YAZI / DÜŞÜNCƏ, KİŞİ KİMİ
TƏRLAN QULİYEVİN 21 YAŞINA HƏDİYYƏSİ Tarix : 26 Fevral 2021, 13:10
Yazar : Kamalə Abiyeva


2000 – ci il yanvarın 26-da anadan olub Quliyev Tərlan Mehman oğlu. Astarada Ərçivan qəsəbəsində. Ərçivandakı 4 nömrəli tam orta məktəbin məzunudu. 3 qardaşdan ikincisidi Tərlan. Şəkillərinə, video görüntülərinə baxdım. O qədər gülərüzdü ki. Şən, dəcəl, mehriban – belə gördüm Tərlanı. "Eləydi”-deyir onu oğlu kimi böyüdən, 4 nömrəli məktəbin dil-ədəbiyyat müəllimi olan xalası Xəyalə xanım.”Çox şən, zarafatcıl, mehriban idi. Hədsiz qayğıkeş idi”.

Yaşının, təbiətinin çılğınlığına baxmayaraq böyüdükcə doğum günündə ürəkdən sevinə bilmirdi Tərlan. 26 tarixi iri, qara gözlərinə kədər salırdı: 26 - sınd

Bəlkə də hər il yanvarın 26 – da təkcə özü böyüməyib, Xocalı dərdi də, Vətən ağrıları da böyüyüb onunla birlikdə? Ona görə arada "Xocalını da azad edəcəyik, Şuşaya gedəcəyik biz”- deyib tez-tez.

Həyat həmişə üzə gülmür. Birdən elə şillə çəkər ki, səndələyərsən, güclə ayaqda qalarsan. Bir dayağın, tutacağın olmasa, yıxılarsan... Şəxsi həyatı alınmayan Xəyalə müəllimə üçün də Tərlan yaşamaq səbəbi idi.Bütün həyatını ona bağlayıb. "Sən mənim xalam yox, anamsan, mən xoşbəxtəm-iki anam var” deyərdi Tərlan. "Həmişə ona naz edərdim ”mənim yaraşıqlım, gözəlgözlüm” deyərdim. O mənim oğlum idi. Onun iki anası vardı: bacım Vüsalə, bir də mən. Çox vaxt yanımda qalırdı. Hər gün səhər tezdən onun görüşünə gedirəm indi. Yenə əzizləyib, oxşayıram. Çoxlu güllər əkmişəm məzarına, gülləri çox sevirdi, deyirəm güllərin ətrinə oyanar bəlkə... Hər yerdə onu axtarıram. Şair deyiləm, onun üçün şeirlər yazıram:

Bu axşam yenə də ürəyim dolub,
Gözlərim yol çəkir, gələsən bəlkə...
həsrətli baxışlar yollara qonub
Mənim həsrətimi görəsən bəlkə...”

"Mənim övladımdı. Tək mənim yox, hamının sevimlisi idi. O qədər dostu vardı ki. Mən Tərlan haqqında nə deyim ki? Hansı söz bəs edər onu bəzəməyə? Vətən sevdalısıydı. Könüllü getdi müharibəyə. "Getmə” də deyə bilməzdik. Özü də fərqliydi. Ölümü də fərqli oldu. Bir ana üçün övlad itgisindən ağır nə ola bilər? Amma oğlum Vətəni üçün Şəhid olmaq istəyirdi. Həmişəki kimi qürur yaşatdı bizə” – söylədi Vüsalə anası.
Övlad itgisinə təsəlliverici söz tapmaq olmur. Nə Vüsalə xanımın, nə də "onsuz yenə tək qaldım” deyən Xəyalə xanımın göz yaşlı səsinə cavab verə bilmirdim.

"Nə gizlədim, dedim, bəlkə getməyəsən, qala bilərsən. Atası Bələdiyyə sədridi, düşündüm ki, saxlada bilər”. ”Nə danışırsan? Nə özümə, nə sizə, nə də atama bunu yaraşdırmaram. Ömrümü ”atası saxlatdırdı” sözü ilə yaşaya bilmərəm. Atam da etməz bunu. Mən alçaq deyiləm. Siz məni belə böyütməmisiz axı... Şəhid olmaq alçaq kimi yaşamaqdan min dəfə, milyon dəfə şərəflidir. Nə fərqi var nə vaxt öləcəm? Necə ölməyin fərqi var”- deyib üzümə elə baxdı ki... Hələ də o baxışları unuda bilmirəm. Tərlan istədiyi kimi Şəhid olub, mənsə hələ də dediyim sözün peşmanlığın çəkirəm...

Ömrün elə çağındaydı ki, Tərlan hər saat, hər gün arzularına sarılırdı, ilk sevginin şirinliyində xumarlanırdı, bütün həqiqətlərin gözəlliyinə inanırdı... Uçurdu. Uçurdu Tərlan elə tərlan kimi. Yaş o yaşdı – xəyallardan qanad taxıb uçarsan. Amma bütün bunlardan daha üstün, daha möhtəşəm arzusu vardı Tərlanın. Düşünəndə gözəlliyindən qürür duyduğu, inandığı, güvəndiyi həqiqəti vardı Tərlanın: Qarabağ Azad olacaq! Xocalı qisası alınacaq. Döyüş yoldaşları da bunu təsdiq etdilər: O qədər əmin idi ki, qələbəyə. Başımıza güllə yağanda, sağ qalacağımıza ümid etməyəndə belə Ali Baş Komandan kimi yumruğunu qaldırıb şən səslə ”Qarabağ Azərbaycandır və nida” deyirdi. Kiminsə üzündə azca tutqunluq görən kimi "Gül, sevin, Zəngilana gedirik, Qubadlıya, Şuşaya, Xankəndinə gedirik - deyə ruh verirdi adama –dedi Emil. Bir də dedi ki, " Bir sinifdə oxumuşuq, illərlə bir yerdə olmuşuq, bir-birimizi bu qədər tanımamışıq. Döyüşdə 3 gün də bir yerdə olsan, adamı daha yaxından tanıyırsan. Tərlanı qəhrəman kimi tanıdım. Ona baxıb fəxr edirdim”.

Fizuli, Ağdərə, Cəbrayılda ən ağır döyüşlərdə olub ilk gündən Tərlanımız. Cəbrayıl uğrunda döyüşlərdə snayper gülləsinə tuş gəlib İkinci Qarabağ Savaşının könüllüsü Tərlan Mehman oğlu Quliyev.

 

Döyüş yoldaşı Şamxalın söylədiklərindən: Cəbrayıl istiqamətində irəliləməliydi bölüyümüz. 3 taqıma bölünmüşdük. Tərlan ilk taqımda idi.Yəni həmişə irəlidə olmaq istəyirdi. Orda strateji əhəmiyyətli yüksəkliklər var, onları ələ keçirməliydik. 4 saatdan artıq yüksəkliyə qalxdıq, 5 saat döyüş oldu. Yüksəkliyə qalxanda ağırlıq etməsin deyə, ərzaq, su ehtiyatlarını götürmürdük. O döyüşdə Tərlan yaralandı və şəhid oldu. Biz də geri addım atmadıq. Nə yaxşı ki, Vətən qarşısında da, şəhid olan döyüş yoldaşlarımız qarşısında da borclu qalmadıq”.

 

 


 

 


İkinci Qarabağ Savaşı başlayanda Tərlan Həqiqi Hərbi Xidmətini 8 ay idi qayıtmışdı. Savaş başlayan kimi döyüşə yollandı Tərlan. Atası Meman Quliyev rayonun, qəsəbənin hörmətli insanlarındandır. Oğlunu "gizlədə” bilərdi. ”Mən bunu oğluma necə qıyardım? Valideynlər övladlarının arzularını yerinə yetirmək üçün çalışır ömür boyu. Mən qürurlu, vicdanlı oğul böyütmüşdüm. "Bilirəm ki, qələbə bizimdir. İstəyirəm torpaqlarımızın azadlığında mənim də payım olsun” . Mən oğlumun bu müqəddəs arzusuna qarşı necə çıxardım? Nə mən, nə də Tərlan bu utancla yaşaya bilməzdik” – dedi Mehman bəy.

Torpaq hamıya Vətən olmur. Onu sadəcə yaşayış yeri sayanlar gizlənər. Onların Vətəni olmur. Torpaq Vətən adını yaşadanlarındı - Tərlan kimi tərlanlarındı.

26 yanvar 2021- ci ildə 21 yaşı oldu. 21 yaşına "Cəbrayılın azadlığı uğrunda”, "Vətən uğrunda” medallarını, Azərbaycana isə Qələbə sevincini yaşadan oğul hədiyyə etdi Tərlan.

 

İndi doğma Astaranın 5 nömrəli tam orta məktəbində 9 b sinfi Tərlan Quliyevin adını daşıyır. Sinif Rəhbəri İradə Qaçayeva ömrünün 40 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Biliyi, məsuliyyəti, vətənsevərliyi ilə seçilib: Astara Birinci və İkinci Qarabağ savaşında xeyli şəhid verib. Cəsurluğu ilə seçilir cavanlarımız. Biz də onları yaşatmalıyıq. Böyüyən nəsil öz qəhrəmanlarını tanımalı, onlar kimi vətənsevər olmalıdır. Düşündüm ki, ən azı sinfimiz onlardan birinin adını daşıya bilər. Şagirdlərim bu təklifə o qədər sevindilər ki. İndi sinfimiz Tərlan Quliyevin adını daşıyır. Ailəsilə görüşürük. Doğum günündə də ziyarətinə getdik.”

 

Məncə təqdirə layiq addımdır. Bütün məktəblər nümunə götürə bilər.