HƏR ŞEY / HEÇ NƏ
Musa Yaqub: “İlahi, necə bayram edirdilər qələbəni...” Tarix : 15 Noyabr 2022, 13:00
Yazar : Qadinkimi.com

 

"Hər dəfə üstünə gedəndə elə bilirəm başdaşı ayağa qalxır” 

...Evimizin yanında əhəng düzəldirdilər. Əhəng sobasında səhərəcən daşlar yanırdı. Baxıb düşünürdüm...insan daşı da yandırır... Əhəng olunca o daş nələr çəkir...

...Aysel, kitab gətirmisən mənimçün?

- Bəli...

- Ay sağ ol.

(Kitabımı imzalayıb böyük şairə hədiyyə elədim...)

- Azərbaycanda mənəvi dəyər, milli dəyər, adətlər filan ki, deyirlər,  bunlardan hansı sizin üçün önəmlidi? Hansı milli dəyərimizi örnək verə bilərsiz?

- Böyüyə hörmət, ərk . Bir-birimizə ərk edə bilirik. Məsələn, bir dostunun, əzizinin evinə ərklə gedirsən. Başqa yerlərdə bir az fərqlidi. İcazə almalısan, "olar, olmaz?” soruşmalısan.

Məsələn, məktub yazmaq adətimiz vardı, çox yaxşı idi. İndi o yoxdu. Mesaj həmin ləzzəti vermir. O məktubu ki yazanda, oxuyanda ürəyin əsir, əlin titrəyir, onun əvəzi yoxdu.

- Çox məktub yazmısız?

- Yazmışam, amma daha çox bir xanıma yazmışam və daha çox şeirlə yazmışam. Yaxın olandan sonra da məktub yazmağın mənası yoxdu. Amma o yaxınlığa qədər bir həyəcanlı dövr olur, onu yaşamağın ləzzəti başqadı. 

- Vətəndaş nikahına necə baxırsız? Bir-birini sevən iki insanın bir yerdə yaşaması üçün mütləq sənəd olmalıdı, sizcə?

- Yox, amma o da bir vasitədi. Vətəndaş nikahının məzmununda elə bil əvvəldən sığorta var. Bəlkə boşandıq, bəlkə alınmadı kimi. Əvvəldən niyə ayrılıq haqqında fikirləşirsən? Fikirləşmirsənsə niyə rəsmən evlənmirsən? 

- Yazıçının siyasətlə məşğul olması ictimai qınağa səbəb olur. Deyirlər ki, yazıçı, şair parlamentdə təmsil olunursa, hər hansısa bir problemi mütləq səsləndirməlidi.  Elə bir cəmiyyət yoxdu axı orda qüsur, çatışmazlıq olmasın. Səsini çıxarmırsa, parlamentdə nə gəzir?

- O vaxtı bir şeir yazmışdım:

Üstümə nə qarmaq atırsan, bala

Yaxama ilişən neçə qıra var.

Lap belə gül kimi siyasət ola

Onda da bir hiylə, bir iftira var.

Siyasətdə sünilik, istəmədiyin işlərə məcburiyyət, rəqabət var. Ədəbiyyatsa səmimidi. Ona görə də siyasət şairin, yazıçının işi deyil. Danışmağa gəldikdə, şair qələmi əlindən qoyduğu vaxt hamı kimi bir vətəndaşdı. Əgər onun vətəndaş kimi mövqeyi varsa parlamentdə də danışacaq, başqa yerdə də. Qorxaqdısa, sözünü deyə bilmirsə, nə insan kimi, nə şair kimi dinməyəcək. Cəsarətsiz şairlər də çoxdu. Məsələn, mən parlamentdə uzun müddət otura bilərdim, oturmadım. Gördüm ki, mənim yerim deyil.

(Fikrini bitirib ofisiantı çağırdı. Fotoqrafımıza dedi ki, oğlum, aparatı apar at, gəl otur yemək ye, dincəl bir az. Qəribə şeydi… Artıq neçənci şair, yazıçı qəhrəmanım özünü qonaq olmağa qoymur, çalışır biz qonaq olaq)  

Bu gün bir şey fikirləşmişəm, qəribədi. Bizdə Şahdağ qoruğu var, təzə salınıb. Bir tərəfi Babadağ adlanır. İsmayıllıdan uzanır Qəbələyə, Xaçmaza, Qubaya qədər. Hər tərəfə şaxələnmiş bir qoruqdu.  Mən istərdim təkcə İsmayıllı tərəfi yox, elə ümumilikdə adı "Babadağ” olsun. Amma olmadı. Necə deyərlər, babanın sözü keçmədi, şahın sözü keçdi.  

- Amma deyirsiz bizdə böyüyə hörmət var? Görürsüz, babaya hörmət qoyan olmadı.

- Vəzifə olan yerdə hörmət yaddan çıxır. Bizim bir yazıçımız var, ona deyildi ki, bura bax, "xalq cəbhəsi” desəydi uzan yerə, uzanardın-filan. Bu sözü misal üçün mən götürmərəm, amma o, götürdü. Fikirləşdi ki, zorla gəlib çıxmışam bir yerə və dinmədi.

İndi vəzifə bizi palaz eləyib, qızım, ayaqaltı eləyib. Hər şeyi vəzifəylə əldə edən adam əlbəttə ki, ondan bərk-bərk yapışacaq. Bilir ki, vəzifəsi olmasa heç kimdi.

- Musa müəllim, bəlkə cəmiyyətdə vəzifəsi olan adama xüsusi münasibət var deyə adamlar belə həvəslidilər kürsüyə? Kimliyin yox, nəçiliyin sayğıyla qarşılanır, bəlkə ona görə...

- Əlbəttə. Sovet vəzifəsi başqa idi. Hər şeyi həll eləmirdi. Təkcə vəzifən yox, kimliyin də önəmli idi. İndi ancaq oturduğun kresloya hörmət edirlər.

Bir şeir var idi: "Bu mənəm, mən deyiləm?” Vəzifədən sonra hamı gəlir adamla görüşür, qulluğunda durur. Hamı salam verir. Əvvəl belə deyildi amma. Öz-özünə fikirləşir: Ay Allah, görəsən bu mənəm?

Adamlar qarşılarında əyilənləri görməkdən xoşlanırlar.

İndiki vəzifə qazancdı, dolanacaqdı, acgözlükdü, villalardı,  iş deyil, məsuliyyət deyil.

- Niyə Leninə, partiyaya, Moskvaya şeir yazmamısız?

- Ağlıma gəlməyib. Elə bilirəm ən yaxşı şeirlərimi elə 90-cı ilə qədər yazmışam. Özüm də az-çox büro üzvü idim, partiya da vardı, komsomol da. Redaktor idim, o da vəzifə sayılırdı. Amma heç düşünməmişəm ki, partiya şeirləri yazım. Ağlıma, ilhamıma uyğun olmayıb. Lovğalanmaq üçün demirəm, mənim mövzum olmayıb sadəcə. İndi yazanlar yoxdu guya? O gün əlimə bir kitab keçib, adam bir kitablıq vəsf yazıb. İndi yazıb da, neyniyək, o da belə adamdı.

- Gec bildiyiniz nədi?

- Gec bildiyim?... hə... gec bildiyim çox şeylər var...elə adamlar var, onların qulluğunda durmuşam, onları sevmişəm, etibar eləmişəm və gec bilmişəm ki, dəyməzmiş... Amma ən gözəl iş odu ki, elədiyin yaxşılığın dalınca baxmayasan. Baxanda səni sıxır. Borc gözləməyəsən gərək. Bu, adamın özünü incidə bilər.  

- Kıbrısa şeir yazmaq ehtiyacı nədən yarandı?

- Kıbrıs dənizin içindədi. Millətlər vuruşmasında türklərə elə zülm ediblər... dənizdə batırıblar, nələr olub, nələr baş verib... Bir ailəyə getdik orda. Dəhşətli şeylər danışdılar. Ermənilər Qarabağda nə edibsə onlara da eyni şeylər edilib. Amma bizi qorumadılar, onları qorudular. Şükür ki, Ecevit kimi mərd bir kişi baş nazir olub. Bir gecənin içində  başılovlu köməyə gəliblər. Qələbənin 25 illiyini qeyd edirdilər biz orda olanda.  Gördüm ki, bu millət... İlahi, necə bayram edirdilər qələbəni. Gözlərimdən yaş axdı.

- Musa müəllim, geyim-keçimin sizinçün nə qədər önəmi var?

- Heç bir. Adam var, kiminsə evinə gedəndə xalçasından mebelinə kimi baxır görsün necədi. Bu mənada mənim üçün bər-bəzəyin heç bir əhəmiyyəti yoxdu.

- Kim geyim alır sizə?

- Özüm alıram. Bir də qızım Səhər göndərir. İnnsbruqda yaşayır, bir də görürsən ordan nəsə alıb göndərib.

Biz şair qızı Səhər xanımla arada yazışırıq facebook-da. Müsahibəni hazırlayanda Səhər xanıma atası ilə bağlı suallar yazdım. Mayın 10-da Musa Yaqubun doğum günüdü. İstədim Səhər xanım uzaqlardan atasına ürək sözlərini desin.

- Salam, Səhər xanım. Musa hocanın doğum gününə hazır etmək istəyirəm müsahibəni.  Sizə suallarım var. Sizcə Musa müəllim doğum günündə hansı hədiyyəni alsa sevinər?  Atanızın sevdiyiniz cəhəti nədi? Onunla bağlı ürəyinizdə qalan , gizlin bir nigaranlıq və ya ona demədiyiniz söz varmı?

- Salam Aysel xanım, suallarınıza sevə-sevə cavab yazıram.

1968-ci ildən tanıyıram atamı...eyni həyətdə, eyni evdə doğulduq... biz dəyişdik, amma o heç dəyişmədi...
 

1973-cü ildə atamın işi ilə bağlı Bakıya köçməli olduq. 5 yaşım var idi... Kənddən, Anadan (nənəmizə ana deyirdik) kəndçilərimizdən uzaq düşdük. Kənddən Bakıya gedən yol elə uzaq gəldi ki mənə, elə bildim bir daha nə kəndçilərimiz Bakıya gələ bilər, nə də mən kəndə gedə bilərəm... İlahi necə darıxdım...
 

Əşyalarımızı atamın kirayə tutduğu evin qarşısına tökdülər... İlk dəfə qürbətin iyini o həyətdə, özünü isə Atamın gözlərində görüb qorxmuşam... Bu gün ondan, Buynuzdan neçə min kilometrlərlə uzaqda Avstriyanın İnnsbruq şəhərindən, qürbətin özündən atama "Salam, kəndçi oğlu, doğum günün mübarək!!!” deyirəm... İstəyirəm bilsin ki, həmin gün heç kəs mənim kimi kövrələ bilməz... Atam pafoslu, özündən böyük sözləri sevmir. Məncə bir dəstə bənövşə, ya nərgiz gülü... həə, bir də mənim uzaqdan gələn təbrikim ona bəs edər.

Ona demədiyim sözüm?
Biz uşaq olanda atam bacıma, qardaşıma şeir yazmışdı, amma mənə yox... Həmişə deyirdim ki, onlara yazmısan, mənə də yaz da... Heç nə demirdi, gülürdü... O şeiri çox gözlədim...
Gözlədiyim o şeir heç yazılmadı... amma bu gün hansı şeirini oxuyuram, görürəm ki, sən demə Atam elə bütün şeirlərini mənə yazıbmış....
Nigaranlığa qalanda...
İki il bundan qabaq evimizi ev edən, bir Musa Yaqubu beş edən Anamızı itirdik... ilk dəfə ayrılığı bu qədər yaxından tanıdıq... Ailəcə yetim qaldıq....
Atam çox möhkəm adamdı. Övladları, nəvələri, sözün əsil mənasında yaxşı dostları, Buynuzu, buynuzçuları, eyvanından dağdağanının altına yol alan körpüsü var...
Şair kimi Musa Yaqub doğrudan da böyük şairdi. Düşməni dosta çevirən, adamı tam mənada adam edən ölümsüz şeirləri var...


Mən bu gün Musa Yaqubdan yox, onu tanımayanlardan, onu oxumayanlardan nigaranam. Musa Yaqubun bu şeirini göndərirəm oxuculara.

- Bu gözəl dünyamız insafa qalsa
Ürəkdə məhəbbət ayağa qalxsa
Ürəkdə ülviyyət ayağa qalxsa
Bəlkə bir bənövşə kövrəkliyiylə,
Nə bilim, bir çəmən çiçəkliyiylə
Bir gül baxısıyla, yarpaq diliylə
Mehr olsa, vallah bir uşaq əliylə
Dünyanı idarə eləmək olar....

- Sevdiyiniz Azərbaycan şairi kimdi? Azərbaycan ədəbiyyatında bircə şairin adını çəkməli olsanız, kimi deyərsiz?

- Çox sevdiyim Azərbaycan şairi Məmməd Arazdı. Səməd Vurğun isə bizi poeziyanın qanadına alıb.

- Səməd Vurğun haqda Sərdar Cəlaloğlunun dedikləri haqsızlıqdı?

- Əlbəttə.

- Yalandı?

- Yalan deyil. Amma deyirsə hamısını desin. Səməd Vurğun Sovet dövründə poeziya haqqında fikir deyən, çıxış edən birinci adam olub. Zarafat deyil, SSRİ Yazıçılar İttifaqının qurultayında baş məruzəçi olub. Londona o gedib təmsil edib SSRİ ədəbiyyatını.

- Deyir, rejimə xidmət elədiyi üçün ona şərait yaradıblar.

- Adama deyərlər sən kimə xidmət eləyirsən? Onda bir xidmət vardı, edən edirdi, etməyən etmirdi. İndi min xidmət var. Cəlaloğlu ilə biz yaxınıq , amma adam nəsə deyirsə onda hamısını deməlidi. Şairə sataşmayaq. Çox adam var və çox şey demək olar.

- Kimlə yaşayırsız?

- Oğlum, gəlinim, nəvəmlə. 

- Xanımınızı itirmisiz...

- Hə, itirmişəm. Üçüncü ilə gedir. Ən əziyyətli işim bu olub.

- Hansı daha çətin olub, onu itirmək, yoxsa ondan sonra yaşamaq?..

- İkisi də. 46 il bir yerdə yaşayıb sonra sevdiyini itirmək çox ağırdı. Bizim evimiz həmişə qonaqlı-qaralı olub, gəlib-gedən çox olub. Bütün əziyyətini o çəkib. Mən bir dəfə onun üzünün qırışığını görməmişəm. Bütün dostlarım bunu deyir. Biz şit məhəbbətlə məşğul deyildik. Onun məzarı üstünə gedəndə elə bilirəm başdaşı ayağa qalxır. Elə bilirəm o, sonuncu borcunu vermək üçün mənim hüzurumda ayağa durmaq istəyir. Elə bilirəm torpaq titrəyir. Deyirəm, sənin məzarının üstünə gəlməyəcəm daha, narahat olma təki, narahat olma. Biz bir-birimizə çox hörmət eləmişik. Bizim aramızda, münasibətimizdə heç kəsin bilmədiyi əlamətlər vardı. Sevgi bir az əfsanəyə oxşayır. Onunla əfsanəmiz az olub, həqiqətimiz çox.

- Qadına bəzək verən nədi, Musa müəllim?

- Ancaq ağlı. Gözəl olsa daha yaxşıdı.

- Yalnız şairlər sevir gözəl qadınları, yoxsa elə bütün kişilər?

- Şairlər iki dəfə sevir. Bir yazmaq üçün, bir də bəsləmək üçün. O biri adamlar bir dəfə sevir. Bayaq dəyər soruşurduz, məsələn var-dövlətə, rahat yaşayışa, əyləncəyə min cür vasitənin, ucuz, asan yolların olduğu bir dövrdə gözəl bir xanımın ədəbiyyatla məşğul olması, vaxtını yaşlı Musa Yaquba ayırması dəyər deyilsə, nədi? Biz hərdən küsürük, inciyirik, deyirik əşi sənət nədi, ədəbiyyat nədi? Sonra görürsən ki, sənətsiz yaşamaq olmur. Cəsarətli, əqidəsi, əxlaqı olan, ləyaqətli cavanlar bizi sevindirir. Fikirləşirsən ki, bu cavanlara ölkəni, mədəniyyəti əmanət eləmək olar. Mən eyni zamanda "Nida”çıları da bəyənirəm, vaxtını, enerjisini ədəbiyyata sərf edən gəncləri də.

- Ədəbi prosesi izləyirsiz?

- Hamısını.

- İnternetlə?

- Qəzetləri, jurnalları izləyirəm. İnterneti çox izləyə bilmirəm. Gəlib gedirəm, soruşuram, maraqlanıram. Yaxşıyla pis bir-birinə çox qarışıb. Ayırd eləmək olmur.

- Təzə yazdığınız şeir varsa, bir bənd söyləyin də bizə, lütfən.

-  Daha izim qalmaz çaylaq daşında

   Sel gəlsə üstündən daş atar məni

   O köhnə dərdlərim bağrım başında

   Sızlaya-sızlaya yaşadar məni

   Mən daha xatirə çözələmirəm

   Köhnə dərdlərimi təzələmirəm.
 

Mənbə: lent.az

Hazırladı: Aysel Əlizadə