İnsanın həyatına təsir edən bir çox faktor onun hansı sosial statusa, hansı sinifə aid olmasına görə formalaşır. Bunlar insanın sosial-iqtisadi durumu, məşğuliyyəti, gəlir və təhsil səviyyəsidir. İnsanlar arasında sosial sinif fərqi bütün dövrlərdə mövcud olub və təəssüf ki, belə də davam edəcək.
Uşaqlıqda aid olduğumuz sosial-iqtisadi mühit gələcəkdə dünyagörüşümüzün, başqaları ilə münasibətlərimizin, cəmiyyət tərəfindən necə qəbul edilməyimizə qədər bir çox vacib amillərin xəbərçisidir. Bu, təkcə günümüzün, içində olduğumuz sistemin reallığı deyil, bütün sistemlərin və bütün dövrlərin reallığıdır: əgər maddi mənada əlin güclüdürsə, sosial statusa sahibsənsə, deməli, bir çoxlarından bir çox mənada öndəsən.
Sosial-iqtisadi səviyyənin mühüm göstəricilərindən birincisi aylıq gəlirin miqdarıdır: bu səviyyə aylıq gəlirə görə aşağı, orta və yüksək səviyyələrə bölünür.
Aşağı sosial-iqtisadi səviyyə yoxsulluq və kasıblıq anlayışları ilə uyğundur. Amma əvvəlki dövrlərə nəzərən kasıblıq anlayışında nisbətən dəyişiklik var. Kasıblıq insanın maddi baxımdan əsas ehtiyaclarını ödəyə bilmədiyi vəziyyətdir. Yəni kirayə xərclərini qarşılamaqda, kommunal xərcləri ödəməkdə çətinlik çəkmək, əsas qida ehtiyaclarını tam təmin edə bilməmək, cırıq ayaqqabı, nimdaş paltara sahib olmaq kasıblıqdır. Amma günümüzdə çeşid-çeşid paltarlar ala bilməmək, bahalı telefon almağa maddi gücünün olmaması insanı kasıblar sinfinə salır. Belə başa düşülür ki, yoxsulluq cəmiyyətlər üçün sosial-psixoloji hadisə kimi ortaya çıxır. Heç şübhəsiz, bütün bunlar sistemin bizə qarşı tətbiq etdiyi manipulyativ təzyiqin psixoloji nəticələridir.
Həm dünyada, həm də ölkəmizdə həqiqi mənada yoxsul, imkansız, uşaqlı ailələr var. Bəzi araşdırmalar yoxsulluğun uşağın intellektual və emosional inkişafına təsirinin onun bioloji təsiri qədər vacib olduğunu sübuta yetirir. Yoxsulluq uşaqlıqdan insanların psixo-sosial inkişafına ciddi təsir göstərir.
Araşdırmalara görə, hiperaktivlik və aqressivlik daha çox kasıb ailələrin uşaqlarında müşahidə olunur. Eləcə də bir sıra qeyri-etik davranışlara məhz bu təbəqədən olan uşaqlar daha çox yol verirlər. Onar varlı ailələrin uşaqları ilə eyni məkanı paylaşdıqda daha çox utancaqlıq, qorxaqlıq və itaətkarlıq kimi davranışlar göstərirlər. Ümumiyyətlə, ictimai fəaliyyətlərə qatılmaqdan qaçır, arxa planda qalmağı seçir, yaşlandıqca həyatları ilə bağlı düşüncələrində ümidsizliyə qapılırlar. Yoxsulluq içində böyüyən uşaqlar xüsusilə yeniyetməlik dövrlərində ciddi problemlərlə üzləşirlər.
Digərlərinə nəzərən ailənin kasıblığı səbəbindən bir çox imkanlardan məhrum olmaq onlarda həyata qarşı qəzəb, ümidsiz, aqressivlik formalaşdırır. Bu uşaqların həyatındakı ən pis reallıq da bir çoxunun hələ kiçik yaşlarından ailənin dolanışıq xərclərini qarşılamaq mücadiləsinə ortaq olmasıdır. Kasıblıq təkcə insanın sahib olmağa haqqı çatan bir çox imkanlardan məhrum olması deyil, həm də işləmək məcburiyyəti deməkdir.
Araşdırmalar göstərir ki, ailənin uşaqlardan gözləntiləri də gəlir səviyyəsinə görə dəyişir. Bəzi ailələr uşaqlarını küçədə işlədirlər. Küçədə işləyən uşaqlar üzərində aparılan araşdırmalardada onların gələcəklə bağlı gözləntilərinin az olduğu, itaətkar və fanatik xüsusiyyətlərə sahib olduqları müşahidə edilib. İşləyən uşaqlar qidalanma, sağlamlıq kimi bir çox problemlərlə üzləşirlər. Əlbəttə ki, bunun səbəbi kasıblığın özüylə bərabər gətirdiyi başqa fəlakətlər: təhsilsizlik, dünyagörüş qıtlığı, düşüncə və təhlil qabiliyyətinin məhdudluğudur.
Təhsilin olmaması uşağın gələcəyə ümidlərini əlindən alır. Əgər bu uşaqların təhsili dövlət və ya müvafiq qeyri-dövlət təşkilatları tərəfindən dəstəklənərsə, çəkdikləri çətinliklərdən aldıqları güc onları arzuladıqları cənnəti yaratmaq üçün çox çalışmağa motivasiya edə bilər. Bəzi insanların əzmini, qazandıqları böyük uğurları onların keçirdikləri kasıb uşaqlıq çağlarını öyrəndikdə daha yaxşı anlamaq olur. Amma bu insanların sayı kasıblıqdan oğurluq, qaçaqmalçılıq və bir sıra pis vərdişlərə sahib olanlarla müqayisədə dəfələrlə azdır.
Çox uzaq bir diyarda, ABŞ-ın Havi ştatında yerləşən Kaua adasında yüksək risk qrupuna aid ailələrdə böyüməyin uşaqlara təsiri ilə bağlı aparılan araşdırmanın nəticələri də bunu deməyə imkan verir. 1955-ci il təvəllüdlü 698 uşaq üzərində aparılan həmin araşdırma düz 40 il davam edib. Bu uşaqların valideynləri müxtəlif irqlərdən olan təhsilsiz ferma işçiləri idi. Onların 54 faizi tamamilə yoxsul ailələr olmaqla yanaşı, böyük əksəriyyətinin ailəsində zorakılıq, alkoqolizm, boşanma, ciddi sağlamlıq problemləri, ruhi xəstəliklər kimi bir çox mənfi hallar da vardı. 40 illik müşahidənin nəticəsi isə belədir: Bu uşaqların yarısı yoxsulluq içində yaşlandı, hər 6 uşaqdan birinə əqli qüsurlu diaqnozu qoyuldu, üçdə ikisinin həyatının ilk on ilində ciddi öyrənmə problemi olduğu təsbit edildi.
Bununla belə, tədqiqatçılar müəyyən ediblər ki, bu uşaqların yalnız üçdə biri kifayət qədər normal fərdlər kimi həyatlarını davam etdiriblər. 698 uşağın yalnız bir faizi kasıblıqdan "sağlam" çıxmağı bacarıb. Tədqiqatçılar bu uşaqları digərlərindən fərqləndirən amilləri müəyyən etmək üçün onların fərdi xüsusiyyətlərini, ailə quruluşlarını və ətraf mühit faktorlarını araşdırıblar. Məlum olub ki, onlar digər həmyaşıdları ilə müqayisədə daha müstəqil, empatiya qabiliyyəti olan, hazırcavab, maraqları güclü və həmyaşıdları ilə daha yaxşı münasibət qurmağı bacaran, problem həll etmək bacarıqlarına malikdirlər.
Uşaqlıq çağında olduğu kimi, yeniyetmə və gənclik dövrlərində də yoxsulluq psixo-sosial inkişafa mənfi təsir göstərir. Yeniyetməlik şəxsiyyət böhranlarının yaşandığı ən çətin böyümə çağıdır. Bu dövrdə insanın xarakteri formalaşır, cəmiyyətdə yer tutmaq, status qazanmaq arzuları yüksək olur. Yaşıdlar, dostlar arasında rəqabətin ən güclü olduğu mərhələ sayılan yeniyetməlikdə gənc həm ailə, həm də sosial çevrəsindən hər cür dəstəyə ehtiyac duyur. Bu mərhələdə ailənin yoxsulluğu gənc fərdin arzularının qarşısında ən böyük əngəldir. Yoxsulluq ucbatından gənclər lazımi məşğuliyyətlərdən yararlana bilmir: kino, teatr, səyahət, muzeylər və sair kimi inkişafı və dünyagörüşü dəstəkləyən bir çox fəaliyyətlərdən məhrum olurlar. Bu da yoxsul gənclərin bacarıqlarının inkişaf etməsinin qarşısında böyük maneəyə çevrilir. Bir çox pullu sosial fəaliyyətdən yoxsulluq ucbatından məhrum qalan gənc depressiv və aqressiv olur, mənfi xüsusiyyətlər qazanırlar. Bəzi araşdırmalara görə, yoxsul yeniyetmənin bu yaşlarda valideynlərə, dövlətə, məktəbə, varlılara, özünə qarşı düşmənçilik hissləri bəsləməsi cinayət törətməsinə zəmin yaradır.
Nəticə olaraq araşdırmalar yoxsulluğun gəncləri sosial və psixoloji baxımdan zədələdiyini, sosial bacarıqların (ünsiyyət, yardımlaşma, kömək istəmək, anlayış, komanda işi və s.) inkişafına mənfi təsir etdiyini göstərir. Bura qədər kasıblığın uşaqların həyat tablosundakı rənglərini sözlərlə təsvir etməyə çalışdıq. Bütün bu statistikalar onu göstərir ki, kasıbların getdikcə daha da kasıblaşdığı, varlıların daha da varlandığı cəmiyyətlərdə kasıb əhali, ailələr və xüsusilə onların uşaqları üzərində sosial və psixoloji dəstəyin ciddi şəkildə təmin olunması vacibdir. Yoxsulluğun "atadan oğula" prinsipindən çıxarılması, xronikiləşməsinin qarşısının alınması yalnız təhsillə mümkündür. Təhsillə kasıb bir insanın övladı kasıblıqdan xilas ola, həyat şərtlərini yaxşılaşdıra bilər.
Həmçinin, bu gün ölkəmizdə universitetlər, muzeylər, kino və teatrlar, sosial aktivliyi dəstəkləyən bir çox yararlı sahə, müəyyən güzəştləri nəzərə almasaq, hər kəs üçün pulludur. Uşaqlar və gənclər üçün bütün bunların ödənişsiz olması, xüsusilə təhsil sahəsində dəstək görmələri bir çox problemlərin həlli üçün onlara qapı açmaqda ən optimal yol olardı.