YAZI / DÜŞÜNCƏ
İntiharla mübarizə aparmaq üçün bir nəfər də kifayətdir - o da SİZ olun Tarix : 10 Sentyabr 2020, 01:32

10 sentyabr - Ümumdünya İntihara qarşı mübarizə günü kimi qeyd olunur.


İntihar hər il minlərlə gəncin həyatı üçün təhlükə olduğundan, bütün yeniyetmələr "intiharın nə olduğunu və bununla necə mübarizə aparmaq lazım olduğunu” anlamalıdırlar.

Vaxtaşırı intiharla bağlı internet, kütləvi informasiya vasitələrindən yazılar oxuyur, dinləyir və görürük. Bu insanı sarsıdır, həyat eşqini azaldır, həssas adamları depresiyaya sürükləyir, yeni intihara cəhdə hazırlayır da demək olar. İntihar mövzusunun qorxulu olduğunu bilirik. Bu barədə valideynlər, müəllimlər və ya dostlarla danışmaq adət deyil.

Əslində intihar edənlərin çoxu həqiqətən ölmək istəmirlər. Sadəcə bir və ya daha çox problemdən çaşbaş olurlar.

 

Uşaqlarda intihar və ya intihara cəhd zamanın "əlamətlərindən" biri, yəni yaşla bağlıdır. Çünki müəyyən yaşlarda onlar daha həssas olur, pisi yaxşıdan, yaxşını pisdən seçə bilmirlər. Böyüklərin həyatlarına müdaxilələri,məsləhətləri, hadisələrə münasibəti onlar üçün dözülməz olur. Hər hansı bir çətinliklə üzləşən zaman problemlərini həll edə bilməyəcəklərindən və ya hər hansı bir qorxu səbəbindən çıxış yolunu intihar etməklə valideynlərinə acı yaşatmaqda, diqqəti özlərinə cəlb etməkdə görürlər. Əsas fikri özlərinə yönəltməklə onları yoran hisslərdən qurtulmaq, mərhəmət və məhəbbət oyatmaq, kömək və problemlərinə diqqət çəkmək, intiqam almaq, məsuliyyətdən qaçmağı düşünürlər. Bir gənc, ümumiyyətlə, çətin vəziyyətlərdən qaçmağa meyllidirsə, ən kiçik hadisələrdən təsirlənib bunu özünə dərd edirsə, həssasdırsa, özünü tez - tez günahlandırırsa, həddindən artıq mərhəmətlidirsə, özünə dərd axtarırsa, intihara meylli olanlardandır.

 

Unutmaq olmaz ki, insan özünü bədbəxt hiss etdikdə intihar haqda düşünür. Elə gənclər var ki. daim diqqət çəkmək, qayğı görmək istəyir. Özünə qarşı maraq hiss etməyəndə intiqam almaq üçün intiharı seçir. Belələrinin təsəvvürünə görə ölüm arzu olunan uzun bir yuxu, çətinliklərdən uzaq bir istirahət, başqa dünyaya gedən bir yol, eyni zamanda yaxınlarını və ya onların problemlərinə etinasız yanaşanları cəzalandırmaq üçün bir vasitədi. Yetişkin insan belə düşünə bilməz. Bu "uşaqlıq”dır. Zəruri olan əsas əlamətləri vaxtında müşahidə etməklə "uşaqlıq intiharı"nın qarşısını vaxtında almaq mümkündü. Emosional narahatlığın əlamətləri sayılan iştahsızlıq, hətta susuzluq, yuxusuzluq, xəstəliklərdən tez-tez şikayətlər, baş ağrısı, davamlı yorğunluq, tez-tez yuxuya getmək, davamlı tənhalıq hissi, günahkarlıq, ölüm haqqında düşünmək, gələcək üçün planların olmaması, zülmü əks etdirən söhbətlər, qeydlər, rəsmlər, səbəbsiz ağlama, kobudluq, şəxsi əşyaların paylanması intihara meylliyin iıkin əlamətləridi.

Bir yeniyetmədə problemlər sevilən biri ilə ayrılma və ya xəyanət səbəbindən yarana bilər. Yeniyetmələr ilk sevginin sonsuza qədər olduğuna əmin olur, son dərəcə ciddiyə alırlar. Eyni zamanda ailədəki psixoloji vəziyyətə görə - valideynlərlə mübahisələr, ata və ana qalmaqalları, boşanmaları, təhsilindəki yüklənmələr və ya uğursuzluqlarına valideynlərin sərt reaksiyası, internet asılılığı və bir çox başqa səbəblər uşağı intihara cəhdə sürükləyə bilər.

 

Uşağı danlamayın, ona bağırmayın, laqeydlik etməyin, sadəcə sizi qorxutmaq istədiyini düşünməyin. Uşaq onu çox sevdiyinizi və ona dəyər verdiyinizi hiss etməlidir. Övladınızla danışmaq, ona vəziyyəti barədə suallar vermək, gələcəklə bağlı söhbətlər aparmaq, planlar qurmaq lazımdır. Bu söhbətlər müsbət olmalıdır. Uşağa nikbinlik, inam aşılamaq, məqsədlərinə çatacağına əminlik yaratmaq lazımdır. Uşağı "hər zaman narazı" və "kövrək" olmaqda günahlandırmayın, şəxsiyyətinin müsbət tərəflərini və qaynaqlarını göstərmək daha yaxşıdır. Onu daha uğurlu, şən, xoş xasiyyətli uşaqlarla müqayisə etməyə ehtiyac yoxdur. Bu müqayisələr bir yeniyetmənin onsuz da aşağı olan özünə inamını daha da sarsıdacaqdır. Yalnız bu günün yeniyetməsini dünənki özü ilə müqayisə edə və sabahkı gəncin müsbət görüntüsünə kökləyə bilərsiniz.

Mütəxəssislərdən kömək istəyin. Unutmayın ki, intihar cəhdi təkrar ola bilər. Statistikaya görə, intihara meylli olanların üçdə biri bir il ərzində cəhdlərini təkrarlayır. Uşağın emosional böhranının ciddiliyinə, niyyətlərinə və hisslərinə, ən kiçik şikayətlərinə diqqətlə yanaşın, mənəviyyatı ilə bağlı narahatlıq doğuran heç bir hadisəyə laqeyd yanaşmayın. İntihar etməyi düşündüyünü birbaşa soruşmaqdan çəkinməyən, öz problemləri ilə övladını yormayan, narahatlığını vaxtında duyub köməkliyini əsirgəməyən valideynlərin belə situasiyalara düşmək riski demək olar ki, azdır.

Çox vaxt internetdə intihar xəbərləri olur. Hansı medianı oxuduqlarına, televiziyada hansı verilişlərə baxdıqlarına da diqqət etmək gərəkdir.

Unutmayın, intiharla mübarizə aparmaq üçün bir nəfər də kifayətdir - o da SİZ olun.

 

 

 
 
 
Yeganə İskəndərova
 
 
qadinkimi.com