BURA / ORA
Ağ Evdə gərgin anlar: Pelosi Trampın çıxış mətnini cırdı /FOTO Tarix : 06 Fevral 2020, 09:39
Yazar : Qadinkimi.com
Ötən gün Donald Trampın illik hesabat məruzəsi zamanı ABŞ prezidenti ilə Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi arasında qarşıdurma yaşanıb. Belə ki, Tramp Pelosinin uzatdığı əlini sıxmayıb, Pelosi isə öz növbəsində nitqin sonunda Trampın çıxışının mətnini nümayişkaranə şəkildə cırıb.

Bu barədə "RİA Novosti” xəbər yayıb. Tramp çıxışından əvvəl məruzəsinin nüsxəsini vitse-prezident Mayk Pensə və Nensi Pelosiyə verib. Bu vaxt spiker prezidentə əl uzatsa da, prezident onun əlini sıxmaqdan imtina edərək üzünü çevirib. Trampın bu addımından sonra Pelosi spikerlərin ənənəvi olaraq prezidenti millət vəkillərinə təqdim edərkən söylədiyi "prezidenti təmsil etməyi özümə yüksək imtiyaz və şərəf hesab edirəm” ifadəsini işlətməyib. O, Trampı təqdim edərkən sadəcə olaraq "Konqres üzvləri, qarşınızda Birləşmiş Ştatlar prezidenti” deyib.

Çıxışdan sonra isə konqresmenlər Trampı alqışlayan zaman Pelosi ayağa qalxaraq, mətni nümayişkarənə şəkildə cırıb. İclasdan sonra jurnalistlərə açıqlama verən Pelosi mətni cırması ilə bağlı deyib: "Alternativləri nəzərə aldıqda, bu daha nəzakətli addım idi”.

Tramp 80 dəqiqə davam edən çıxışında impiçment məsələsinə toxunmayıb. Lakin partiyalar arasındakı qarşıdurma özünü büruzə verib. Belə ki, Respublikaçılar Trampı ayaq üstə alqışlayıb, Demokratlar isə çıxışın əksər hissəsində səssiz qalıb.

Qeyd edək ki, respublikaçıların nəzarət etdiyi Senatın çərşənbə günü Trampı vəzifədən sui-istifadə və Konqres araşdırmasını əngəlləmək ittihamlarından baraət qazandıracağı gözlənilir.





 

qadinkimi.com