20 noyabr - bayramlar təqvimində belə absurd bir bayramın qeyd edilməsi haqqında məlumat var.
Mahiyyəti sönük keçən həyatınızı, gününüzü, vaxtınızı cəfəng, amma ziyansız işlər görməklə rövnəqləndirməkdən ibarətdir. Bu gün sizə ətrafınıza zərər vermədən, kiminsə xətrinə dəymədən istənilən ağılsız şıltaqlığı etmək olarmış. Adət və normalara qanunları pozmadan məzəli formada yanaşa bilərsiniz. Danışığınızda etikadan kənara çıxmadan gülməli, yaxud qeyri-adi, təəccübə səbəb olan ifadələr işlədə, fikirlər söyləyə bilərsiniz.
Məsələn, saçlarınızı çəhrayı və ya mavi, yaxud yaşıl rəngə boyaya, səkidə və ya şəhərin park və meydanlarında yumurta ilə jonqlyorluq edə, mayallaq aşa, camaatın diqqətini cəlb etmək üçün rabitəsiz sözlərlə onların qarşısında nitq söyləyə, çaynikdə su qaynadıb, çaydanda çay dəmləyə, şalvar və ya yubkanızı tərsinə geyinə bilərsiniz. İdeyalar çoxdur. Məqsəd bacardığınız qədər absurd görünə bilməkdir.
Bu bayram ilk dəfə danimarkalı bir filosofun düşüncələrində yaranmışdır. Hər şey Kierkeqaard adlı bu filosofun mənasız kainatda insanlar üçün məna axtarışına çıxmağından sonra başladı. Müəyyən müddət keçdikdən sonra onun bu fəlsəfi ideyası Avropa və Şimali Amerika teatrlarına da nüfuz etdi, ədəbiyyatda və incəsənətdə absurdizm və sürrealizm kimi cərəyanların yaranmasına gətirib çıxartdı. Məhz 20 noyabr günü insanlar əxlaqa zidd olmamaq şərtilə istədikləri qədər azad davranış nümayiş etdirə və qaydaları poza bilərlər.
Bunları yaza-yaza düşünürəm ki, biz necə də xoşbəxt bir toplumuq. Çünki məmləkətimizin hər bir sahəsində hər gün baş verən müxtəlif növ cəfəngiyyatın şahidi oluruq. Fəxr edirəm ki, biz bu əndərəbadi cəfəngiyyat gününü o kafirlər kimi ildə bir dəfə yox, ilin 365 günü qeyd edirik. Təhsilimizdə, səhiyyəmizdə, KİV-də və adlarını çəkmədiyim bütün digər sahələrdə hökm sürən absurdluq gününüzü təbrik edirəm.
Bayramınız mübarək, əziz dostlar.
Aygün Əziz, publisist, tərcüməçi
Qadinkimi.az