TURAN KÜLTÜRÜNDƏ QADIN - Qadınlar diktator doğmamalı : Yasəmən Qaraqoyunlu Tarix : 28 Yanvar 2019, 15:26
Yazar : Qadinkimi.com
 
 
Yasəmən Qaraqoyunlu Qadın haqları mövzusunda türk kulturasına əsaslanmalı olduğumuzu, türk qadınının heç vaxt kölə olmadığını deyir. Qərb feminizmini model seçməyi doğru saymır. 

 
İngilis yepiskopu 1888-ci ildə Vestminster kilsəsində oxuduğu vəzdə belə deyib: "Bundan yüz il öncə qadın kişinin süfrəsinə oturma haqqına sahib deyildi. Onun soruşulmadan, icazə verilmədən sözə başlaması da yasaq idi. Əri başının üstündən böyük bir zopa asardı və nə zaman arvadı sözə baxmazdısa, zopanı işə salardı. Evdəki oğlan uşaqları da analarına ev içindəki bir xidmətçi qadına bəslənən  münasibəti sərgiləyərdilər”. İngiltərədə XI əsrə qədər kişilər arvadlarını satmaq hüququna malik idilər. Avropada X-XV əsrə qədər hökm sürən qaranlıq çağda sxolastik təfəkkür qadın şəxsiyyətini alçaldırdı və qadına  qarşı köklənmişdi. Xristianlıq düşüncəsində qadın şeytan, cadugər hesab edilib, yüzlərlə qadın diri-diri tonqallarda yandırılıb. İngiltərədə qadın murdar bir varlıq sayıldığı üçün İncilə toxuna bilməzdi. Qadınlar yalnız Henri dövründə (1509-1547) İncili oxumaq haqqı qazanıblar. Çində boşanmaq haqqı yalnız kişiyə məxsus idi. Yeni doğulan uşağı oğlandırsa, bahalı parçalara, qızdırsa, bez parçalara bürüyərdilər. Buddizmin yaradıcısı Budda isə qadınları öz ardıcılları sırasına və dininə qəbul etməyib. Cahiliyyə dövründə ərəb kültüründə qız uşaqları diri-diri basdırılıb. İslam dini ərəb qız uşaqlarını ölümdən qurtarıb, lakin qadın tam olaraq Turan kültüründə olduğu kimi azad şəxsiyyət hesab edilməyib. İslamın qadın anlayışı ərəb kültüründən bəhrələnib, ərəbizmdən sıyrılıb çıxa bilməyib və əski türk kültürü ilə ziddiyyət təşkil etməkdədir. İran-fars kültüründə qadınların yad kişiyə meyl salmaması və irsin pozulmaması üçün yaxın qohumlarla evlilik ənənəsi olub. Məzdəkilik çağlarında öz anaları, qızları, bacıları ilə evlənən krallar haqqında tarixi bilgilər var. 
 
Turan kültürünü başqa kültürlərdən fərqləndirən əsas xüsusiyyət qadının azad şəxsiyyət, azad insan olmasıdır. Azad qadın türk millətinin ən böyük dəyəridir. Turan ellərində türk qadını türk toplumunun şərəfli və aktiv bir üzvü kimi həmişə üstün tutulub. Türk qadınının azad şəxsiyyət kimi sayğı görərək yaşaması, türk xarakterinin və kültürünün yüksək fəzilətini simgələyir. Türklərin ən əski dastanlarından biri olan Yaradılış dastanında Yaradana (Tanrıya) ilham verən "Ak ana” (Ağ Ana) işıqdan olan bir qadın xəyalıdır və Tanrının yalnız Ağ ananın yaşaması üçün yaratdığı göy üzünün on yeddinci qatı da fövqəladə aydınlıqdır. Oğuzun ilk xanımı qaranlığı yararaq göydən enən mavi bir işıqdan, ikinci xanımı isə qutsal bir ağacdan doğulmuş müqəddəs qadınlardır. Eyni şəkildə, uyğur dastanında Bögü xan səmavi bir işıqdan doğulub. Yakut türkləri ilə bağlı bir əfsanədə, dastan qəhrəmanı Ağ oğlana ağacın içindən çıxan nurlu bir qadın tərəfindən süd verir. Başqırtların və qazax-qırğızların "Kuzu körpeç” və "Bayan” dastanlarında qadın bir mələk olaraq təsvir edilir və bu dastanda qadının göstərdiyi fədakarlıqlar kişilərin göstərdiklərindən daha çoxdur. Göytürk xaqanı Bilgə kağan xalqa xitab edərkən, "sizlər - anam xatun, böyük analarım, xalalarım, prenseslərim...” deyərək, öncə qadınların adını çəkir. Əski türk inancına görə, "Xaqan ilə Xatun” göy və yerin övladlarıdır. Qadının yeri göyün yeddinci qatıdır. Türk kültüründə dastan qəhrəmanları yaxşı at sürən, döyüşlərdə igidliklə  savaşan, yaxşı qılınc oynadan qadınlarla evlənməyi arzulayırlar. Müharibə zamanlarında qadınların düşmən əlinə keçməsi böyük utanc sayılırdı. Əski bir türk ata sözündə "birinci zənginlik sağlamlıq, ikinci zənginlik yaxşı bir qadındır” deyilir. Türk toplumlarında kağanın buyruqları (əmr) yalnız "kağan buyurur ki” ifadəsilə başlasa, xalq tərəfindən qəbul edilməzdi. Xarici dövlətlərin elçilərinin qəbulunda xatunla xaqan birlikdə iştirak edirdi. Törən və şölənlərdə (mərasim və şənliklərdə) xatun xaqanın solunda oturur, siyasət və idarəetmə məsələlərində öz fikirlərini bildirir, aktiv iştirak edirdi. Məsələn, Böyük Hun İmperatorluğu ilə Çin arasında barış (sülh) andlaşmasını (müqaviləsini) Tanrıqut Mete xaqanın xatunu imzalayıb. Oğuzların Dədə Qorqud dastanında "Bamsı Beyrək” boyunda  Banu Çiçək elçiliyə gələn oğlana (Beyrəyə) o şərtlə "hə” cavabı verir ki, oğlan ona ox atmaqda, at çapmaqda, güləşməkdə qalib gəlsin. Çünki türk qadını bütün bunları bacarır və bunları ondan pis bacaran oğlana ərə getmirdi.
 
Dədə Qorqud dastanının "Dəli Dumrul” boyunda Əzrayıl Dumrulu  öldürməyə gəldiyini, lakin Dumrulun yerinə başqa şəxs ölməyə hazır olarsa, onun  bağışlanacağını bildirir. Dumrul onun yerinə ölə biləcək adam axtarışına çıxır. Dumrulun qadını heç çəkinmədən onun yerinə öləcəyini, canını qurban edəcəyini söyləyir. Beləliklə, Dumrul və qadını ölümsüzlük qazanır. Əbül Qazi Bahadır xan "Şəcərəye-i Tərakimə” əsərində Oğuz elində uzun illər bəylik edən yeddi qızın adını sadalayır. Boyu uzun Burla xatun, Barçın xatun, Salur xatun, Şabatı xatun, Kunin Körklü xatun, Kerçə Buladı xatun, Kuğatlı xatun. Türk kültüründə qadının qutsallığı, Qadının ucalığı Altay dağlarının ən yüksək zirvəsinə verilən "Qadınbaşı” adı ilə bir daha təsdiq olunur. Türk qadını başqa xalqlarda olduğu kimi əsla basqı altında tutulmur, aşağılanmırdı. Ərəb səyyahı İbn-i Bəttuta yazdığı "Şahnamə”sində Krımdakı xatirələrini qeyd edir: "Burada qəribə hala şahid oldum ki, o da türklərin qadınlarına göstərdiyi hörmətdir. Burada qadınların qiyməti və dərəcəsi kişilərinkindən daha üstündür”. İran-fars tarixçisi Gərdizi "məlumdur ki, türk qadınları çox iffətlidir” yazır. İslam öncəsi çağlarda türk toplumlarında qadın miras haqqına sahib idi. Qadının özünə aid mülkü vardı və öz mülkündən istədiyi kimi istifadə edə bilirdi. Kişi - ər arvadını boşaya bildiyi kimi  qadın da ərini boşamaq haqqına sahib idi. Turan kültüründə monaqamiya mövcuddu, poliqamiya yasaq idi. Türk kültürünə poliqamiyanı başqa kültürlərlə təmaslar, özəlliklə,  islam gətirib. Turan kültüründə ana xaqanlıq və ya ata xaqanlıq deyə bir zaman kəsiyi, düşüncəsi olmayıb. Turan kültüründə kişi ilə qadın hər zaman bərabər və bir yerdə olub. 
 
 
Bu günkü türkün  - türk qadını haqda bilməsi gərək olan törələr... 
 
Bu günkü türk, əski türk törələrinə dönməli, türk qadınının azad şəxsiyyət olduğunu qəbul etməlidir. Qadınla azad şəxsiyyət kimi davranmaq, onun əskilərdən öz iradəsi, seçmək, seçilmək, sevmək haqqı olduğunu bilmək əsasdı. Evlənmədə, boşanmada, övlad tərbiyəsində kişi ilə bərabər hüquqlara malikdir, miras haqqına, dövlət və toplum həyatında aktiv iştirak etmək haqqına, hakimiyyət uğrunda sərbəst mübarizə aparmaq haqqına sahibdir.  Türk qadını dövləti idarə etmək yetənəyinə, bacarığına sahibdir. Burada dövlət idarə edən qadın hökmdarlarının adlarını sadalamaq istərdim. E.ə. VI yüzillikdə Massaget xaqanı Tomris, Hindistanda Qütbşahlar dövlətinin xaqanı Raziyə bəyim, Qutluq Dövlətində Türkan xatun, Saltukoğulları hökmdarı Mama xatun, Kazan xanı Suyun Bikə Xatun, Tarix boyu 42 dəfə çinlilərə qarşı azadlıq mübarizəsi aparan uyğur türklərinin qəhramanı Dilşad xatun (İpar xan), Seyyidə Xatun, İnanc xatun, Türkan xatun, Bibi Türkan xatun və yüzlər, minlər. Azərbaycanda biz türk tarixini, kültürünü və türk dövlətləri tarixini, türk qadın hökmdarlarını və onların mübarizələrini yaxşı bilmirik. Çünki bizə İran-Rusiya tarixi öyrədilib, şahnamə, şüubiyyə, şiyə-sünni tarixi öyrədilib, islam tarixi, qərb tarixi öyrədilib, amma türk tarixi, türk əxlaqı, kültürü öyrədilməyib. Biz  öz köklərimizdən qoparılmışıq. Yolumuzu, izimizi , özümüzü itirmişik. 
 
Bu gün Qərbdə formalaşmış aydınlanma çağının ideyaları kimi qəbul etdiyimiz - qadınla kişinin bərabərliyi, humanizm, gender bərabərliyi, feminizm türk kültüründə əskidən olub. Feminizm niyə məhz Qərbdə doğuldu? Ona görə ki, qadın orada aşağılanırdı. Bəs niyə türk toplumunda döğulmadı? Çünki buna gərək yox idi. Çünki Turan kültürü özü yaradılışdan qadınla kişini bərabər şəxsiyyət kimi qəbul etmişdi. Tariximizə baxsaq görərik ki, bu gün qərb kültüründə təbliğ olunan insan haqları, qadın haqları ideyaları türk kültüründə yaşanılan və qorunan ən ali dəyərlər idi. Qərb bu dəyərlərə XVII əsrdən, aydınlanma çağından sahiblənmək istəyirdisə, biz tarixin başlanğıcından bu ideyaları əks etdirən kültürün sahibi və varisiyik. Əski türklərdə şaman analar vardı. Xaqan analar vardı. İslam dönəmində də türklər bu ənənəni, türk xarakterini davam etdirməyə çalışıblar. 
 
Türk qadınının öz avtoritetini qaytarmasının yolları. Özgürlüyün konseptuallığı. Bu gün şiddət görən, alçaldılan qadınların bataqlıqdan çıxması üçün şərtlər. İmtiyaz, görəv əldə etmək, dövlətçilikdə təmsil olunmaq, liderlik, filosofluq yolunda addımlar atmaq üçün seçimlər...  
 
Türk qadını o zaman özgür olacaq ki, öz doğduğu kişiyə, öz tərbiyə etdiyi oğula qadının azad şəxsiyyət olduğunu qəbul etdirəcək. Öz azadlığını, şəxsiyyətini öz evinin içində, ailəsində qəbul etdirən qadın, toplum həyatında da, dövlət həyatında da bunu edə biləcək. Fikrimcə, öncə öz evimizdən və öz oğlumuzdan başlayaq. Qadının özgürlüyü və şəxsiyyəti öz evində təsdiq edilməlidir. Əlbəttə, bunun arxasında böyük bir mücadilə və düşüncə devrimi yatır. Qadın öz bətnindən, dünyaya gətirdiyi oğlundan başlayaraq dünyanı dəyişməyə çalışmalıdır. Elə bir oğul, kişi  böyütməliyik ki, qadına qarşı türk törələrində olduğu kimi sayğı bəsləsin, qadın iradəsi ilə hesablaşsın. Biz yeni bir insan yetişdirməliyik. Qadın və kişini bir-birindən ayırmayan, onları birlikdə qəbul edən bir insan... Hər şey İnsana bağlıdır. Fikrimizcə, nə qadın kişidən üstündür, nə kişi qadından. Onlar birdilər, bərabərdilər və birlikdə xoşbəxtdilər.  
 
Cümhuriyyət dövründə Qərb ölkələrindən öncə, həm Türkiyədə, həm də Azərbaycanda dövlət səviyyəsində qadına ən yüksək haqlar verilib. Bu haqların verilməsi üçün Osmanlıda, Rusiya əsirliyində olan Türk ellərində - Krımda, Kazanda, Azərbaycanda, Qacarlarda böyük maarifçilik hərəkatları olub. Maarifçiliyin, cədidizm hərəkatlarının əsas məqsədlərindən biri də türk-müsəlman qadınının maariflənməsi və azad şəxsiyyətə çevrilməsi idi. Bu, əslində islam içində bir protestantlıq hərəkatı idi. Türkiyə və Azərbaycanda qadına verilən hüquqlar C. Əfqanidən, M.F Axundovdan,  H.Zərdabidən, H.Z.Tağıyevdən,  Y.Akçuraoğlundan, Z.Gökalpdan, İ.Qaspıralıdan başlayıb, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.B.Topçubaşovla davam etdirilən və Rəsulzadə və Atatürklə zirvəyə çatdırılan bu proses dövlət səviyyəsində qadına bütün hüquqları verdi. Lakin bu gün bu toplumlarda evlərdə qadınlar şiddət görür, aşağılanır, baltalanır. Qadın kişi eqosunun və  dini doqmaların  qurbanına çevrilir. Bu gün media həm Türkiyədə, həm Azərbaycanda bu mənzərəni gözlər önünə sərir. İndi qadın təşkilatları və gender bərabərliyi uğrunda mübarizə aparan qurumların şüarlarını sizə söyləyim ki, aşağı-yuxarı mən də bunları dəstəkləyirəm: Qadına qarşı şiddət göstərən şəxslər dövlət tərəfindən cəzalansın. 
 
Toplum özü də bu insanlara qarşı mübarizə aparsın. Cəza vermək, qanunla qadağalar qoymaq kimi tədbirlərlə yanaşı, məktəblərdə türk ailə quruluşu və münasibətləri haqqında dərslər keçilsin, əski türk gələnəkləri də təbliğ olunsun. Bütün bunlarla bərabər, subyektiv düşüncələrimə əsasən, bir az sərt olsa da, deməliyəm ki, qadınlar diktator doğmamalıdı. Qadına qarşı maddi, mənəvi, psixoloji, fiziki şiddət göstərən kişi ilk öncə öz əsərimizdir. Diktator kişilər dövlət həyatında, sosial həyatda  topluma böyük zərbələr vururlar. Bütün bunlarla yanaşı mən düşünürəm ki, Azərbaycanda və Türkiyədə, siyasətçi, yazıçı, alim, filosof qadın kifayət qədərdir. Sadəcə olaraq bu qadınların əməklərindən və bilgilərindən səmərəli istifadə olunması üçün hüquqi, demokratik siyasi rejimlər və hökumətlər qurulmalıdır və  düşünürəm ki, məhz biz qadınlar belə hökumətlərin və rejimlərin qurulmasına çalışmalıyıq. Utopik sosialist nəzəriyyəsinin banisi Şarl Füryenin "qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır”  fikrini çox bəyənirəm. Bu ideya  dövlət siyasətinin əsas hədəflərindən biri olmalıdır. Eyni zamanda H.Cavidin "Sürüklənən bəşəriyyət qadınla yüksələcəkdir” fikri də Azərbaycanda şüar olaraq qalmasın. Yetişdirdiyimiz hər bir fərdin, vətəndaşın vicdanına sirayət etsin, sosial əxlaqımızın əsas göstəricisinə çevrilsin.

Aysel Əlizadə
qadinkimi.com