi yenə də oğlan uşaqları qızlardan üstün tutulur.
Əgər tarlada oğlu/oğulları ilə işləyirsə, bu, atanın qocalıqda qayğısına qalacaq kimsənin olması deməkdir.
"Bir uşaq siyasəti” əyalətlərdə yaşayan ailələrə birinci övladları qız olduğu təqdirdə həmişə digəri oğlan olar deyə ikinci uşaq sahibi olmağa imkan verib.
Aşağıda verilən atalar sözü və məsəllər qədim dövrlərdə qadınlara olan ənənəvi münasibətdən qaynaqlanaraq yaranmışdır.
1.Üç qadın bir yerə düşəndə, hay-küylü komediya olur.
(İzah: Qadınlar bir yerə düşəndə qızğın söhbət başlayır.)
2.Qadın olmaqdan qabaq qız on səkkiz dəfə dəyişir.
(İzah: Qızlar böyüyənə qədər sifətdən-sifətə düşürlər, hədsiz çox dəyişikliklərə məruz qalırlar, hətta çox vaxt deyirlər ki, bu dəyişikliklərin sonunda gözəl bir qadın yetişir.)
3.Qız böyüdüsə, onu daha evdə saxlamaq olmaz.
(İzah: Qız həddi-buluğa çatdısa, mütləq ərə vermək lazımdır, yoxsa bəla əskik olmaz.)
4.Ərə getmiş qız torpağa tökülən su kimidir.
(İzah: Qız ərə getdisə, o, artıq sənin deyil, getdiyi evə məxsusdur.)
5.Qadının saçı uzun ola bilər, amma biliyi (oxu: ağlı) qısadır.
6.Ağıllı kişi qadınla mübahisə etməz (oxu: ağız-ağıza verməz).
(İzah: Ona görə yox ki, qadınlar kişilərdən daha yaxşı danışır. Ona görə ki, qadınlar o qədər məntiqsiz danışırlar ki, onlarla mübahisə etmək mənasızdır və kişinin ləyaqətinə xələl gətirər.)
7.Eybəcər də olsa, qadın ərinin qohumlarını görməlidir.
(İzah: Nə olursa olsun, qaydalara tabe olmaq lazımdır, gec və ya tez qadın öz öhdəliyini yerinə yetirməlidir.)
8.Kişilər yanlış peşə seçməkdən qorxmalıdırlar, qadınlar isə yanlış ərə tuş gəlməkdən.
(İzah: Kişinin uğura gedən yolu düzgün seçdiyi peşədən keçir. Qadın isə ailəsindən başqa heç nə düşünməməlidir.)
9.Qadınlar səmanın yarısını çiyinlərində saxlaya bilərlər.
(İzah: Qadınlar da kişilərlə bərabər onların gördüyü işləri görməyə qadirdirlər və öz paylarına düşəni etmək üçün məsuliyyət daşıyırlar.
Bu, Mao Tsedunun tez-tez çıxışlarında təkrarlamağı sevdiyi sitat idi.)