UŞAQ / BÖYÜK
MƏKTƏB İNDİ CƏMİYYƏTİN ƏN NEQATİV YERİDİR Tarix : 21 Dekabr 2022, 16:14
MƏKTƏBİ BİTİRİB GEDİR O UŞAQLAR, AMMA AĞRILARI BİZDƏ QALIR.
MƏKTƏB İNDİ CƏMİYYƏTİN ƏN NEQATİV YERİDİR....

Hərdən düşünürəm ki, görəsən, niyə çoxdan başlamadım bu körpələrin rəsmini çəkməyə? Axı onlar həmişə gözümün önündə olublar... İnsan xislətindəki qəribəlikdən biri də budur: gözünün önündəkinə baxmaz, görmək istədiyinə boylanar. Amma onlar gözümə girirlər artıq...

Dünəndən beynimdə dolaşır bu düşüncələr, amma fiziki gücüm tükəndiyindən nə qədər gözardı etdimsə, qulaqardına vurdumsa, ürəkardı, könülardı edəmmədim bu ilahi pıçıltıları... Hiss elədim ki, SÖZ də küsür onun kimi məsum, utancaq... Məsum olduğu üçün də tezcə də barışdı onun kimi. Güvəndə olduğunu, gərəkli olduğunu hiss etmək böyük səadətdir.
Beləəə...

-Müəllim, mənə icazə verə bilərsiniz?
-Niyə?
-Dişim ağrıyır...
-Hansı dərsiniz qalıb?
-Fiziki tərbiyə.
Qəfil yadıma düşür, soruşuram:
-Anan evdədir?
-Yox,işdə.
-Kim var evdə?
-Atam.
-Atan aparacaq səni həkimə?
-Yox...
-Olmaz, get dərsə...
Bapbalaca gözlərini süzdürür.
-Onsuz da evdə də ağrıyacaq dişin, anan gəlsin, sonra gedərsən.
Nazlanır:
-Ay müəllim...
-Qaç, qaç dərsə, yoxsa bu saat sənin dişini özüm çəkəcəyəm. Buna bax, bunun lentinə bax...
Nazlanır, gülür. Bilir ki, hörüklü, lentli qızları dünyanın ən gözəl qızları elan edirəm. Nazlanmaq, gülmək ona elə yaraşır ki... Əslində, dişi də ağrımır, sadəcə yorulub. Hər dəfə də eyni cavabı alacağını bilə-bilə icazəyə gəlir. Gəlir ki, ona "yox" deyim, getmə deyim,"sən bizə lazımsan" deyim "sən gərəklisən, gözəlsən, üz-gözün də, gülüşün də, lentin də, hörüyün də gözəldir" deyim... "Bircə saat da burada artıq qal, güvəndə qal, yorulsan da, ağrısan da sevgi və diqqətin içində qal" deyim. Bütün bunları düşünmək və söyləmək o qədər ağırdı ki...
Cubbulu bir qızı öz doğma atasından qorumaq ..."Müəllim, xahiş edirəm, mən deməmiş, mənim uşaqlarıma icazə verməyin". Və heç nə ...o da, mən də bilirik ki, niyə...
Evləri düz məktəbin yanındadır. Bir dəfə atası icazə almağa gəlmişdi. Düzü, təhər-tövtü xoşuma gəlmədi, "summativ yazırlar, olmaz,-dedim. Əslində yazmırdılar. Əsəbiləşdi,"Mən öz uşağıma icazə ala bilmərəm? Gəlir beş dəqiqəyə"
Uşaq beş dəqiqəyə gəldi, amma ağlaya-ağlaya. Narahat oldum.
-Nooldu, qızım?
-Kassamı qırdı.
-Niyə?
-Anamın 20 manatı vardı, vermişdi ki, gizlət. Kassama atmışdım.
-Ağlama, atandı də, nollar ..
-Axırıncı pulumuz idi.
-Ağlama, mən sənə pul verərəm.
-Yox...
Çox qürurludur.

Sinəmə sıxıram. Sıxıram ki, gözünün yaşı ürəyimə axsın, ürəyimin yanğısını söndürsün. Axı o, balacaydı, axı onun bu acını qaldırmaq üçün çiyinləri çox zərifdi, çox zəifdi... Axı o sənə gərək deyildisə, niyə dünyaya gətirirdin onu? O, sənə çox oxşayır. Lap elə bil burnundan düşüb. Onu səndən qorumaq o qədər ağır, əzabverici və utancvericidir ki... Anlayırsanmı?!! Sənə "öl"mü deyim, "ol"mu deyim? Ölməyin bir acı, olmağın bir dərd... Bax, bu qız da hər gün sənin qızın kimi icazə almağa gəlir və hər gün də "yox" cavabı alır. (Onun atası yoxdur, əməlli- başlı yoxdur, öldüsü-qaldısı bilinmir). Amma yenə gəlir icazəyə. Əslində o da icazəyə yox, əzizlənməyə, oxşanmağa gəlir. Diqqət istəyir, qayğı istəyir. SEVGİ istəyir.
-Həə, nədi yenə?
-Olar, gedim?
-Niyə?
-Ürəyim ağrıyır..
-Nəə? Yalançı... Sənin ürəyin var ağrıya...
-Həə, məəlim, bax buramda.
Sinəsini göstərir.
--Yalan danışma, ay qız, uşaqların ürəyi 18 yaşından sonra bitir...
Kaş bu zarafatım gerçək olaydı, uşaqların ürəyi elə 18 yaşından sonra bitəydi..
Gülür, şaqqanaq çəkib gülür. Bilirsiniz, gülüş bu qaralmış, boğulmuş, göyərmiş çöhrədə necə qəribə görünür? Elə bil bir ovuc təbaşir tozu çırpılır qap-qara lövhəyə, toz tutmayan yerlərdən qap-qara kədər boylanır acı-acı...
-Nəyə gülürsən, ay qız?
-Məəlim ..
-Gəl bura, səni yenə qulunc tutub..
Qucaqlayıb quluncunu qırıram. Elə gülür, elə sevinir ki... Bax, bunu istəyir o. Çoxmu baha sevincdi, çoxmu ağır işdi bu sevgini ona vermək.. Ahh, adamlar...
Hələ rəfiqəsi ilə gələndə görəsiniz onu.. O, icazə istəyir, rəfiqəsi "məllim,valla yalan deyir, dişi-zadı ağrımır, icazə verməyin getsin" deyəndə görəsiniz onu... Bu bulanıq çöhrədə açan gülləri görəsiniz. Kökünü qurd yemiş çiçəklərin qönçələrinə bənzəyir bu gülüşlər, bircə anda sola bilər, qorxa-qorxa açılıb...
-Niyə verməyim ona icazəni?
-Axı o getsə, mən tək qalacam.
-Sinifdə adam yoxdu bəyəm..
-Mən onu istəyirəm, başqasını neynirəm..
Paaa... Naza baxın, qəmzəyə baxın. Bir kəlmə adamı bu qədərmi xoşbəxt edər? Gərəklilik, lazım olmaq duyğusu onu necə də xoşbəxt edir:
-Ay qız, dişim ağrıyır...
Nazlana-nazlana deyir...
-Get sinfə, gəlib dişini özüm çəkəcəyəm.
Elə ürəkdən gülür ki... Onlar gülə-gülə gedirlər. Mənsə göz yaşlarımı zorla tuturam.
Nasaz uşaqların rəngi bir başqa olur, dərdli uşaqların rəngi bir başqa... Nasaz uşaqların rəngi avazıyır, dərdli uşaqların rəngi boğulur.. Bu dəfə bu rəngi boğulmuş qızlardan danışdım, gələn dəfə qismət olsa, SÖZ məndən küsməsə, rəngi qaralmış, boğulmuş oğlanlardan danışacağam. Onlar sanki içinə yığılır, içinə əyilir, içinə qocalırlar...
 
 
 
 
Xatirə Rəhimbəyli
qadinkimi.com