Heç kim sən olmadı Aygün Bəylər-Hümmətova
Tarix : 18 Noyabr 2026, 20:46
Bir gün zəng gəldi: Aygün Bəylərin xatirə gecəsini keçirəcəyik BMM-də. Sizi də orda görmək istərdik”.
Sevindim. Heç tərəddüt etmədən "Mütləq gələcəm. Təşəkkür edirəm Aygün xanıma xatirə gecəsi keçirdiyinizüçün” dedim A. Səfərova. Xatirə gecəsinə bir ağrıyla, amma sevə-sevə getdim. O, mənim üçün əziz idi. Bütün təbiəti, hərəkətləri, danışığı, geyim tərzi ilə əziz idi. Çünki çox təbii, çox səmimi idi. Səsin zirvəsindəydi. Sənətin zirvəsi idi. Ona görə də gündəmdə qalmaq üçün sənətdən başqa əlavə nəyə isə ehtiyacı yox idi. Ədalı duruşa, baxışa, yersiz əzilib-büzülmələrə ehtiyacı yox idi. Istedadına arxayın idi. Əmin idi.
Aygünsevərlər gəlmişdi. Gözüm sənət
adamlarını, ifaçıları axtardı. Zalda
kimsəni görmədim. Onların yeri boşdu....Adlarını bilmirəm. Əvvəl öyrənmək istədim, sonra fikrimdən daşındım. Niyə
yazım ki? Aygünün xatirə gecəsinin olmasından xəbərsiz kimi davranan, şəxsən dəvət
alsalar da gəlməyənlər guya bu yazını oxuyacaqlar? Yəqin bilirlər ki, Aygünün
xatirə gecəsində iştirak etmək üçün böyük olmalısan sənətinlə. Xalq artisti Həmidə Ömərova, Əməkdar
akrisamız Nəcibə Hüseynova, yazıçı, şair, publisist Aysel Əlizadənin xatirələri
maraqla qarşılandı.
Sevimli İlqar Muradov, Nazim Pişyari, Mirələm Mirələmov. Murad Laçın, Məzahir Fikrətoğlu onun xatirəsini əziz tutdu.
Xatirə
gecəsinin aparıcısı dəyərli Saleh Bağırovun Aygün xanıma sevgi və hörmətini
hiss etməmək də mümkünsüz idi.
Mən tədbirin keçirilməsinə dəstək verən
BMM-nin direktoru Sahib Paşazadəyə, bütün kollektivə, bu işdə böyük zəhməti
olan redaktor Validə xanım Kazımovaya bir daha təşəkkür etmək istədim bu yazımla.
Tədbir bundan sonra Zümrüd Aygün kimi dinləyəcəyimiz Zümrüd Hümmətovanın çıxışı ilə başa çatdı.
Alqışlarla başlayan, alqışlarla davam edən xatirə gecəsi alqışlarla bitdi. Mənim həyəcanım, təəssüfüm bitmədi... Aygünün var-dövləti qalmadı, bir vəzifəli yaxını yoxdu. Ona görəmi ötən il 50 illiyi bəzi verilişlərdə xatırlandı? Xatirə gecəsinə sənət yoldaşları gəlmədi?..
Aygün olduğu zirvəyə özü çıxmışdı. Ayağının altında sənətindən-səsindən başqa heç nə yox idi. Amma sağlığında da adları sənətindən çox olanlar kimi bahalı doğum günləri keçirə bilməyib. Niyə? Nədən? Doğurdanmı, sənətin ölçü meyarı qohumluq, əlaqələr, vəzifə, pul olub? İnanmaq istəmirsən. Özünü sənət dünyasında hesab edənlərin bu düşüncəsinə inanmaq istəmirsən. Biz isə onu o sadə, fərqli geyimi, danışığı, duruşu ilə sevdik.
Və onun İbrahim Tatlısəsi heyran etməsini xatırladım. Və məşhur türk müğənnisi Sibel Canın konsertində səs-istedad axtarmasını xatırladım. Qarşısına kimsə çıxa bilmədi. Oxuyan oldu, amma... Zəng vurub Aygün Hümmətovanı çağırmışdılar. Sənəti ilə heyrət yaradan Aygünü. O çəkilişlər var. Baxdıqca baxıram. Sibel Can, onunla olan musiqiçilər heyrətlə baxırdılar. Səs yazılarını, disklərini istədilər. "Nadir səs. Azərbaycanda tək səs” kimi ifadələrin təkrar-təkrar səsləndiyini çoxumuz eşitdik. Aygünün təbii sevinci adamı kövrəldirdi. Özünün heç də Sibel Candan istedadsız olmadığını düşünmürdü. Öz oxuyanlarımız deyə bilmir axı.. Onun özündən sonra da həmişə yaşayacaq sənətindən də ehtiyat edirlər məncə. Çünki çoxu özüylə birgə aparacaq geyim-keçimini də, adlarını da, səsini də...
O isə yaşayacaq. Hər kəs özündən sonra qalanlar qədərdi.
Aygün cismən ayrılığıyla yenidən doğuldu.
Böyüdü, böyüdü, daha böyük oldu. Daha da çox oldu.
Və Aygünə dedim ki:
AYGÜN HÜMMƏTOVAYA
Heç nə aparmır adam bu dünyadan.
Nəyi varsa qalır bu dünyada.
Hər kəs özündən sonra qalanlar qədərdi,
Yoxsa ki ömür hədərdi.
Kimsə bir vaxt səhv edib,
"Əvəzsizlər yoxdu” deyib.
Səndən sonra heç inanmadım.
Yerinə kimsəni tapmadım.
Heç kim sən olmadı.
Sən özündən sonra da böyüdün.
Ürək-ürək sevgi tək.
Öz zirvəndəsən
səsin, sənətin zirvəsisən.
Sevgi var-dövlətlə alınmır.
ən gözəl duyğular satılmır.
Özü var-dövlət olanları alıb-satmaq olmur.
Kimsə özüylə birgə yox olur,
Kimsə hər gün yenidən doğulur bu dünyada.
Səsindən doğulan adam.
Sən Ayımız- günümüz oldun.
əbədi Aygünümüz oldun.
Kamalə Abiyeva, şair
Qadinkimi.az