YAZI / DÜŞÜNCƏ, SƏNƏT
Züleyxa gözlərini açır - körpə ikən ölən dörd qızından sonra oğlu doğulanda... Tarix : 15 Sentyabr 2020, 04:18

"Rossiya" kanalında nümayiş olunan "Züleyxa gözlərini açır" - ("Zuleyxa otkrıvaet qlaza") serialını izlədik. 8 bölümdən ibarət bu film yayımlandığı gündən əks-səda doğurdu.

Demək olar ki, əksər izləyicilər əsərin müəllifini qınamağa başladılar. Haqsız da deyildilər, filmi gərginlik içində və həyəcanla izlədik. Əsərin müəllifi tatar əsilli Gözəl Şamil qızı Yaxinadır. Bu müəllifin ilk romanıdır. Romanda hadisələr 1930-cu illərdə bir tatar kəndindən cərəyan etməyə başlayır və 16 illik tarixi əks etdirir (Əsərdəki hadisələr həmin tarixdə yaşanan Böyük Vətən Müharibəsi ilə də cəmləşir).

İnqilab baş verir, Sovet əsgərləri Züleyxanın yaşlı ərini öldürdükdən sonra, onu fərqli zümrə və dinlərdən ibarət bir qrup insanla birgə Uzaq Sibirə sürgün edirlər (Amma mənə elə gəlir ki, filmdəki müharibə, onun gətirdiyi faciələr 1994-96-cı illərdə Rus-Çeçen müharibəsi ilə də ümumiləşdirilib. Buna əsas da Züleyxanın tez-tez uşaqlığını, Qroznının azad, mavi səmalarındakı quşların səfini xatırlamasıdır).

Əsərdə yaşananları Sovet tarixinin insanlıq tarlasına əkdiyi ən bərbad toxumların göstəricisi kimi dəyərləndirsək, səhv etmərik.

İlk bölüm əsərin baş qəhrəmanı Züleyxa adlı gənc qadının ailə həyatından bəhs edir. Rusiyada, Stalin dövründə konsentrasiya düşərgəsinə göndərilən bu tatar qadınının başına gələnlər olduqca acınacaqlıdır. Belə ki, Züleyxanın əri Murtaza kobud, qəddar, guya "müsəlman qaydalarına əsasən" qadını aşağılayan, kəmərlə döyən, onunla heyvan kimi rəftar edən, insanlıqdan kənar biridir. Eyni zamanda, işğalçılara, talançılara verməmək üçün tövlədəki inəyi vəhşicəsinə diri-diri baltalayan biri...

Qaynanası qoca, kor qadın Züleyxaya göz açdırmır, bəhanələr uydurmaqla onu oğluna döydürür. Daha betəri isə, psixoloji təsir göstərərək Züleyxanın tezliklə öləcəyini söyləyir. Və bu qorxular qarabasma halında bütün film boyu Züleyxanı rahat buraxmır. Səhnələr elə təqdim olunur ki, belə bir ailədən qurtulduğuna sevinən Züleyxa sürgünə sanki istirahətə gedir.

Elə təkcə birinci bölümdə təqdim olunanlara görə Gözəl Yaxina "müsəlmanların inanclarını pis yöndən qabardaraq təhqir edib" fikirlərilə ciddi tənqid və hətta təhqirlərə məruz qalıb, əsər isə etirazlara səbəb olub, filmin dayandırılması istənib. Təbii ki, rusların filmin nümayişini dayandıracağından söhbət gedə bilməzdi. Çünki roman 2015-ci ildə iki mükafata birdən layiq görülüb - "Bolşaya kniqa" və "Yasnaya Polyana" mükafatlarını alıb.

Rusiyadakı müsəlmanların və kommunistlərin reaksiyasını cəlb edən filmin sonrakı bölümləri Züleyxanın da sürgün olunduğu, xəritədə belə yeri bilinməyən, insan ayağı dəyməyən uzaq Sibir meşəsindəki bir düşərgədə davam edir. Əsərdə vəhşi təbiətin insana çətinliklə də olsa qucaq açdığını görürük - qismətlərinə sürgünlük yazılan insanların təbiətdən güc alıb həyatda yenidən kök salması, təbiətlə iç-içə sazaqlardan, çovğunlardan keçməsi, hətta bu sərt şəraitdə dünyaya övlad gətirməsi var.

Züleyxa gözlərini açır - Anqaranın soyuq sularında Komendantın köməyi ilə ölümdən xilas olandan sonra evindən götürdüyü zəhərli qənd parçasının əriyib getdiyini biləndə...

Züleyxa gözlərini açır - körpə ikən ölən dörd qızından sonra oğlu doğulanda...


Züleyxa gözlərini açır - həyatında heç görmədiyi qayğını qədər ortaqlarından görəndə...


Züleyxa gözlərini açır - özünü bildiyi gündən içinə düşdüyü xeyirlə şərin qovğasını gətirib Uzaq Sibirin soyuq çöllərinə tökərək, bütün qorxu və arzularını yaşıl gözlü komendantın sevgisinə təslim edəndə...

Və Züleyxa hər dəfə gözlərini açanda başı üzərində İlahi bir sirlə səf tutan quşlar perik düşəcəkdi, onu öz faciəsi ilə bərabər, bu düşərgədə yetkinləşdirəcək, oyadacaqdı Həyatın zülmü, zülmün hökmü, sözün həqiqi mənasında onun gözlərini açıb, sərrast ovçu edəcəkdi.

Əsərdə verilən əsas mesaj budur: Çətinliklər, əzablar insanı mənəvi yöndən nə qədər əzsə də, içində həqiqət və sevgi yaşadanlar heç vaxt sınmır, məğlub olmur, mübarizəsini sonadək davam etdirir.

Qeyd: Roman 2019-cu ildə "Qanun" nəşriyyatında tərcümə və nəşr olunub.


 
 
 
 
 
 
 

 Adilə Nəzər
 
qadinkimi.com