Böyük Vətən müharibəsi illəri... Uşaqlar həyətdə dava-dava oynayır. Kimin əlinə pul düşürsə, tez özünə zabit ulduzları alır. Aylar keçir. Həyətdə bircə sıravi əsgər də qalmır.
Maqsud İbrahimbəyovun "Badam ağacı” hekayəsində uşaqların xəyalları qonşuluqdakı qadınların birinə gələn "qara kağız”la çilik-çilik olur: "O çarpayıda oturmuşdu və ağlayırdı. Mən indiyə kimi heç kəsin bu cür ağladığını görməmişdim... Biz, polkovnik, general və marşallar isə onun qarşısında sadəcə dayanmışdıq və susurduq. Boğazımızda tıxanıb qalmış qəhəri udmaq istəyir, lakin heç cür bunu edə bilmirdik”.
Həyat xəyalpərəstlər üçün ən gözəl müəllimdir.
Uşaq və ədəbiyyat demişkən, Freyd ədəbiyyatı (və ümumiyyətlə incəsənəti) da eynilə bu cür təsvir edirdi. Onun fikrincə, uşaqlar oyun oynasalar da, oyunun fərqinə varır və gerçəkliklə oyunun fərqli olduğunu anlayırlar. Körpə qız evlərinə gələn qonaqlarla öz oyuncaq qonaqlarının fərqini çox gözəl anlayır. Yazıçılar da əsərlərində xəyali dünya qurmaqla bir növ oyun oynayırlar və uşaqlar kimi oyunla gerçəkliyi, ədəbiyyatla gerçək həyatı ayırmağı bacarırlar. (Ayırmağı bacarmayanlar şizofreniyaya mübtəla olanlardır).
Çox yaxın dövrlərə qədər insanların xəyal dünyası ədəbiyyatın qurduğu, filmlərin yaratdığı dünya ilə yekunlaşırdısa, indi sosial media var. Və sosial media insanlar üçün yeni bir gerçəklik yaradır.
İnsanlar günün əksər saatını sosial media platformalarında keçir. Burda insanlar yüksək dozada informasiya alırlar. Üstəlik, bu informasiyalar çoxşaxəlidir, həm dostunun uşağı olduğunu öyrənir, həm Yaxın Şərqdə bir bomba xəbəri, həm də Qarabağdan bir yenilik. "Martin İden” romanını bir həftəyə oxuyan oxucu ancaq son gündə Martin İdenin intiharını öyrənirdisə, indi sosial media istifadəçisi hər gün on dozada intihar xəbəri alır. Üstəlik, Cek London qəhrəmanının daxili aləmini, mühitini, mübarizəsini yüzlərlə səhifə təsvir etdiyi halda sosial media ölüm xəbərini iki-üç xəsis cümlə ilə çatdırır. İntihara üzülməyə macal tapmamış, heç on saniyə keçməmiş qonşunun toppuş uşağına komment yazır, ardınca heyvan hüquqları ilə bağlı şəkilə layk qoyur, sonra modelin yarıçılpaq şəkilinə tamaşa edir, ardınca iftar açdığını yazan dostuna "Allah qəbul eləsin” deyir. Bir sözlə, cəmi bir dəqiqə ərzində qarışıq duyğu seli və konserv kədərlər...
Əslində insan bu duyğuları yaşayırmı? Bütün bu dramlar onu Martin İdenin ölümü qədər silkələyə bilərmi? Əsla! Bu insan qəlbinin potensialından kənardadır. Ona görə də biz çoxlu sayda saxta sevinclər, saxta hüzünlər, saxta alqışlar görürük. Və daxili dünyamız da getdikcə boyatlaşmağa, pozulmağa başlayır. Bizi Maqsud İbrahimbəyovun hekayəsindəki "qara kağız” da sarsıda bilmir. O "qara kağızlara” o qədər alışmışıq ki... Duyğuları sustalır, hissləri kütləşir. Verdiyi bütün reaksiyalar da bəsitləşir. İnsanın məruz qaldığı informasiya çoxaldıqca dayazlıq artır, dərinlik azalır.
Bu yaxınlarda intihar edən Sevilin yazışmaları yayılmışdı. Anasından şikayət edərək deyirdi ki, anamın əlindən telefon düşmür və mənimlə maraqlanmır. Dərhal "Facebook Kasasiya Məhkəməsi” qadını linç etdi. Amma bu məhkəmənin yüz minlərlə üzvü nə qədər o anadan fərqlidir ki? Media orqanlarının sosial mediadakı səhifələrindəki on minlərlə şərh insanların vətəndaş mövqeyindənmi irəli gəlirdi? Bir ana Sevilin anasını məhkum edərkən bəlkə də qızı ruh düşkünlüyündə boğulur...
Ədəbiyyat və kino insanlara qəhrəmanı dərindən tanıtdırır, ancaq xəsis media xəbərləri istifadəçilərə hökm çıxarmaq üçün kifayət edir. Məhkum etdiyi o kəsin mənəvi aləmini kim düşünür ki? "Hakim” bir dəqiqə sonra başqa bir "cinayət işinə” baxır. Heç kim düşünmür ki, indicə məhkum etdiyi şəxs də hissiyyatı olan, canı-qanı olan diri varlıqdır, hansısa filmin obrazı deyil.
Repertuarında mənfi rollar geniş yer tutan görkəmli Məlik Dadaşov bir dəfə danışırdı ki, qastrola getdiyi hər rayonda, hər şəhərdə onun mehmanxanada qaldığı otağı daşlayırdılar. Bir dəfə isə insanlar lap dərinə gedib "Fəryad” filmindəki roluna görə Xalq artistini polisə təhvil vermək istəyiblər. O zamanlar insanlar gerçəklə filmə, teatra fərq qoymurdular. İndi isə insanlar gerçəkliyi film bilirlər, roman bilirlər. Hamısı kiçik bir telefonun içində kimlərisə güllələyir, hökm verir, ifşa edir, məhkum edir.
Çox sevdiyim "Kanalizasyon” filminin unudulmaz replikası belə idi: "İnsanlar həbsdə televizora baxırdılar ki, həbsdə olduqlarını unutsunlar. Bəs çöldə insanlar niyə bu qədər çox televizora baxır? Onlar nəyi unutmaq istəyirlər?”.
O marşal, general, polkovnik uşaqlar müharibəni oyun bilirdilər. Bəs böyüklər üçün həyat nədir? Və böyüklər nəyi unutmaq istəyirlər?
Qan Turalı
oxu.az