DƏB VƏ BAXIM
Gözəl dodaqların da əziyyəti var Tarix : 21 Avqust 2023, 17:09

Gözəllik hər bir qadının əbədi arzusudur. Bundan ötrü hər birimiz nə qədər səy göstəririk. Yeni saç düzümü seçilir, daha çox vaxt isə makiyaja sərf olunur. Sözsüz ki, qadın gözəlliyində xüsusi payı olan dodaqlar da diqqətdən yayınmır. 


Əlbəttə, yaş artdıqca dodaqların görkəmi pisləşir. Artıq 40-50 yaşlı əksər qadınların dodaqlarında qırışlar əmələ gəlir. Hətta siz cavan olsanız belə, keyfiyyətsiz pomadadan istifadə etmək, vitamin çatışmazlığı, pis qidalanma və digər neqativ faktorlar müxtəlif iltihablara gətirib çıxarır. Bunlardan biri də xeylitdir. Bu, kifayət qədər geniş yayılmış xəstəlikdir. Əsasən dodaqların kənarlarının qızarması və xoşagəlməz göynəmə ilə müşahidə olunur. Xeylitə əsasən yaz aylarında təsadüf edilir. Bunun baş verməməsi üçün dodaqlara zəruri qulluq göstərilməlidir. Bunu etmək çox asandır: başlanğıcda dodaqlar üçün nəzərdə tutulan kosmetik "Kameliya” yağından istifadə edin. "Kameliya” yağlar kimi dərini yaxşı vəziyyətdə saxlamaq üçün zəruri olan, tərkibi "A” və "E” vitamini ilə zəngin, ekoloji cəhətdən təmiz bitkilərdən hazırlanır. Müntəzəm istifadə etdikdə nəticə özünü tez biruzə verir. 


Əgər sizin dodaqlarınız sürətlə qocalır və soluxursa, buna ancaq "A” vitamini kömək edə bilər. Məhz "A” vitamini dərini qocalmadan qoruyur. Bundan başqa, dodaqlardakı quruluğu aradan qaldıran və onları təbii vəziyyətinə qaytaran "buğda özəyi” yağından da istifadə etmək çox faydalıdır. Əgər dodaqlar soyuqlayıb və çatlayıbsa, onları "E” vitamini ilə qidalandırmaq lazımdır. Yaraların və çatların sağalmasına itburnu, soyuqdəyməyə və ağrılara qarşı isə çobanyastığı daha güclü təsir edir. "Kameliya” yağı da tərkibində elə onları birləşdirir. Bütün bunlardan başqa, "Kameliya”nın tərkibində soya, zeytun və üzüm yağları da olur. 


Əlbəttə, heç kim öz sevimli pomadası ilə vidalaşmaq istəməz. Yağı səliqə ilə dodaqlara çəkib gözləmək lazımdır. İki dəqiqədən sonra salfetka ilə dodaqları silib pomada vurmaq olar. "Kameliya”nın təsirindən dodaqlarınız daha sağlam, gözəl və təbii görünəcək. 


qadinkimi.com