YAZI / DÜŞÜNCƏ
"Təmiz qız ixtisası" - Aysel Ateş Abdullazadə Tarix : 05 Fevral 2020, 14:00
Yazar : Qadinkimi.com
İctimai şüurumuzda formalaşmış qəliblər var ki, sadəcə elə şüuraltında yer edib özünə. Heç bir reallığı yoxdur. Üzdə olan, görünən tablo tam fərqlidir. Heç bir ayrıseçkilik etmədiyimizi deyirik, hamı hər yerdə qız və oğlan uşaqlarına fərq qoymadığından ağız dolusu danışır. Bəs, məsələ təhsilə gələndə, icra olunacaq məcburiyyətlər ortaya çıxanda niyə o fərqi həmən ortaya qoyuruq? Görünən o ki, özümüzü aldadırıq...

Təhsildən danışacağam sizə. 

Müəllim ailəsində böyümüşəm. Atam repetitor olub, ağlım kəsəndən qəbul imtahanına hazırlaşan abituriyentlərlə təmasda olmuşam, onların hazırlıqlarına baxmışam. İmtahan sonrası abituriyentlər gələr, atama, ballarına uyğun ali məktəblərdə vakant yerləri yazdırardılar. Müəllimlər bu işlə illərdir məşğul olduğundan toplanılan bala uyğun yerləri yazmağı yaxşı bilirlər. Uşaqlar da bunu güvəndikləri müəllimlərə həvalə edirdilər, bir növ taleləri o müəllimdən asılı olurdu.

Qəbul imtahanları yayda olduğundan evimizə valideynlər gəlirdi, övladlarının imtahan nəticələrini müzakirə edirdilər. Sakitcə yanlarında oturub onlara baxardım. Diqqətimi həmişə bir şey çəkərdi - qızlar ucdantutma müəllimlik ixtisasını yazırdılar. Daha doğrusu, onların səsi çıxmazdı, valideynləri belə istəyərdi. "Nə olur olsun, tələbə olum" deyə düşünən abituriyent də sakitcə başını aşağı salıb içindəki sevdiyi ixtisasa yiyələnmək arzusunu boğardı o an.

Bir dəfə bütün (mümkün olan) universitetlərdə müəllim olsun deyə biologiya ixtisasını yazdıran valideynə qızı etirazını bildirdi: "Bu qədər bal toplamışam, mən həkim olmaq istəyirəm" dedi. Atanın: "ay qız, otur oturduğun yerdə, həkim olan çıxıb bu" dediyi çığlıqlı səs hələ də qulağımdadır. Qız sakitcə başını aşağı saldı. Və biologiya müəllimi oldu. O müəllim qız bu gün bəlkə də sizin, bizim övladlarımıza dərs keçir. Hansı şərtlərlə o ixtisasa yiyələndiyini düşünəndə keçəcəyi dərsin keyfiyyətini təxmin edə bilirsinizmi? İstəmədiyin, sevmədiyin bir işi necə layiqincə görə bilərsən ki?
İçindəki arzusu çilik-çilik olan bir müəllimdir o. Şagirdlərini necə sevəcək, əli iynə-dərman tutmaq istərkən, necə qələm tutacaq?
Ağ xalat geymək istəyini necə dəyişəcək?

Bu gün cəmiyyətdə minlərlə belə peşə sahibləri var. Onları sevdiyi sahədən ayıran, əlləri ilə yaxasından tutub uzaqlaşdıran atalar, analar var. Nə üçün? Qız olduğu üçünmü həkim, mühəndis, mühasib, jurnalist, incəsənət nümayəndəsi, iqtisadçı ola bilməz?

Universitetlər nə qədər müəllimə ixtisasından qız, iqtisadiyyat sahəsindən isə oğlan məzunlar buraxır.
Nə qədər müəlliməliyi "təmiz, pak qız peşəsi" adlandıracaqsınız? Kimi aldadırsınız, özünüzümü?
Kim deyə bilər ki, bütün qadın müəllimlər əxlaqlı, vicdanlı, pak insanlardır, yaxud kim sığortalaya bilər ki, hər hansı zavodda, şirkətdə çalışan bir mühəndis qadın bu keyfiyyətlərdən uzaqdır? İxtisas, çalışma alanı insanlığa təsir edə bilməz. Peşənizin "təmizliyi" kimliyinizin gözəlliyinə dəlalət etməz, edə bilməz.

Əziz valideynlər, imkan verin övladlarınız, xüsusən də, qız övladlarınız istədikləri sahədə təhsil alsınlar, onların arzularını iki əlli şəkildə boğmayın, nəfəs verin, dəstək olun!
Qız peşəsi deyilən bir sənət növü, ixtisas alanı icad etməyin!
Övladlarınız arasında ayrıseçkiliyə son qoyun! Onları yaxşı insan olaraq yetişdirin, cinsə ayırmadan, insan kimi.
 
 

 
Aysel Ateş Abdullazadə
Türkiyə,  Antalya
qadinkimi.com