UŞAQ / BÖYÜK
Uşaqda kitab oxuma vərdişini necə yaradaq? Tarix : 31 İyul 2019, 19:22
Yazar : Qadinkimi.com
S.Vurğun deyib: "Kitabsız bir ömrün nə mənası var". 

Zəngin mütaliəsi olan insan mənəvi zəngin insan deməkdir. Müasir dövrümüzdə elmin texnikanın, nanotexnologiyanın sürətli inkişafı insanları kitab oxumaqdan uzaqlaşdırıb. Müasir texnologiyaların kitablar üzərində qələbə çaldığı bir dövrdür. 

Bəs insanları kitab oxumağa necə cəlb etmək olar? 
 


Kitab oxumağı necə vərdişə çevirmək olar? 

Uşaqlıq yaşlarından başlamaq lazımdır. Uşağın formalaşdığı ilk sosial mühit ailə olduğundan ilk vərdişlər də ailədə formalaşır. Valideyn öz şəxsi nümunəsindən çıxış edərək kitab oxumağı uşaqda vərdişə çevirə bilər. 

Uşaqlar təqlid etməyi sevdiyindən valideynin hərəkətlərini təkrarlamağa başlayacaq. 

Uşaqda kitab oxuma vərdişini necə yaradaq? 

 


Hər gecə yatmazdan öncə uşaqla birlikdə 15-20 dəqiqəlik oxu çox faydalıdır. Hər gün təkrarlanan hərəkət artıq vərdiş halına keçir. 

Uşağı oxumağa cəlb etmənin bir neçə üsulu var. 

Onlardan birincisi, kitab hədiyyəsidir. Uşağa doğum günü hədiyyəsi olaraq müxtəlif bahalı hədiyyələr deyil, onun marağına, psixologiyasına, yaş səviyyəsinə uyğun olan kitab hədiyyə etmək məqsədəuyğundur. Bu məsələdə kitabın uşağın yaş səviyyəsinə uyğun olması mütləqdir. Onun yaş səviyyəsinə uyğun olmayan kitab uşaqda marağın itməsinə səbəb ola bilər. 
 

Evdə kitablar üçün xüsusi məkan yaradın. Bu məkanı "kitab guşəsi" də adlandırmaq olar. Burada valideynlərin kitabları ilə yanaşı, uşaq ədəbiyyatına aid nümunələrinin olması da mütləqdir. Kitabxana ilə sıx əlaqəsi olan valideynin övladı ilə birlikdə kitabxanada vaxt keçirməsi və onun maraq dairəsinə uyğun olan ədəbiyyatın seçilməsi, kitaba olan marağı artıran faktorlardan biridir. 

Oxunmuş kitabın valideynlərlə müzakirə edilməsi də ən effektiv üsullardan sayılır. 

Yapon cəmiyyətində belə bir qayda vardır ki, körpələrə çox kiçik aylarından başlayaraq kitab qoxuladırlar. Körpələr tədricən kitab qoxusuna öyrəşdirilir. Psixoloqların fikirlərinə görə insanda beyin, göz, qulaq yaddaşı ilə yanaşı qoxu yaddaşı da var. Qoxu yaddaşı ən uzun müddətli və güclü yaddaşdır. 
 


Savadlı, intellektual, liberal düşüncəli vətəndaşlardan ibarət olan cəmiyyət yaratmaq istəyən hər bir ölkə kitab təbliğatına, böyük önəm verir. KİV- in kütləvi təsir gücünü nəzərə alsaq, ən böyük məsuliyyət televiziyaların üzərinə düşür. Televiziya daha böyük auditoriyanı əhatə etdiyindən, kütləvi təbliğatın aparılmasında böyük rola malikdir. Televiziyalarda tez-tez kitablar haqqında video çarxlar verilsə, kitaba maraq artar. 

İctimai yerlərdə (metro,avtobus dayanacaqlarında, xəstəxanalarda) kitablar üçün xüsusi yerlərin olması da bu marağın güclənməsinə xidmət edər. Bu zaman insanların avtobus və yaxud növbə gözlədikləri zaman həmin kitablardan yararlanmaları üçün şərait olur. 
 


Kitab oxumaq, kitabdan əldə olunan informasiyalar uşaqların fərdi, psixoloji xüsusiyyətlərinin inkişafına  təsir göstərir. Uşaqların kitab oxumalarının ən böyük avantajlarından biri, uşağın lüğət tərkibinin zənginləşməsidir. Nağıl, hekayə oxuyan uşaq çoxlu yeni söz öyrənir. Söz arsenalı bol olan uşağın nitq qabiliyyəti inkişaf edir, fikirlərini, emosiyalarını dəqiq və səlis ifadə edə bilir. Savadlı yazıya və nitqə sahib olur. Mütaliəli uşaq hadisələrə şərh verməyi, ətrafda baş verənləri təhlil və analiz etməyi bacarır. Bundan başqa oxu diqqət, hafizə, təfəkkür, təxəyyül, qavrayış, duyğu kimi psixi prosesləri inkişaf etdirir. Elmi araşdırmalar göstərir ki, kitab oxumaq vərdişi beyində neyron əlaqələri yaradır və bu, zəkanın inkişafını sürətləndirir. 

Kiçik yaşlarından kitab oxuma vərdişi olan uşaqlar özlərini gələcəkdə daha yaxşı ifadə edə bilirlər. Bu uşaqlar təhsildə də uğurlu olurlar. Hər birimiz bilməliyik ki, həm uşağın, həm də ölkənin gələcəyini "qranit" kimi möhkəm sütunlar üzərində qurmaq üçün uşaqları kitaba yönləndirməyimiz vacibdir. 
 


Azərbaycanın görkəmli dramaturqu C.Cabbarlı deyirdi: "Əgər bir millətin anası savadsızdırsa, o millət kordur". Bir millətin gələcəyinin məsuliyyəti həm də biz anaların üzərinə düşür. İlk növbədə anaların savadlı olması vacibdir. Savadlı ana, savadlı qadın-işıqlı cəmiyyət deməkdir.


Müəllif: Zarema Əliyeva
Qadinkimi.com