Milli memarlıq abidələrimiz toxunulmazdır
Tarix : 26 Noyabr 2026, 10:32 Milli memarlıq abidələrimizə xələl gətirmək cinayətdir… 2026-cı il aprel ayının ilk günlərində Bakımızın lap mərkəzində-dahi Nizami Gəncəvinin adını daşıyan Kino Mərkəzinin - milli sərvətimiz sayılan mədəniyyət ocağının divarlarına bir dəstə gənc tərəfindən qraffiti adı ilə cızma-qaralar çəkildi … Bəli, aprelin 1-dən 2-nə keçən gecə (həm də gecə!!!) cəmiyyətin qəbul etmədiyi, soydaşlarımızın qınağına tuş gələn bir hərəkət baş verdi, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi müdaxiləyə məruz qaldı. Milli mədəniyyətimizin təkrarsız nümunəsi olan tarixi binanın divarları eybəcər, mənasız cızma-qaralarla çirkləndirildi… Bu çirklənmənin baş verməsinin mayasında gənclərin valideynlərinin məsuliyyətsizliyi də durur… Halbuki Dövlətimiz qoruyub qayğısına qaldığı Azərbaycan gəncinin şərəfinə məhz 02 fevral tarixini özəmli bir bayram - Gənclər günü kimi qeyd olunmasını vacib sayıb, bu bayram mədəniyyət tariximizdə yer alıb. Mühüm vəzifələrə bir çox gəncimiz təyinat alıb, aralarından dünya miqyaslı idmançıların yetişməsi üçün imkanlar yaradılıb, Olimpiya kompleksləri inşa edilib... Lakin bunca dəyərli addımları qiymətləndirməkdən uzaq olan, görməzdən gələn bir dəstə gəncin graffiti adına cızma-qaraya əl atması təəssüf doğurur.
Bu addım onlara uğur gətirmədi, heç üzlərini ağ da eləmədi, əksinə, bu gənclərin qraffiti çəkmək həvəsi milli dəyərlərimizə qarşı vandal hərəkət - vandalizm aktı kimi pisləndi. Hətta bu yaramazlığı törədənlərin cəzalandırılmasının lazım gəldiyini də aydınlarımız, məsələyə münasibət bildirən soydaşlarımız da dilə gətirdilər.Çünki cəzasızlıq yeni bir vandalizm aktının törədilməsinə rəvac verir.
Düşünürəm ki, aralarında qızların da olduğu qraffiti cızma-qaraçıları unudublar ki, divar və qayalarda şəkil və yazıların əks olunması-qraffiti sənəti qədim Misirdə yaranıb, amma o qədər də geniş yayılmayıb. Qraffiti qədim sənət növüdür, bəli, amma hər şeydən öncə, bu adla çəkilən şəkil və yazıların bir anlamı, insanları düşündürən mənası olmalıdır. Məsələn, İkinci Dünya mühari¬bəsinin əvvəlində-1940-cı illərdə Almaniyanı iki hissəyə-Şərqi və Qərbi Almaniyaya bölən Berlin divarının hər iki tərəfinin boyalarla rənglənib müxtəlif yazılarla bəzədilməsi bir ölkənin, almanlar üçünsə Vətənin iki yerə bölünməsinə xalqın etirazını ifadə edirdi.
Bir haşiyə çıxaq: Fransanın paytaxtı Paris şəhərindəki məşhur "Paris Notterdam kilsəsi”ni hər kəs yaxşı xatırlayır. Kilsənin yerləşdiyi küçədəki binaların üzərini ağartmaq-restavrasiya etmək istəyən Şəhər meriyasının əməlinə qarşı xalq bir nəfər kimi ayağa qalxaraq küçələrə axışmış və: "Buna heç vəchlə yol vermək olmaz, çünki bu divarlarda böyük Viktor Hüqonun əl izləri var!” demiş, bu işə qol qoymamışdır. Bizim dırnaqarası qraffitiçilər isə dahi Nizaminin adını daşıyan, yüzlərlə filmin nümayiş olunduğu, müxtəlif yönlü saysız-hesabsız beynəlxalq tədbirlərin gerçəkləşdiyi tarixi binanın divarlarını qazıb korlayır, anlamsız şəkil və yazılarla eybəcər hala salırlar... Bu kimi hərəkətlər yolverilməzdir və hər bir vətəndaşımız tərəfindən qınanmalıdır...
Esmira Fuad, Əbədi Turan Kitab Fondunu rəhbəri Qadinkimi.az