SEVGİ, QADIN / KİŞİ
Təranə Məmmədin "Yasəmənli eyvan"ı Tarix : 07 İyun 2021, 17:01
Həyatımda baş vermiş maraqlı bir hadisəni qələmə almaq istəyirdim. Lakin bu həyat hekayəsinin sonunu heç çür görə bilmirdim. Həmişə düşüncələrim yarımçıq qalır, tamamlanmırdı. Çünki bir zaman mənim həyatımda əhəmiyyətli rol oynamış və haqqında yazmaq istədiyim Yasəmən adlı qadının ömrü mənə məlum deyildi. Təbii ki, təxəyyül gücünə nələrsə yarada bilərdim, amma hər dəfə yazmağa başlayanda sanki hansısa qüvvə məni yazını tamamlamağa qoymurdu.

Bir neçə il bundan əvvəl ailəmizdə ciddi problemlər yaşanırdı. O dərəcədə ciddi ki, məhkəməyə boşanma haqda ərizə də təqdim etmişdim.
- Niyə boşanırsınız ki?- deyə ərizəmi qəbul edən cavan qız məni qəribə baxışla süzüb sual verdi.
- Məncə izahat verməyə məcbur deyiləm,- deyə mən sərt cavab verdim.
Qız heç nə demədən sənədləri alıb kənara qoydu. Sağollaşıb çıxmaq istəyirdim ki,
- Çalışın qadınınızı xoşbəxt edin,- deyə qız yenə mənə tərs- təsr baxdı.
Düzü, ürəymdən çönüb bu özünü məndən ağıllı hesab edən qıza ağır bir cavab vermək keçdi, lakin son anda əsəblərimi cilovlayıb geri döndüm və:
- Xanım, xoşbəxt edin nə deməkdir? Məm neyləməliyəm ki, qadın xoşbəxt olsun?- deyə əsəbi halda soruşdum.
- Ən azından öz xanımınızı o dərəcədə yaxşı tanımalısınız ki, onun ən ümdə bir arzusunu yerinə yetirib onu xoşbəxt edəsiniz.
- Heç dəxli var? Ailə, uşaq, neçə il bir yerdə yaşadığımız zaman. İndi deyirsiz yəni mən arvadımı yaxşı tanımıram?
Qız əlindəki sənədləri rəfə qoyub susdu.
- Məsələn, sizin belə bir arzunuz varmı?- deyə mən bu qəribə dialoqu davam etmək istədim.
Qız bu sualı gözləyirmiş kimi gülümsədi və:
- Var. Əlbəttə var. Amma mənim arzumu yerinə yetirən yoxdur.
- Demək siz də boşanmısınız.
- Yox, mən boşanmamışam. O adama rast gəlməmişəm hələ.
- Nə isə, xoşbəxt olun! – deyib otaqdan çıxmaq istədim.
- Niyə soruşmursuz arzum nədir?- deyə qız yenə gülümsədi.
- Nədir?
- Yasəmənli eyvan.
- Nə?!
- Görürsüz? Sizə qəribə gəlir. Elə bilirsiz ki, qadınların sizdən istədiyi nəsə bir qeyri-adi şeydir? Yox. Əslində bizim üçün önəmli olan adi insanı hisslərdir. Biz duyulmaq, eşidilmək istəyirik. Biz istəyirik ki, siz bizi susanda da eşidəsiniz. Ürəyimizdən keçənləri biləsiniz. Qadın onda özünü başqa cür hiss edir. Bunu anlamaq bəlkə də çətindir, amma bu belədir.
- Qəribədir. Niyə məhz yasəmənli eyvan?
- Çünki yasəməni çox sevirəm. Hətta bir dəfə çiçəkləmiş yasəmən ağaçına baxa-baxa getdikdə yıxılıb ayağımı sındırmışam,- deyə qız gülə-gülə cavab verdi.
- Deməli, hesab edirsiz ki, yasəmənli eyvanınız olsa xoşbəxt olacaqsınız?
- Hə. Daha nə lazımdır ki?
Mən başımı bulayıb otaqdan çıxdım. Məhkəmə binasından çıxıb yaxınlıqdakı kafedə oturdum. Xeyli düşündüm. "Bəlkə doğrudan da mən diqqətsizəm? Bəlkə uşaqların anasına yetərincə diqqət göstərmirəm? Görəsən onun da bir arzusu varmı? Heç yaşadığımız bu illərdə onun arzularıyla, daxili aləmiylə maraqlanmamışam axı... Məsələn, "yasəmənli eyvan” kimi bir arzusu ola bilərmi onun da?”- deyə düşünürdüm. Belə qərara gəldim ki, gedib yoldaşımla barışım və ona qarşı daha diqqətli olum. Bəlkə inanmayacaqsınız, amma belə də oldu. Biz barışdıq. Münasibətimiz o qədər gərgin idi ki, barışmağa heç ümid yox idi.Lakin mən qürurumu boğub yoldaşımdan dəfələrlə diqqətsizliyimi, köbudluğumu bağışlamağı xahiş etdim. Ona başqa gözlə baxdım. Qadının içində nələr olduğunu görmək o qədər də çətin olmadığını anladım. Sadəcə bir qədər diqqətli olub onun gözlərinin dərinliyinə baxıb görmək olar ki, qadın gözləri bir ümmandır. Bütün bunları anlamaqda mənə bir cavan qız, bələkə də məndən on yaş kiçik incə bir varlıq kömək etdi.
Hər dəfə ailəmlə süfrə arxasında oturanda "bir zaman mən bunları itirə bilərdim,”- deyə düşünür və hər dəfə də mənə düzgün yol göstərən qızı minnətdarlıq hissiylə yada salırdım.
Günlərin birində bir dəstə gül alıb məhkəməyə getdim. Bir zaman mənim sənədlərimi qəbul edən qızı axtardım.
- Yasəməni deyirsiz?
- Adını bilmirəm.
- Yasəməndir adı. O artıq burda işləmir.
- Bəs onu harda görə bilərəm?
- Bilmirəm. Burdan gedəndən sonra heç əlaqəmiz yoxdur onunla.
Yasəmən üçün aldığım gülləri gətirib yoldaşıma verdim və ona bir il əvvəl məhkəmədə olanları olduğu kimi danışdım. Bu söhbət bərpa olunmuş ailəmizə bir az da gözəllik qatdı. Yoldaşım mənə yasəmən haqda bilmədiklərimi də anlatdı. O dedi ki, qadınlar üzlərinin dərisinin təravətli olması uçun yasəmən çiçəyindən istifadə edirlər, yasəmən çiçəyinin ətri qadın orqanizmində bir sıra hormonları tənzimləyir, yasəmənin yarpaqları bir neçə dərmanın tərkibində istifadə edilir və nəhayət, həyətində yasəmən ağaçı olan qadın özünü çox xoşbəxt hiss edir. Yoldaşımı dinlədikcə mənə elə gəlirdi ki, yasəmən mistik bir çiçəkdir.
- Bəlkə sənin də yasəmənli eyvan keçir ürəyindən? – deyə mən zarafat etdim.
- Yox.Yasəmənli eyvan yox, amma hər bahar bir dəstə yasəmən alıb evə gətirsən məmnuniyyətlə qəbul edərəm,- deyə yoldaşım cavab verdi.
O vaxtdan hər il yasəmən çiçəyi görən kimi mütləq yoldaşıma bir iri dəstə alıb gətirirəm.
 
 
Dər saxla yasəməni… - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi 


Bu gün Almaniyanın kiçik şəhərlərinin birindəyəm. İşlə əlaqədar gəlmişəm bura. İşə başlamazdan əvvəl bizi şəhərin görməli yerləriylə tanış etdilər. Şəhər kiçik olsa da çox səliqəli və özünəməxsusdur. Küçələrin birində gördüyüm kiçik ev diqqətimi cəlb etdi. Evin eyvanından sallanan yasəmən budaqları məni yenə o uzaq günlərə apardı.
- Bu yaşayış evidir? – deyə mən bizi müşayət edən qadından soruşdum.
- Bəli. Yaşayış evidir.
Mən ünvanı yadımda saxlayıb ertəsi gün həmin yerə gəldim. Cürət edib evin qapısını döydüm. Qapını bir qız açdı.
- Mən xarici turistəm. Bir sual vermək istəyirəm,– deyə ingilis dilində bildiyim gədər izah etməyə çalışdım.
- Nə lazımdır?- deyə qız soruşdu
- Bu evin sahibi kimdir?
- Bu ev bizimdir.
- Ananız almandır?
- Yox. Anam türkdür.
- Siz türk dilini bilirsiniz?
- Bəli. Bilirəm.
- Ananızın adı Yasəməndir?
- Bəli. Siz anamı tanıyırsınız, siz də türksünüz?!
- Ananız sağ salamatdırmı?- deyə nədənsə soruşdum.
- Anamla atam bu evi alan günün səhəri avtomobil qəzasında həlak olublar, mən nənəmlə yaşayıram burda,- deyə qız cavab verdi.
- Bağışlayın..., bağışlayın,- deyib evdən uzaqlaşdım...
Düşünürəm ki, indi illər boyu düşündüyüm bir hekayəni tamamlaya bilərəm, çünki o qadının Tanrı tərəfindən yazılmış taleinin sonunu artıq bilirəm. Mən düşündüyüm sonluqlardan çox fərqli olsa da, bu "Yasəmənli eyvan” adlı hekayəmin həqiqi sonluğu idi...
 
P.S. Əziz kişilər, yasəmənli eyvan olmasa da, qadınınızı xoşbəxt edəcək səbəblər tapa bilərsiz. Təbiiki istəsəniz...
 
 
 
Təranə Məmməd
 
qadinkimi.az