BURA / ORA
Azərbaycanlı gənc xanımın adı "Forbes"in nüfuzlu siyahısında Tarix : 10 Oktyabr 2023, 18:55

Dünyanın ən nüfuzlu jurnallarından biri olan "Forbes" hər il 30 yaşın altında olan və uğur qazanan şəxslərin siyahısını dərc edir. Siyahıdakı şəxslər Asiya və Avropada hər biri 300 nəfər olmaqla on kateqoriya üzrə seçilir. 


Qadinkimi xəbər verir ki, bu ilki siyahıda Avropa üzrə oyun kateqoriyasında 27 yaşlı həmyerlimiz Fidan Rüstəmlinin də adı qeyd edilib.

Fidan Rüstəmli "Gamepons"un həmtəsisçisidir. O, hazırda "PolyDream VR" oyun studiyasında biznesin inkişafı üzrə menecer kimi çalışır. Fidan "Global Game Jam"in regional təşkilatçısı və "EuroAsian Startup Awards"da Ölkə Tərəfdaşı olub. Fidan Rüstəmli Bakıda bir çox tədbirlərin təşkilatçısı və təşəbbüskarıdır.


Mövzu ilə bağlı açıqlama verən Fidan xanım Forbes-in "30 Under 30 Europe 2023" jurnalında adı keçdiyi üçün qürur duyduğunu bildirib. O, bu nailiyyəti qazanmaqda ona dəstək göstərdikləri üçün mentorlarına, həmkarlarına, dostlarına və öz rəhbərliyinə təşəkkürünü bildirib. Fidan Rüstəmli həmçinin nüfuzlu siyahının üzvü kimi innovasiya və sahibkarlıq vasitəsilə icmaların səlahiyyətləndirilməsi və dəyişdirilməsi sahəsində işini davam etdirəcəyini qeyd edib. 


Xatırladaq ki, Fidan Rüstəmlidən əvvəl bir neçə azərbaycanlı gəncin adı bu siyahıda qeyd olunub. Onlardan biri də Reyhan Camalovadır. Reyhan Camalovanın adı 2018-ci ildə "Forbes”-in sənaye, istehsalat və enerji sahəsində "30 yaşdan aşağı 30 gənc araşdırmaçı” siyahısına daxil edilib.



Qadinkimi.com