UŞAQ / BÖYÜK
Əşşi, fikir vermə, uşaqdır - Flora Hüseynova yazır Tarix : 08 İyul 2018, 16:11
Yazar : Flora Hüseynova
Zamanın dinamik gedişatında bəzən sonradan yerinə qoya bilməyəcəyimiz anları itiririk. Dönüşü olmayan itkilər sonradan çox incidir adamı. Ən çox da itirdiyimiz uşaqlıq illəri ilə bağlı olur. Yaddaşımıza həkk olunan, sonradan həyatımızda silinməz izlər buraxan yaşantılarımız var hər birimizin. Sevincli, kədərli, hər zaman xatırlamaq istədiyimiz və bəzən də yaddaşımızdan silinməsini arzuladığımız. Amma nə yazıq ki, yaşananlar həyat tarixçəmizə həkk olunur və unudulması mümükünsüzdü. Bütün yaşadıqlarımız həyatımızı sonradan formalaşdırır. Bizim necə şəxsiyyət olmağımıza öz təsirini göstərir.

Həqiqət budur ki, bizim "Əşşi, fikir vermə, uşaqdır" kimi deyimimiz var. Adətən uşağın fikri önəmli sayılmaz. Fərq etməz hansı sosial durumda olan ailədi, bir gerçəyimizdi bu. Mən öz uşaqlıq vaxtlarımı xatırlayanda da, sonradan qızlarımın da dediklərindən bir həqiqəti anladım. Uşaqlar yaşadıqları heç bir şeyi unutmur və xatirələri ilə bağlı olan heç nəyin yox olmasını qəbul edə bilmirlər. Nə vaxtsa, yaşadıqları evin yenisi ilə əvəz olunmağını, məktəbin dəyişdirilməyini və ən pisi də onların sökülməyini... Xatirələri darmadağın olur, ona aid olan, ya da onun aid olduğu yerlər yox ediləndə. Amma həyat budur, dəyişir, yenilənir, əvəz olunur. Zamanın gedişatını saxlamaq olmasa da, belə hallarda uşaqlara daha diqqətli olmalı, onlara bunun bir izahını verməliyik. Çox şeyi dəyişməsə də bu izahlar, ən azından onların düşüncələrinə laqeyd olmadığımızı anlayarlar. Kim əlini ürəyinin üstünə qoyub tam səmimiyyəti ilə deyə bilər ki, ailədə, həyatlarında edəcəkləri hər hansı bir yeniliyə qərar verəndə uşaqlarının fikrini soruşur? Mən tam məsuliyyətimlə çoxunun yerinə deyə bilərəm ki, 99 faiz heç kim. Demirəm ki, hər şeyi uşaqlar necə deyəcəklərsə, elə etməliyik, təbii ki, yox. Sadəcə onlara diqqət və fikirlərinə hörmət etdiyimizi hiss etsələr, kifayətdi. Bu, valideynlə övlad arasında çox möhkəm bir inam bağı yaradır. Uşaqlarımızın inamını heç vaxt itirməyək, inamı itən uşaqlar vaxtından tez böyüyürlər. Lütfən, uşaqların vaxtından tez böyüməsinə zəmin yaratmayaq. Uşağı heç kimlə müqayisə etməyək, kiminsə ondan daha yaxşı olduğunu deməyək, ən kiçik uğurunu belə böyüdüb dəstək olaq. Onlara heç vaxt yalan danışmayaq. Uşaqlar bunu üzümüzə deyə bilməsələr də, yalan olduğunu o saat hiss edirlər. Düşündüyümüzdən də çox həssasdılar uşaqlar. Bəzən fikirlərini, istəklərini ifadə edə bilməsələr də, hər dəfə onlara nəyi isə söz verib etmədiyimizdə, hər dəfə "sabah edərəm" dediyimizdə, bir gün onlardan "dünən dediyin sabah bu gündür" eşidəndə gözlərindəki məyusluq və inamsızlığın səbəbi olacağıq. Uşaqlarımızı heç vaxt məyus etməyək. Onlara bacardığımız qədər vaxt ayıraq. Vaxt ayıraq ki, bir gün bizə verilən  "nə üçün darıxırsınız? " - sualına eynən mənim kimi gözləri dolmuş halda "qızlarımın uşaqlıq vaxtları üçün" deməyək.

İşləmək məcburiyyətində qaldığım üçünmü, ailə yükünü tək daşıdığım üçünmü fərq etməz, ən gözəl anlarını, ilk addımlarını, ilk dedikləri sözü qızlarımı bağçadan götürəndə müəllimləri sevinə - sevinə xəbər verib mənə. Uşaqlarınızla çox vaxt keçirin, gözəl anlarının ilk şahidi siz olasınız deyə. Bəzən kiçik bir istəklərini  "gözlə, sonra edərəm" deyə ertələməyimiz onları incidir. Çoxdan oxuduğum bir əsərdəki qəhrəmanın durumuna düşə bilirik. Ata hadisəni illər sonra gəlininə danışır. "Yoldaşım axşam yeməyi bişirirdi. Mən də qızımla çörək almağa çıxdım. Qızım yol boyu çox şən idi, atılıb - düşürdü, söhbət edirdi, gülürdü. Biz çatdıq mağazaya. Azca növbə var idi. Dayanıb növbəmizi gözləyirdik. Təzə çörəyin ətri hər tərəfə yayılmışdı. Növbəmiz çatdı. Çörəkləri aldıq. Mağazadan çıxanda qızım sevinə - sevinə "ata, çörəyin qırağından kəs mənə ver" dedi. Mənsə "yox, evə çataq sonra verərəm" dedim. Qızım bir neçə dəfə şıltaqcasına məndən çörəyin qırağından kəsib ona verməyimi istəsə də, evə çataq sonra dedim. Qızım daha danışmadı. Başını aşağı salıb yanımca yeridi. Artıq səssiz və sakit idi. Fərqinə varmadım, yəqin çox atılıb- düşdü, yoruldu deyə düşündüm. Biz evə çatdıq, artıq süfrə hazır idi. Hamı bizi gözləyirdi. Biz də əyləşdik. Mən çörəyin qırağından kəsdim və gülə-gülə qızıma uzatdım. Al, qızım, bu da çörəyin qırağı, istədiyin kimi. Qızım çörəyi almadı, "istəmirəm" - dedi. Mən çörəyi bayaq orda istəyirdim. İndi istəmirəm... Fikir verdim ki, bayaqkı nəşəsindən də əsər - əlamət yoxdu. Qızım yeməyini də sakitcə həm də çörəksiz yedi o gün. Mən bunun acısını indiyə kimi yaşayıram".  Bəli, uşaqlarımıza qarşı diqqətli olaq. Bəzən istədikləri ən adi şeyi sonraya saxlamayaq. "Sonra" heç olmaya da bilər... Uşaqlıq dövrü çox tez keçir, inanın. Ona görə də uşaqlarla bağlı ən gözəl anlarınızı kimsə yox, siz özünüz yaşayın. Sonradan onların uşaqlıq dövrü üçün darıxmayasınız. 1 iyun Uşaqların Müdafiəsi Günüdür. İlimizin 365 günü bizim üçün 1 iyun olsun ...