APARA BİLMƏDİ SƏNİ UZAQLAR
(Yaz gecəsinin payız havasında)
"Necə yaxşı idi. necə rahat adam idi. Rahat.” Qızım Aysel dedi. Az adam üçün deyər bu sözü. Adi səslənsə də düşündüm: "Düz dedi”. Az – az adamı görəndə, ya az adamın yanında rahatlıq taparsan. Fərqanə niyə doğma idi? Çünki yanında sıxılmırdın, gərgin olmurdun. Rahat olurdun. Ən dərdlı anında da ağrısını bildirməzdi. Yəqin özünə söz vermişdi:
Məni kəssələr də,
doğrasalar da
Sözümü heç kəsə deməyəcəyəm…
Və sən sadəcə doğmalıq hiss edərdin – rahatlıq tapardın. Şeirləri də elədi. Hətta ən ağrılı şeirlərində də rahatlıq var. Şeir olduğu üçün. Belə olur: göz yaşıyla yazdığın da şeirdisə, rahat olursan.
Sonra "Heyf…Niyə yaxşılara çətin olur ”? - sual verdi qızım. Özünəmi, mənəmi, heç bilmədim.
Yaxşılara çətin olur. Təbiiki yaxşılara çətin olur. Yaxşı kimdi ki? Yaxşı içində paxıllıq olmayan, hamının sevincinə sevinən, fərqli görən, çox duyan… Onlara çətin olur.
O deyilrlər ha "hamı üçün yaxşı olmaq olmur”, Fərqanəyə aid deyil. Ümumiyyətlə heç kimə aid deyil. Çünki kimin üçünsə yaxşı olmaqla yaxşı olmaq fərqlidi. Başqalarına yaxşı olmursan, sadəcə yaxşısan və bu ətrafında olan, səni tanıyan adamların görməsinə bağlı. Əslində hamıda yaxşı nəsə var, görənlər də olur, görməyənlər də. Onu isə hamı görürdü. Çünki o qədər səmimi, o qədər təbii idi ki! Hamının görə biləcəyi qədər yaxşı idi.
O qədər canlı idi ki.
Çox canlı idi. Mənə elə gəlirdi ki, o heç yorulmur. Elə bilirdim heç dayanmır:
Yemək bişirir, qonaq gedir, qonaq qarşılayır, tədbirdə çıxış edir, şeir yazır,
şeir deyir...Tez – tez görüşməsək də, hər görüşdə elə bil dünən ayrılmışıq. Qəribə
bağımız vardı. Daha çox telefonla danışar, vatsapla əlaqə saxlayardıq. Son
danışıqlarımızda nəvəsinin səsini göndərmişdi. "Məktəb illəri”ni elə ürəkdən
oxuyurdu. Hərdən şeir oxuyurdu, hərdən özünün səs yazısını göndərirdi. Xəstəliyi
ilə bağlı sual veməyə çətinlik çəkirdim, Kefini soruşanda da "yox indi
yaxşıyam” deyirdi. Həkimlərə inanırdı. Mən ona "sənin üçün narahatam demirdim.
Sadəcə psixoloji olaraq dayaq olmağa çalışırdım. Amma o, həmişə "narahat
olmayın, indi yaxşıyam. Özüm hiss edirəm ki, düzəlirəm” deyirdi. Mənə ürək – dirək
verirdi elə bil. Onun üçün narahat olduğumu bilirdi. "Sağ olun, məni diqqətdə saxlayırsız” - səsinə
qulaq asıram. Ona "səni çox sevirəm” də deməmişdim. Amma sevdiyimi bilirdi. Mən
"ay - oy”larla, bəzəkli sözlərlə sevgi bildirə bilmirəm. Yəni sevgi özü bəzəkdi
- onun əlavə bəzəyə ehtiyacı yoxdu.
Onu xəstə yatağında təsəvvür edə bilmədim. Onun ölümünə inanmaq istəmədim. Amma ölümə nə desək də , ölümdü. Təsəlli üçün nə qədər söz axtarsaq da acısı ovunmayacaq. Təsəllisi olmayandı...
İndi sevənləri gözləyəcək onu hər yerdə. Bəlkə də özünün dediyi kimi payızın yanında gözləyəcəyik: ”Məni gözləməyə yer axtaranım, Pazyızın yanında gözlərsən məni...” Bilir ki, onu gözləməyə yer axtaracaq hamı. Fərqanə bilirdi ki, onsuz günlərin payız havası var: çiskinli, dumanlı, yağışlı...
Yaya gedən
günlərin gecələrinin birində bütün bunları ona yazıram. Amma doğurdan da payız
havası var gecədə: yağışın səsi küləyin, küləyin səsi yağışın səsinə
qarışıb...Mənsə ona pıçıldayıram onun öz sözlərini: "Oturub gecənin dizləri üstə
sənə məktub yaz(d)ım səhərə kimi”.
Bilirəm, bütün bunları eşidirsən, duyursan.
Məni
bağla özünə,
Dönə - dönə düyün vur – deyən Fərqanə, dönə - dönə düyün vurdun, bağladın özünə
tanıyanları.
Bir də soruşmaq istərdim:
Döşənib
üstünə xatirələrin
mən sənə darıxmaq öyrədəcəyəm.
-demişdin. Hardan bilirdin ki, bizə darıxmağı öyrədəcəksən?
Bildiyin üçünmü uzaqlara getdin? Uzaqdımı oralar? Yox məncə. Mən bilirəm, bilirəm ki:
Apara
bilmədi səni uzaqlar,
Qopara bilmədi ürəyimizdən.
Divarda şəkil tək qalmağa nə var...
Sənin şəklin qaldı ürəyimizdə...
Darıxmaq öyrətdiyin Kamalə Abiyeva.
23 may, 2020
qadinkimi.com