BURA / ORA
Dünyada müsbətlər çoxdur, intihar çıxış yolu deyil - Ağa yazır Tarix : 26 İyul 2022, 09:55

İntihar edən Laçın barədə Frankfurtda düşünərkən…  


Dünən saat 01:00 ətrafında yuxulu halda qatar gözləyirdim, çox yorğun idim. Birdən şəkildə gördüyünüz cavan oğlan ilə ünsiyyətimiz yarandı. 

Məhəmməd İordaniyadandır. Ukraynada illərdir tibb üzrə təhsil alırmış, 4-5 ay öncə xərçəng olması üzə çıxıb. Hazırda müalicələri davam edir. Müharibəyə görə Avropada hazırda çox keçərli olan sənədlərə sahibdir, müayinə və s. proseslər ödənişsiz başa gəlir.


Amsterdamda qalmağa yer də verilib. Onun ilə ünsiyyətimiz rus dilində, təbəssümlü idi.


Artıq yuxudan əsər-əlamət yoxdur. Bir də gördük türkcə danışan bir neçə gənc gəldi. Demişkən, Frankfurt hava limanına oradan isə Antalyaya gedirlərmiş. Manavqatda yanğınlar zamanı könüllü olduğumuzdan bəhs etdik, daha da mehribanlaşdıq. 


  • İyi yolculuklar…


Bir az sonra 3 ərəb cavan gəldi, almanca xeyli dərdləşdik. Orada boya-başa çatıblar. Gecənin bir aləmi Məhəmmədin xərçəng olmasını, qatar gözləməyimizi belə unutmuşduq. Avstriyaya gedən Məhəmmədin bir neçə gün sonra məni Amsterdamda qonaq edəcəyi belə danışıldı.


Birdən imtahan nəticələrinin yaxşı olmadığı, evdən yətəri dəstək almadığına görə 17 yaşlı qızımızın özünə qəsd etməsini xatırladım…


1. Universitet nəinki hər şey, heç çox şey belə deyil. Xüsusən 21-ci əsrdə; Kifayət qədər resurslar ilə əksər sahələr barədə bilgilər əldə edə bilərik. Alınmadı daha sonra daxil ol, o alınmadı daha fərqli sahədə özünü yoxla. 


2. Demirik, təhsil almayın. Sadəcə hər kəs bunu daha fərqli formada edə bilər. Bütləşdirməyək təhsil ocaqlarını. Faydalı əkinçi, qoyun otaran əzizimiz, şirniyyat bişirən bacımız, dərzimiz və digərləri zərrə qədər də olsa heç biri ali təhsillidən insan olaraq geri qalmır. 


Sən işində faydalı, ədalətli, davamlı ol. Cəmiyyətə, dünyaya öz tövhəni ver. Qalan işlər tədricən öz həllini tapacaq. Ən əsas xarici dilləri öyrənin. Onun qədər insan həyatını sürətli dəyişən bir şey çətin tapıla. 


3. Gözəl valideynlər! Bəli, övladlarınızı sevirsiniz. Onlar üçün yaxşılıq istəyirsiz, amma bu kifayət deyil. Onların məhz həssaslığını, potensialını, zamanı tanıyaraq yönəltməniz daha çox fayda verəcək. 


Bəli, mətbuatımızda əksər hallarda bölüşülən, adət halını almış bayağılıqlar sizi qorxudur, övladınızı daha çox qorumaq istəyirsiz. 


Bütün bu olanlara görə yüklənən onlar olmalı deyil, məcburən özünüz-cəmiyyət həll yolları tapmalıdır. Dünyada mənfilərlə yanaşı xeyli müsbət tendensiyalar var. Bir balaca araşdırma, doğru insanlara suallar verməklə yetəri qədər həll yollarının olduğunu hiss edəcəksiniz. 


Mən zəngin ailədən deyiləm, Azərbaycanda insanların çətinliklərindən xəbərdaram desəm az olar.


Kasıblıq yetişməyən iydə kimidir. Nə dad ala bilirsən, nə qarnın doyur, hələ səni boğur belə. 


Məhəmməd:

- Ağa, mən Ukraynada təhsil alarkən nizamsız yaşadım, içkiyə və s. yönəldim. Öz insanlıq xəttimdən uzaqlaşdım. Bütün bu olanlar - xəstəlik məni tərbiyə edir. Hazırda hər şeydən uzağam və səhvlərimi anlayıram. Bu xəstəlik mənə daha çox təhsil verir, o həddə ki, rəftarlarım müsbətə dəyişdi. Dərk edə bildim. İnşəallah yaxşı olacaq.


Ağa:

- Əlbəttə yaxşı olacaq. Bizim Allahmız var. Nə qədər Allah varsa ümid var, Allah isə həmişə var.


O, ərəb cavanlar ilə danışarkən özüm sakitcə oradan uzaqlaşdım. Ssenarini belə pozmaq istədim. 


  • Səhv anlamaz? 


Lazım gəlsə yenə görüşəcəyik…


Gecə yarısı...


Frankfurt, sən necə də əzəmətli və fəqirsən. Vaxtı ilə vətənindən min bir ümidlə gələn qadınların bir qisminə zillət daddırırsan. 


Bəli, öz seçimləri. Amma insan ömrünə kifayət qədər mənfi təsirlər edib bunu Allahın, taleyin üstünə atan güclər də var. Etdikləri az deyil, hələ bir insanları Tanrı ilə belə küsdürürlər. 


Küçədə yoldan keçənlərə özlərini təqdim edən qadınları görəndə pis oldum. Birinə "xoşbəxt ol” dedim. Bəlkə də bu fikir ilə həyatı dəyişəcək, bəlkə də yox…


Allah köməyimiz olsun.


Ağa Mehdiyev

qadinkimi.com