Ömər Seyfəddini türk realist nəsrinin banisi hesab edirlər. Baxmayaraq ki, çox gənc yaşlarında dünyasını dəyişib, klassik sayılır. Onun çox məşhur "Yüksək ökçələr" adlı hekayəsi var. Məzmunu belədi: Gənc illərində dul qalmış bir qadındı, 13 yaşında onu 60 yaşlı bir kişiyə ərə veriblər və on illik evlilik onda yalnız iyrənc bir təəssürat buraxıb. İndi də ona evlilik təklif edəndə etiraz edir, imtina edir. Hətta gənc adamlardan təklif gələndə də deyir ki, günlərin bir günü o gənclər də qocalacaq...Nəsə, bu qadının ən böyük marağı dürüstlük və namusdu. Evdəki xidmətçilərindən də tələbi budur. Narazılığı da yoxdu ev əhlindən - gözlədiyi kimidilər. Həəə, bu qadının bir marağı da var - hündür topuqlu ayaqqabılarda gəzməyi sevir. Boyunun balacalığın gizlətmək üçün. Evdə də yüksək ökçələrdə gəzir. Ökçə altı taxtadan olan ayaqqabı növüdü. Gəzəndə çox taqqiltı yapan.
Günlərin bir günü qadını baş gicəllənməsi tutur. Gedir həkimə. Həkim deyir ki, bu halətdən qurtulmaq üçün mütləq yüksək topuqlardan imtina eləmək lazım gələcək. Neyləmək olar? Qadın evdə yumşaq sürütmələrdə gəzməyə başlayır vəəə olanlar olur... İndiyə qədər namuslu, dürüst tanıdığı ev əhlinin üzü dəyişir.
Görür ki, bunun diş fırçasıyla dişini yuyur qulluqçu, mürəbbəni bundan icazəsiz yeyirlər, ət günü olmadığı halda bişirib yeyirlər. Qadın mat qalır özlüyündə... İndiyə qədər namuslu tanıdığı bu adamlara nooldu?
Məcbur olub hər şeyi qıfıllayır. Deyir görüm indi nəyi oğurlayacaqlar?
Bir gün yuxudan gec durub mətbəxə enir, kimsəni tapa bilməyəndə zirzəmidən səs gəldiyini eşidir, ora boylananda nökərlə iki qulluqçunun kefdə olduğunu görür. Və ən əsası, problemin nə olduğunu dərk edir. Xidmətçilər deyir ki, yüksək ökçələrdə gəzəndə evin lap üst mərtəbəsindən taq-taq səsi gəlirdi, onlar da özlərini yığışdırırdılar...Xanım da elə bilirimiş onun xidmətçiləri kimi əxlaqlı adamlar yoxdu yer üzündə...
Qışqırıb-bağırır, 9 iilin nökər-naibin qovur evdən, yenilərini gətirir. Fərq eləmir, kimi gətirsə, eyni hadisələr... Qadın saralıb-solur, əsəb gərginliyi keçirir... Və qərara alır ki, yenə həmin taqqildayan ökçələri keçirtsin ayağına...
Deyir ki, eybi yox, qoy başım gicəllənsin, amma ürəyim rahat olsun...