BURA / ORA
İti ölmüş Nahidəyə - Bəlkə bir gün heyvanları sevərlər Tarix : 27 Aprel 2022, 15:20

Azərbaycanlı gənc müğənni Nahidə dünən itinin ölümü ilə bağlı post paylaşıb, üzüntüsünü bölüşüb. Sona qədər oxuya bilmədim, sinəmə qəribə bir ağrı çökdü. 


Sonra baxdım ki, xanım məsğərə obyektinə çevrilib. İtini itirməsinə göstərdiyi bu təpkinin dozu artıq gəlib bizimkilərə. Təəccübləndimmi? Qətiyyən!


Baxdım şərhlərə, bir xanım yazmışdı ki, bəs balasını itirənlər nə etsin?  


Yurdum insanının sevgi və kədər anlayışı o qədər qısıtlıdır ki, hansısa heyvanın ölümünə üzülmək çox uzaqda qalır onun üçün. Fikir vermisinizmi, ən yaxınını belə itirən insana, ilk reaksiyamız nə olur? Ağlama! - deyirik. Niyə? Niyə ağlamasın, ağrıdır axı, nisə basdırsın kədərini? 


Hə, bir nəfər də yazmışdı ki, atan öləndə nə edəcəksən? Utanmırsan itə görə belə üsyan etməyə? 


İllərdir məhlədə yemlədiyim pişiklərə görə mübarizə içindəyəm, dəfələrlə binanın komendatı qapımı döyüb, qonşular narazılıq edir, "dadandırma pişikləri bura” deyir. 


İnsanlar dünyanı sahiblənmək eşqi ilə yanıb tutuşur, insanlar bir ovuc yeri paylaşa bilmir, insanlar vəhşiləşir, amansızlaşır, eqoistləşir. Heyvan sevgisi olmayan analar, pişiklərə daş atan uşaqlar böyüdür.

   

 Mənim də sahiblənib evimin baş köşəsində saxladığım gözəl bir pişiyim var. Mən ona nə qədər minnətdar olduğumu ifadə etməkdə çətinlik çəkirəm. İçimə elə bir sevgi toxumu əkib ki, yamyaşıl cücərib, yarpaqlayıb, şaxələnib - çox sevirəm. 


Şərtli sevgiyə alışan insanların heyvan sevgisini aşağılaması normaldır əslində. Xalqın böyüklüyü və əxlaqi inkişafı onun heyvanlara münasibəti ilə ölçülür deyirdi  Qandi.


Nahidə, səni yaxşı başa düşürəm, kədərini lap içdən duyuram. Bizim bir dostumuz vardı - Mövlud. Ayağı sınmış ata görə günlərlə ağlaya bilərəm demişdi. O da getdi, intihat elədi. 17-ci mərtəbədən havanın ümidinə buraxdı özünü. Onu da qınadılar, nə dərdin vardı, camaatın bir qolu, bir ayağı yoxdur, yaşayır, dedilər. Onun da ağrısını, acısını tərəziyə qoydular, səninki kimi. 

 

Yolun açıq olsun, Nahidə. Bəlkə nə vaxtsa bizim də adamlar başa düşərlər ki, heyvanları da atan kimi, balan kimi, dostun kimi sevə bilərsən. Bəlkə nə vaxtsa "mənim dərdim sənin dərdini döyər” psixologiyasından qurtularlar, bəlkə nə vaxtsa başa düşərlər, odun düşdüyü yeri yandırdığını. Onda geri gələrsən, lütfən. Azalmayaq…


Nərmin Hüseynzadə

qadinkimi.com