QADIN / KİŞİ
KİŞİNİN QADINI SAXLAMASI - Flora Hüseynova yazır Tarix : 24 Aprel 2020, 13:24
Yazar : Flora Hüseynova

Qadınlar....

Qadın! Ey sevgili, şəfqətli mələk!

Bu qədər səbrü təhəmmül nə demək?

O lətafət, o nəcabətlə sana,

Bu əsarət, bu həqarət nə rəva?! (Hüseyn Cavid)


 

Az qala bir əsr bundan əvvəl, Hüseyn Cavidin qadına olunan həqarətə qarşı yazdığı şeiri yadıma salan, sosial şəbəkədə aparılan bir sorğu oldu. "Kişinin məşuqəsinin olmasına necə baxırsınız?" - sualına verilən cavab. "Yaxşı baxıram, imkanı var saxlayır".  Bu aşağılayıcı cavaba qarşı deyiləcək çox tutarlı sözlər var, amma mən başqa məqama toxunmaq istəyirəm.

 


"İmkanı var saxlayır.” Bu düşüncədə olanlar çoxluq təşkil etdiyi üçün bəzi məqamları açıqlamaq istəyirəm. Bəlkə də bir az kobud müqayisə olacaq, amma alternativi olmadığı üçün necə var eləcə də qeyd edirəm.

 


Adamlar özlərinə it, pişik alıb saxlayırlar. Heyvan saxlamaq üçün imkan da lazımdı. Qadın insandı və onu saxlamağa ehtiyac yoxdu. Qadın kifayət qədər güclüdü. Öz həyatını da, yeri gələndə ailəsinin həyatını da işləyib təmin edə bilir və edir də.

 


Yeri gəlmişkən, ən acınacaqlı bir məqamı da qeyd eləmək istəyirəm ki, bu, tək sevgiliyə, həyat yoldaşına aid edilmir. Əksər ailələrdə əgər qadın evdar xanımdırsa, həyat yoldaşından ən çox eşitdiyi ”mən işləyib sizi saxlayıram”dı.

 


Bəli, sizi deyir, bura tək qadın deyil, uşaqlar da daxildi. Bir kişi ailəsini təmin edirsə, bu, normaldı, bu ailə sənin həyatındı, yükün deyil. Bu sözü işlətməklə sən tək qadını yox, özünü də aşağılayırsan. Bu sözü işlətməklə övladınıza pis örnək olursunuz.

 


Nə qədər işləyən qadınlarımız var, niyə onlar kimisə saxladıqlarını demirlər?

 


Çünki ailələri üçün çalışırlar. İstər sevgili olsun, istər həyat yoldaşı olsun, qadın sirdaşdı, dostdu, stimuldu. Bu sözləri mən demirəm, bu sözləri çox tanınmış, şəxsiyyətlər söyləyib.

Qadın – həyatın bütün mərhələlərində kişinin xilaskarıdır. (V. Belinski)

Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan ibarətdir. (O. Balzak)

 


Əgər qadın sevib - sevilirsə, onun fədakarlğı ölçüyə gəlməz. Bunu sübut etməyə ehtiyac yoxdur. Birgə yaşayış əzab, zülüm olmamalıdır. Qadın necə ki, sevərək fədakarlıq edirsə, kişi də ailəsini, sevgilisini, xanımını sevərək yaşatmalıdır.

 


"Səni mən saxlayıram" kəlməsini kişilər ən çox qadın onunla maraqlananda deyirlər. "Evə nə vaxt gəlirsən, nə hazırlayım" deyən qadınları çox vaxt aşağılanan görmüşük. "Sənə nə var, nəyinə lazımdı". "Yeməyin var, suyun var, pis saxlayıram səni"?. "Nəyinə lazımdı nə vaxt gələcəm".

 


Nə qədər acınacaqlıdı. Halbuki, kişi onunla maraqlanan, gəlişini gözləyən bir xanımı olduğu üçün xoşbəxt olmalıdı. Laqeyidlik nəinki ailəni, bütün dünyanı məhv etməyə yetər.

 


Bernard Şounun çox gözəl bir sözü var - Bütün zəkamı, qabiliyyətimi, şöhrətimi, əsərlərimi axşam evə vaxtında gəlib gəlməyəcəyimlə maraqlanan bir qadın üçün fəda edə bilərəm.

 


Nə gözəl deyib.

 


Lütfən, heç vaxt qadınların danışmağından narahat olmayın, qadın danışırsa, deməli, hələ nəyisə düzəltmək istəyir, ailəsini qorumağa çalışır.

 


Evə nəsə lazımdırsa, nəsə xarab olubsa, düzəlməlidirsə, evdə nəsə çatmırsa - əgər bütün bunlar qadını narahat edirsə, deməli o, ailəsinin, uşaqlarının rahatlığını düşünür.

 


Əgər, bir qadının danışmalı çox sözü varsa və o qadın susursa... kişi artıq bütün şansını itirmişdir.

 


İnsanı xoşbəxt etmək çox da çətin deyil. Bir az diqqət, bir xoş söz, xoş münasibət, mehribanlıq yetər ki, bütün ailə xoşbəxt olsun. Bəli, əgər qadın xoşbəxt olarsa, onun bütün ailəsi xoşbəxt olar. Xoşbxət qadının üzündən təbəssüm əskik olmaz. Əgər qadının üzündə təbəssüm olarsa, o, səhər övladlarını xoş əhvalla yola salar, övladları da xoşbəxt olar.

 


Qadın həyat yoldaşını gülərüzlə işə yola salarsa, onun bütün günü xoş keçər. Qadını saxlamaq yox, yaşatmaq lazımdır.

 


Yox, əgər nəsə saxlamaq istəyirsinizsə, çox gözəl ev heyvanları var, alıb saxlaya bilərsiniz...

 


Sizi gülərüz qarşılayan qadınınız varsa, deməli, xoşbəxtsiniz. 

 


Qadın gülərsə şu issiz mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək. (H. Cavid)

 

 

 


 
Flora Hüseynova 
qadinkimi.com