YAZI / DÜŞÜNCƏ
Dəvətikanı və yaxud ingilis məsləhəti Tarix : 21 İyun 2020, 04:35

 

Fevral girər-girməz evimizdə nağıldakı fəndgir Cırtdanın dostlarının vahiməsini xatırladan əhvalat baş verdi. Bizim evi biri-biriylə əlaqəsi olan (ya heç olmayan) üç şey bürüdü: qorxu, yuxulama və cəhalət. Düzünə qalsa, birincisi, yəni qorxu Dev qorxusu deyildi, amma nədənsə, təmirdən təzəcə çıxmış "işıq gələn" evimizdə təkcə məni yox, arvad-uşağı da qəflətən yuxu basdı. Hə, hə, elə durduğumuz yerdəcə hamımız yuxulayırdıq.

Arvadım bütün günü yuxulu gəzirdi. Qızım və oğlumun yuxusu gözlərində qırılırdı, məktəbə yuxudan doymamış gedirdilər. Dediklərindən belə çıxırdı ki, dərs vaxtı diriləşir, evə gələndə isə yatmaq istəyirlər. Mən də ki, ağır adam, yumurta üstündə yeriyirdim, axır vaxtlar çox tənbəl olmuşdum. Səhər evdən çıxıb işə gedənəcən əsnəyirdim; çox qəribəydi, işdə bu ötüb keçirdi, evə qayıdan kimi gün ağaranacan yatırdım. Biz ailəlikcə əməlli-başlı işə düşmüşdük, səbəbsiz-filansız.

İlk günlər təmirli evimizin gözqamaşdırıcı füsunkar görüntüsü bizi valeh etmişdi; qonaq otağında parket döşəmənin üstünə sərdiyimiz ilməli Təbriz xalçası, dəhlizdəki əlvan naxışlı kilim göz oxşayırdı. Divarlardan asılan naməlum əcnəbi rəssamların cürbəcür mənzərəli şəkilləri, ötən il Şəki dulusçularından aldığımız naxışlı saxsı boşqablar, tavanda büllur çilçıraqlar, divar kağızlarının ürəkaçan fonu...bir sözlə, muzey! Və hər şey könlümüzcə idi. Uşaqlar daha çox sevinirdilər, çünki onların otaqları xüsusi zövqlə bəzədilmişdi. Hələ pəncərə pərdələrini demirəm, çox bahalıydı və evimizə gələn qonağın (xüsusilə qadınların) gözünə sataşan ilk cəlbedici əşya pərdələr olurdu. Qadınlar ağızlarını açıb heyranlıqla ipək, qıraqları güllü pərdələrə baxır, Allah bilir nələr düşünürdülər. Əlbəttə, onların nə fikirləşdiyinin mənim üçün əhəmiyyəti yox idi; əsas buydu ki, arvadımın çoxdankı arzusu yerinə yetmişdi: biz evimizi, necə deyərlər, təpədən dırnağa təmir elətdirib, bütün köhnə avadanlıqları təzələri ilə əvəzləmişdik, rahat, xudmani və səliqə-səhmanlı bir məkana çevirmişdik. Amma sevincimiz və rahatlığımız uzun sürmədi. Bir həftə keçmədi ki, yuxulama prosesi baş verdi. Bu əhvalat ev sahibi kimi məni narahat etdi, hətta qorxmağa başladım. Əlbəttə, arvadım məni sakitləşdirib deyirdi:

- Kiçik çillə çıxanadək belə olur. Qışın oğlan çağında adətən adamlar yuxulu gəzirlər.

Bəlkə də elə buna görəydi? Axı qışda günlər qısalır, adam elə hey yatmaq istəyir.

Bir gün işdən gələndə arvadım yuxulu-yuxulu dedi:

- Hacı, səhərdən gic kimiyəm. Elə hey gözlərim yumulur. Uşaqlar da dərsdən gələn kimi yatıblar, heç yemək də yeməyiblər. Bu nə işdi, bilmirəm?

-Bəlkə tonusun azalıb?- soruşdum. - Qan təzyiqini yoxlamısan?

-Ölçmüşəm, normaldı... Bəs uşaqlar niyə belə olsun axı?

-Meyvə yemirlər də... - deyə özümü elə göstərməyə çalışdım ki, guya heç nə baş verməyib və rəhmətlik anamın vaxtilə mənə məsləhət gördüklərini istər-istəməz dilimə gətirdim. - Dəmir çatmır bədənlərində... Sənə deyirəm alma ver onlara, alma! Hər gün heç olmasa bir stəkan alma şirəsi içsinlər...

Arvadım yorğun-yorğun başını aşağı sallayıb dodaqucu nəsə mızıldadı. Əhəmiyyət vermədim. Hamama girib yuyundum, sonra bir fincan çay içib şam eləmək istədim. Düzü, iştaham yox idi, elə belə, nəsə ağzıma bir şey atmaq istəyirdim. Mətbəxə girəndə gördüm arvadım kresloda oturub televizora baxa-baxa mürgüləyir. Düşündüm ki, yəqin yorulub; hər halda, ev işləri çöl işlərindən daha ağırdır.

Az sonra mənim də gözlərim yumulmağa başladı, yerimə girdim, heç bilmədim ha vaxt səhər açıldı.

Şənbə günü qaynanam və baldızım bizə gəldilər. Çox narahat idilər, arvadım evimizdə hökm sürən bu halı onlara söyləmişdi. Qaynanam həyəcanla, bir qədər də narazı-narazı:

- Belə olmaz, Hacı,- dedi, - məncə, evinizdə nəsə var... Biz də bunu hiss edirik, gələn kimi əsnəməyə başlamışıq...

-Nə ola bilər axı?- şübhəli-şübhəli soruşdum.

-Pis ruh!- baldızım birnəfəsə cavab verdi.- Vallah, pis ruhdu. Evi təmizləmək lazımdı!

-Axı təzə remont eləmişik! Necə yəni, təmizləmək lazımdı?

-Deyirəm, bəlkə gedək bir dua yazdıraq? Göz var, Hacı... Nə qədər üzərrik yandırırıq, xeyri yoxdu...

-Pis qoxudan da ola bilər!- qaynanam dilləndi.-Nə bilirsən, bəlkə elə ustalar eləyib? Hamısı bir zibildi! Tavana elə rəng vurublar ki... Qoxusu getmir... Evə girən kimi adamın burnuna rəng iyi gəlir...

Qaynanam və baldızımın şübhələri mənim ürəyimə əməlli - başlı xal saldı. Tənbəllik eləmədim, dəmiri isti-isti döyərlər, düşündüm, elə həmin gün gedib ustaları tapdım, onlara and-aman verdim ki düzünü desinlər: bəlkə pullarını kəsmişəm? Ola bilər də, axı ustayla halallıq eləməsən, xeyir tapmazsan. Ustalar da and-aman elədilər ki, yox, alnımızın təri qurumamış haqqımızı vermisən, biz də vicdanla işləmişik, rəng də əlasındandı, italyan markasıdı, qoxusu - filanı da qalmır...Divar kağızları isə İspaniyadan birbaşa gəlib, keyfiyyətinə söz ola bilməz...

Beləcə, arxayın olub qayıtdım evə, gördüm, arvad - uşaq bir yana, qaynanamla baldızım da yuxuya gediblər. Hərəsi bir yanda şirin - şirin fısıldayır. Məni də əsnəmək tutdu. Ayaqlarımın ucunda mətbəxə keçdim, pəncərəni açdım. Bayırda qar yağırdı. Külək qar dənəciklərini soyuq havayla birgə üz - gözümə çırpdı və mən güclə yuxuya qalib gəldim.

Əlbəttə, mən oxumuş adamam, elmlərdən də bir balaca xəbərdaram. Düşünürəm ki, inanclar kimi elə fərziyyələr də cəhalət qoxusu verir. Evdə baş verən bu əhvalatın özündə əslində bir elmi əsas gizlənib; o, idrakla dərk edilən həqiqətin obrazını güzgü kimi əks etdirməlidir. Lakin məndə Evklidin geometrik təfəkküründən bir damcı olsa da, nədənsə, beynimdəki idrakı əhilləşdirə bilmirdim, onu hissiyyatdan təmizləyib azad etməkdə aciz idim. Səbəbini heç özüm də bilmirəm, burda nə Allahın, nə materiyanın, nə də gözəl obrazlı ideyanın günahı var. Sadəcə evimizdəki ab - havanın mahiyyətcə bizim şüur və davranışlarımıza, hiss və düşüncələrimizə təsir etdiyini anlamağa başlamışdım.

Ertəsi gün qaynanam evimizə həkim tanışını çağırdı. O, arıq, uzun, eynəkli bir kişiydi. Saçları ağarsa da, ona çox yaş vermək olmazdı, qırx-qırx beş ola, ya olmaya. Həkim vəziyyəti öyrənəndən sonra başını qaşıya-qaşıya xeyli fikrə getdi, sonra:

-Hmmm... Birinci dəfədi belə şeyə rast gəlirəm,- dedi. - Lap mat qalmışam...Ola bilsin havadandı...

-Havadan?- təəccüblə soruşdum.

-Hə, hə, havadan ola bilər,- həkim də başladı əsnəməyə.

Düşünürdüm ki, bizim evdəki ruhi vəziyyətə hava təsir edə bilməz; axı hər kəsin ruhi vəziyyəti müəyyən mənada daha çox onun özündən asılıdır! Mənim kilsə ədəbiyyatından zəhləm getsə də, necə olmuşdusa, o kitablardan biri əlimə keçmişdi, ordan bircə bu yadımda qalmışdı: Allahın insanın yuxusundan xəbəri yoxdur; O, adətən insanın ürəyi ilə məşğul olur, beyni ilə yox. İnsanın yuxusu və yatmaq arzusu isə birbaşa beyinlə bağlıdır. Misal üçün, ürək ölənədək döyünsə də, yorulmur, beyin isə yorulur. Məhz bu yorğunluğa görə adamı yuxu basır. Bəs niyə belə olur? Kilsə ədəbiyyatında bunun səbəbi də yazılmışdı: insan beyni daim yemək barədə düşünür...Ac adam heç vaxt yatmaz. Düzü, o zaman bunları oxuyanda nənəmin xoşladığı "ac qulağım, dinc qulağım, ac qarına yatmazlar" və s. məsəllər yadıma düşdü və o qədər güldüm ki... Sonralar bu barədə xeyli düşündüm, hətta bir dəfə bütün günü heç nə yemədim, arvadım məəttəl qaldı, gecə yatağa girəndə soruşdu:

-Səndən çıxmayan iş! Oruc tutursan?

-Yox,- dedim,- öz üzərimdə təcrübə aparıram, görüm, adam bir gün ac qalanda yata bilər, ya yox?

Arvad heç nə başa düşə bilmədi, dodaqucu nəsə mızıldayıb yorğanı çəkdi başına. Mən də ha əlləşdim, ha vurnuxdum, yata bilmədim; gah o tərəfə, gah bu tərəfə çöndüm, yerimdə xeyli qurcalandım, yenə gözümə yuxu getmədi. Axırda arvad hirsli-hirsli üstümə çımxırdı:

-Ədə, özündən Amerika açma, get ağzına bir şey at, yoxsa yata bilməzsən. Özün heç, məni də qoymursan yatmağa.

Nəhayət, dözə bilmədim, durub keçdim mətbəxə, doyunca yedim. Elə təzəcə qurtarmışdım ki, gördüm gözlərim axır, yuxu basır məni. Qaçıb girdim yerimə və...bir də iyirmi dörd saatdan sonra ayıldım. Hə, bax, belə. Yəni, kilsə ədəbiyyatının xeyri bircə bu oldu. Lakin indiki halda bu igidölmüş həkimin də yuxulaması mənim mühakimələrimi və gerçək obyektivliyin üstündən xətt çəkərək yalnız praktik fayda verən şeyləri həqiqət kimi qəbul etmək istəyimi az qala yerindəcə dondurub buza döndərdi. Yuxubasma mənim kimi azdan-çoxdan oxumuş bir adamın da başındakı fikirlərini pərən-pərən eləmişdi. Beynimdəki bir-birinə zidd olan düşüncələr, tərəddüdlər, fərziyyələr və inanclar əlində girinc qalmışdım, labirintdən çıxa bilmirdim.

-İndi atmosferi o qədər zəhərləyirlər ki...- həkim düz üç dəfə dalbadal əsnəyəndən sonra əlavə elədi.- Maşınlar, xarab benzin, tüstü...

-Yaxşı, tutaq ki, havadandı...- dedim.- Bəs onda niyə qonşularımız yatmırlar...

-Nə bilirsiz?- həkim gözlərini ovuşdura-ovuşdura soruşdu.

-Soruşmuşam, - arvadım əvəzimə cavab verdi.- Onları yuxu basmır...

Həkim yenə əsnədi, bu dəfə sağ əliylə geniş açılan ağzını tutdu, sonra yayğın gözlərini mənə tuşlayıb qoca arvadlar kimi inamsız-inamsız mıqqıldadı:

-Bəlkə qan analizi verəsiz? Görünür, infeksiya var...

Həmin gün həkim könülsüz-könülsüz hamımızın təzyiqini yoxladı, dilimizə, dişlərimizin dibinə, boğazımıza baxdı, gözlərimizin bəbəklərini də yaddan çıxartmadı. Nəhayət, başını bulaya-bulaya cibindən dəftər vərəqi çıxarıb başladı nəsə yazmağa. Hamımız gözümüzü ona zilləmişdik. Qəribəydi, həm də çox müəmmalıydı: həkim gah durub dəhlizdəki kilimə, gah qonaq otağındakı xalçaya toxunur, gah əllərini divar kağızlarına sürtür, sonra nəsə yazır, gah da otaqları bir-bir gəzib döşəməyə, tavana, küncə-bucağa göz yetirir, sonra yenə gəlib nəsə qeydlər edirdi. Həkim qaynanamın tanışı olduğuna görə dinmirdim. İnan Allaha, hirsimdən onu xurd-xəşil eləməyə belə hazır idim. Qaynanam isə məmnun-məmnun tanışının hərəkətlərini izləyir, hərdən mənə də qıyğacı elə baxırdı ki, guya indicə sirrin üstü açılacaq, bununla da iş bitəcək. Həkim pəncərələrin qırağında arvadımın bəh-bəhlə düzdüyü dibçəklərə də baxdı, xeyli baxdı və guya nəsə maraqlı bir şey tapmış kimi dərhal başını sallayıb vərəqə qeydlər elədi. Birdən qələm tutan əlini ağzına aparıb bərkdən əsnədi, əcayib səs çıxartdı, "üzr istəyirəm!" deyib yenə başladı yazmağa. Nəhayət, qaynanam soruşdu:

-Doktor, nə yazırsız? Vərəqi doldurmusuz...Hamısı dərmandı?

-Yox, ay Minurə bacı, dərman deyil...

Onu yenə əsnəmək tutdu. Xırda, mürgülü gözlərini qaynanama tuşlayıb əlavə elədi:

-Evinizdəki əşyaların siyahısıdı... Maşallah, o qədərdi ki... Analiz eləmək lazımdı, görək bu əşyalardan hansı birisi toksinlər buraxır...Bəlkə allergiya var, nə bilim... İndi sizə heç nə deyə bilməyəcəm. Amma gedib baxacam kitaba, sonra əlaqə saxlayıb ortaq bir məxrəcə gələrik...

Özümü güclə saxladım, yoxsa...and olsun keçmiş günlərimə, onun başına bir oyun açardım ki, adı da yadından çıxardı. Arada qaynanam vardı və yaxşı ki, o, cüvəllağı həkimi birtəhər yola saldı. Həkim özüylə bərabər müəmmalı siyahısını da apardı. Baldızım evdəki susqunluğu və pərtliyi duyub acıqla anasına çəmkirdi:

-Bu külbaşın bildikləri elə budu? Belə də həkim olar? Ağbacı ondan yaxşıdı... Vallah, ana, o arvad min dənə həkimə dəyər. Özü də hər şeyi düz deyir. Gedək ona baxdıraq...

Növbəti gün axşam gəlib gördüm ki, evimizin divarlarından dəvətikanı bağlamaları asılıb. Tikanları qupquruydu, torpaq rəngində. Təəccüb elədim, qışın oğlan çağında bunlar hardan gəlib çıxdı belə? Arvadım ağzımı açmağa qoymadı.

-Yaxşı ki, getdik. Arvad bizi görən kimi danışmağa aman vermədi. Göz var evinizdə, dedi, dəvətikanı asın divardan, ötüb keçəcək...

Hirsimdən gülürdüm. Bu lap şeytan hambalı kimi faydasız işlə məşğul olmağa döndü. Bir anlıq yadıma Müsyö Jordan və "Parisi partladan" Dərviş düşdü. Nədənsə, ağlıma gəldi ki, kaş elə bizim evimizdə də təsadüfi bir "qanunauyğunluq" baş verəydi, yuxularımız ərşə çəkiləydi, pis gözlər, pis ruhlar divarlarımızdan asılan bu quru tikanların dağıdıcı təbiətindən qorxub düşəydilər cəhənnəmin dibinə. Əslinə qalanda bu tikan topaları evimizin estetik harmoniyasını pozurdu, gözümüzü hər gün oxşayan bəzəkli, naxışlı və bahalı divar kağızlarımızın üstündə ləkə kimi görünürdü. Buna baxmayaraq, dəvətikanı topaları düz fevral bitənədək divarlardan asılı qaldı. Arada qaynanamın həkim tanışından da xəbər gəldi: sən demə, siyahıdakı əşyaların təbiətini öyrənib və bu qənaətə gəlib ki, yerə saldığımız yun Təbriz xalısı allergiya yaradır. Bu da bir növ evdə halsızlıq və mürgü yaradırmış...

Mart girdi, amma evimizdəki vəziyyət düzəlmədi ki, düzəlmədi. Köhnə hamam, köhnə tas: hamımızı yenə yuxu basırdı. Biz artıq bu hala öyrəncəli olmuşduq.

Novruz bayramından sonra mənim Riçard adında bir ingilis qonağım gəldi. Bizdəki yanacaqdoldurma stansiyaları ilə, benzin və sürtkü yağlarının tərkibi ilə maraqlanır, keyfiyyət standartları ilə bağlı dünya təcrübəsini bizim mütəxəssislərlə bölüşürdü. Riçard alim idi, neft və neft məhsulları üzrə ağıllı məsləhətlər verirdi. Doğrusu, o gələndən mənim işlədiyim yanacaq emalı zavodunda işlər xeyli qaydasına düşmüşdü, camaat benzin markalarının keyfiyyətindən daha şikayət eləmirdi. Riçard mənə daha çox isinişmişdi, dediyinə görə, yol yoldaşlığım onun xoşuna gəlirdi. Bir dəfə onu evə dəvət elədim. Düşündüm: qoy qonaqpərvər olduğmu da əyani şəkildə görsün. Riçard evə girən kimi divarlarımızdan asılan tikanları görüb təəccüblə soruşdu:

-Bu nədir belə?

-Dəvətikanı!

-Onu gözəl boşqabların və şəkillərin yanında niyə asmısınız?

Mən əhvalatı yerli-yataqlı Riçarda söylədim. Qonaq bir qədər təəccüb, bir qədər də istehzayla gülümsədi. Qəribədi ki, o da başladı dalbadal əsnəməyə, ağzını da iki əlinin ovuclarıyla tutdu ki, görən olmasın, sonra mülayim-mülayim dedi:

-Oooo, thistle! Thistle! Bizim Şekspir bu qanqala şeir qoşub, onu qızılgüldən üstün tutub... Amma onun yeri bura deyil, səhradır...

Qonaq bir anlıq susdu, nə fikirləşdisə, davam elədi:

- Oooo, yes, yes! Oksigen, oksigen! Qorxmayın, hər şey çox sadədi: pəncərələri açın, evə günəş şüası dolsun. Günəş şüası...Səhər-axşam otaqların havasını dəyişin, çalışın günəş şüası girsin evə...

O gündən şıltaq martın gah soyuq, gah isti küləkləri içəri dolsa da, nəinki pəncərələrimizi, hərdən qapılarımızı da açıq qoyuruq. Gözləyirik...Hələ ki bir dəyişiklik hiss eləmirik. Görəsən, Riçardın məsləhəti yuxularımızı qaçırdacaq?


 

 

 

 

Kamran Nəzirli 

2016.

 

qadinkimi.com