SƏNƏT
Lerikdə dünyanın ən kiçik xalçası toxunub Tarix : 24 Noyabr 2022, 23:30

Lerik rayonunun Monidigah kənd sakini, miniatür xalça ustası İlqamət Hadiyev dünyanın ən kiçik ölçülü xalçasını toxuyaraq həm dünya rekordunu, həm də öz rekordunu təzələyib. 

O, öz əl işini Vətən müharibəsində müzəffər ordumuzun əldə etdiyi şanlı zəfərə həsr edib. Xalçanın üzərində qələbənin simvolu olan "Dəmir yumruq” şəkli əks olunub.

Xalçaçı bu xalçanın  tək onun öz işləri içində yox, hətta dünyada ən kiçik ölçülü xalça olduğunu bildirib və bu xalçanı beş gün ərzində toxuyub bitirdiyini deyib. Xalçada cəmi 41 sıra, onun hər bir kvadrat santimetrində isə 311 ilmə var. Eni 1,8 santimetr, uzunluğu 2,2 santimetr, qalınlığı isə bir millimetr olan xalçanın hər kvadrat santimetrinə 311 ilmə düşür. 


Ötən il İlqamət bəy bundan bir az böyük  "Xarıbülbül” xalçasını toxuyub və həmin xalçanı da Vətən müharibəsində şəhid olan igidlərin əziz xatirəsinə həsr edib. Onun eni 1,9 santimetr, uzunluğu isə 2,1 santimetrdir. Həmin xalçada cəmi 33 sıra, hər kvadrat santimetrində 275 ilmə var, qalınlığı da 1 millimetrdir. Beləliklə, Hadiyev həm dünya rekordunu, həm də öz rekordunu təzələmiş olub”.


İlqamət bəyin toxuduğu miniatür xalçalar içərisində bir digər xalça da var ki, onu Qarabağ xalçalarından ilhamlamaraq toxuyub. "Qarabağ xalçası” adlanan bu xalça onun işləri içərisində ən sıx toxunuşa malik olanıdır. Burada hər kvadrat santimetrdə 315 ilmə var. Bundan əlavə o bayrağımızın rənglərini özündə əks etdirən "Buta” xalçasını və tariximizin daş yaddaşı olan Qobustan qayaüstü rəsmlərini də toxuyub. 


Qadinkimi.com