SƏNƏT
Üzeyir bəyin bağışlamadığı Fatma Tarix : 21 Noyabr 2026, 10:02


Bakı küləyinin hərdən sığal çəkdiyi, hərdən dağıtdığı saçları da gözləri kimi kədərli olan bu qadını Bülbül adına musiqi məktəbinin qarşısında tez-tez görürdülər. Kimi onu tanıyır, kimi tanımırdı. O, bunun fərqində deyildi. Nigaran baxışları pillələri dolaşar, qapıya zillənərdi. Nəvəsini görmək həsrəti səpilərdi pillələrə. Bir vaxt özü də nəvəsi yaşda olmuşdu. Amma nənə-baba, nə də ata, ana sevgisi yaşamamışdı.

 

 

Çünki 1926-cı il iyunun 4-də Qubada anadan olan Fatma Yusif qızı Mehrəliyeva 3-4 yaşlarında anasını da itirir və xalası Əsməgülün himayəsində yaşayır. Uşaqlıqdan mahnı oxumağı sevən Fatmanın səsini qonum-qonşu, müəllimləri çox bəyənirdi. Gözəl səsi ilə məktəbdə sevilən 11 yaşlı Fatmanı məhz müəllimləri 1937-ci ildə Bakıda keçirilən müsiqi festifalına göndərir. Bu festivalda "Qubanın ağ alması” xalq mahnısı ilə çıxış edir. 11 yaşlı qızın ifası Üzeyir Hacıbəyovun diqqətini çəkir. Üzeyir bəy 1938-ci ildə 12 yaşlı Fatma Mehrəliyevanın Bakıya gəlməsinə nail olur və onu himayəsinə götürür. Qızın yaxşı təhsil alması üçün hər cür şərait yaradır.

 


Fatma Mehrəliyeva Bakıda 25 nomrəli məktəbdə orta təhsilini davam etdirir. Eyni zamanda müğənni kimi çıxışlar edir.

14 yaşında artıq Azərbaycan Dövlət filarmoniyasının nəzdindəki "Sazçı qızlar”ansamblında işləməyə başlayır.Elə həmin ildən filarmoniyanın solisti olur.

Fatma Mehrəliyevanın yeniyetməlik dövrü Böyük Vətən müharibəsinə təsadüf edir. Həmin illərdə də o, hərbiçilər üçün konsertlərdə əsasən Üzeyir bəyin bəstələri, vətənpərvərlik mövzusunda mahnılarla çıxış edir. Fatma xanım həmin dövrdə Səməd Vurğunun sözlərinə Üzeyir bəy Hacıbəyovun yazdığı "Şəfqət bacısı” mahnısının ilk ifaçısıdır.


Image of Dostlarını evindən qovdu, oğlu köhnə vaqonda səfil həyatı ... 


1945-ci ildə böyük Üzeyir bəyin Arşın mal alan operettası Film Bakı kinostudiyasında Rza Təhmasib və Leşşenko tərəfindən ekranlaşdırılır. Filmdə Fatma Mehrəliyevanın yaratdığı Telli obrazı tamaşaçılar tərəfindən sevilir və ona şöhrət gətirir. Şöhrətinin ayaq açıb qaçdığı bu dönəmdə ailə həyatı qurur.Həyat yoldaşı Ələddin Seyidov dünyasını dəyişdiyindən bu evlilik uzun sürmür. Sonrakı illərdə məşhur qarmon ifaçısı ilə sevgi yaşayır. Qeyri-rəsmi münasibətdən bir oğlu dünyaya gəlir. Məşhur ifaçı evli olduğundan bu sevgi hekayəsinin sonu ayrılıqla bitir. Fatma Mehrəliyevanın öz həyatına, istedadına belə münasibətini Üzeyir bəy ona bağışlamır. Bundan sarsılan Fatma övlad sevgisində və sənətində təskinlik tapır.

Bir daha heç bir filmdə rol almayan Fatma Mehrəliyeva yalnız 1981-ci ildə yazıçı Anarın ssenarisi əsasında çəkilən "Üzeyir ömrü” filmində arxiv kadrlarda yer alır.

Lirik-soprano səsli Fatma xanım muğamlarımızın, xalq mahnıları və təsniflərinmizin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanır.

Onun ifaları arasında "Kəsmə şikəstəsi”nin xüsusi yeri var. Musiqişünas alim, professor Ramiz Zöhrabovun"Zərbi muğamlar” kitabında "Kəsmə şikəstəsi”ni məhz Fatma xanımın ifasında nota köçürməsi də məhz buna görədir.

1956-cı ildə Azərbaycan SSR-nin Əməkdar artisti adına layiq görülür. İllər keçdikcə Fatma xanım laqeydlikdən əziyyət çəkir. Oğlu ilə də münasibətləri gərginləşir. Əsəbləri pozulur və müalicə almalı olur.

 

 


Yaxın qohumlarından olan Balaşirin Hacıməmmədovun sözlərinə görə Fatma xanım son dəfə 1987-ci ildə bir qohumunun toyunda iştirak edib.

1988-90-cı illərdəki hadisələr, Birinci Qarabağ savaşındakı məğlubiyyət xalqımıza ağrı-acı yaşatdı.Onsuz da yaşantılarından əsəbləri pozulan Fatma xanım diqqətsiz qaldığını düşünərək Qubadakı evlərinə gedir və heç kimlə əlaqə saxlamır.

sənətkar xanım nə uşaqlığında, nə qocalığında sevinə bilmir. Tənhalığa qapanır. Öz-özü ilə başbaşa qalır. Tənhalıqdanmı, elədiyi səhvlərin acı xatirəsindənmi əsəbləri daha da pozulur. Bakıya dönərək yenidən müalicə almalı olur. Müalicələr onun həyatını xilas edə bilmir.


 

Image of Fatma Mehrəliyeva - Bioqrafiya.com 

 

Çox ömrü olmayan xoşbəxtliyinin xatirələrinə sığınaraq yaşayan Fatma xanım Mehrəliyeva 2000-ci il yanvarın 4-də Bakıda vəfat etmişdir.

3 oğul və bir qız atası olan oğlu Qalib Mehrəliyevin oğul nəvələrindən biri onun adını daşıyır: Fatma Mehrəliyeva. Ancaq Fatma xanım təkcə nəticəsi yaşatmır. O, ifa etdiyi mahnılarda yaşayır və yaşayacaq.

 

 

 

 

 

 


 

 Kamalə Abiyeva, şair, publisist

Qadinkimi.az