Araxna - Hörümçək qadın - Günel Eyvazlı Tarix : 02 Dekabr 2022, 16:59

 

Qadinkimi.com istedadlı şairə Günel Eyvazlının şeirlərini təqdim edir: 

 

Hörümçək qadın…

Soyuq təbəssüm əks olunub dodaqlarında,

Sənin xoşbəxtliyə, sevgiyə ehtiyacın var, qadın.
Söylə,
Xəritələr üzərində dilimlənən
           meridianları, paralelləri,
Ölkələr, insanlar arasında
           ayrılıq salan sərhədləri,
Qadınların qorxduğu qocalıq cığırlarını
Sən toxudunmu, Araxna?
Bezmədinmi tor adlı həyatın,
           tor adlı mənzilin
üzərində tək-tənha asılmaqdan?
Bezmədinmi ipək, tül dolaşığı
həmdəm kimi qucmaqdan?

Cəsarətim olsaydı,
Qovuşuq körpüsü hör, mənim üçün deyərdim.
Lap elə o dünyanı bu dünyayla birləşdirən
Sirat körpüsü kimi.
Qitələri qovuşduran
Bosfor körpüsü kimi.
Banpo körpüsü kimi.

Dilimdə ilişib qalan
           "sim-sim, açıl" kəlməsini
Ləl-cəvahiri olmayan mağarada
Qovuşduğum zaman unutmaq istəyirəm.
Bağlı qapı arxasında sevgi tapmaq istəyirəm.
Xoşbəxt olmaq istəyirəm.

Araxna,
Özün kimi bir yuva hör
İsti, sevgi dolu bir evin tavanında.
Gülüş səsləri gələn,
hay-küylü uşaq bağçasında.
Və ya
Yeni yarpaqlayan bir ağacın koğuşunda.
Bərabər asılaq qollarımızdan,
Unudaq hər şeyi
Nəğmə oxuyaq, şeir yazaq, naxış toxuyaq,
Rəsm çəkək, nağıllar uyduraq,
aldadaq özümüzü, Araxna, aldadaq.

Sən Tanrısan

Özünü dərya bilib
Özünə atılmaq var.
Özünə güvənmək var,
Özünə inanmaq var.
Axil kimi ən həssas
Yerindən vurulmaq var.
Sən güclüsən.

Səhra yağışı kimi,
Qar soyuqluğu kimi,
Gün aydınlığı kimi.
Nizələr dünyasında
Zeytun budağı kimi
Sülh çağırır dodaqlar.
Sən dözümsən.

Küsüb-barışan oldu
Tale nağıl danışır.
Bu edam dünyasından
Neçə dillər asılır.
Bəzisi susub gedir,
Bəzisi deyib gedir.
Sən şairsən.

İşıq gələn tərəfdə
Yaşamaq olar, olar.
İt hürüşün səs bilib
Ona aldanmaq olar.
Dünya boyda bağlanıb,
Sonra açılmaq olar
Sən çiçəksən.

Sərt közmək yara üstə,
Bir gün qopub düşmək var.
Çat-çat yarğanlar kimi
Yenidən bitişmək var.
Yenidən yaşamaq var,
Yenidən sevilmək var.
Sən qadınsan.

"Adın nədir?" soruşdu
"Heç kiməm" dedi ona.
Tapılmadı Odissey,
İtib görünməz oldu.
Həyat budur, əzizim,
Gözləmək qalır sənə.
Sən sevgisən.

Bir ovuc torpaq götür
Yenidən dünya yarat,
Yenidən Adəm yarat
Yenidən Həvva yarat.
Hər şeyi lap əvvəldən
Hər an başlamaq olar.
Sən Tanrısan.

 

qadinkimi.com