İki il əvvəl bir xəbər oxudum. Xəbər 16 yaşlı tanımadığım bir qızın faciəsi haqqında idi. Atası Rusiyada bir qadınla tanış olur, birlikdə yaşayırlar. Qadın hamilə qalır və kişi onu tərk edir. Qadının övladı dünyaya gəlir - qızı. Ana uzun illərdən sonra xəstəliyə tutulur və ölür. Gənc qız atasını axtarıb tapır. Onun yanına Azərbaycana gəlir. Ata bu qızı tezliklə nişanlayıb ərə verir. Toy gecəsi qızın bakirə olmadığı məlum olur. Qız başqa mentalitetdə böyüdüyü üçün bunu gizlətməyi ağlına gətirmir. Bəy qızı toy gecəsi öldürür. Mənə çox təsir etdi bu hadisə. Fikirləşdim ki, o qız bəlkə də öz ölkəsində xoşbəxt bir qadın ola bilərdi. Hər halda bu şəkildə ölməzdi. Tanımadığım bu qızın faciəsini sərgiləməyi qərara aldım. Oxşar faciələr haqqında sonralar da dəfələrlə xəbərlər oxudum. Daha çox material və statistik rəqəmlər əldə etdim. Araşdırmamın nəticəsidəki rəqəm dəhşətli idi. Qanunvericilikdə 18 yaşına çatmayan şəxslərin zorla evləndirilməsi və ya ərə verilməsi qadağan olunsa da, hər il Azərbaycanda 15-17 yaşlarında qızlar orta hesabla 3500 uşaq dünyaya gətirirlər. Bu kimi problemlərin səbəbləri və nəticələri haqqında çox yazmaq olar. İxtisaslı mütəxəssis olmadığımdan bunları qeyd etmirəm. Bu mövzu ilə bağlı bir rəssam kimi addım atamağa çalışdım. İki il "Nurcan” adlı layihəmi bir neçə dəfə gerçəkləşdirməyə cəhd etdim. Nəhayət bu il Yanvarın 25- i və Fevralın 1-i layihəm "Yarat Müasir İncəsənət Mərkəzi”nin nəzdində olan "Artım Layihə Məkanı”nda baş tutdu. Layihə üçün ayrıca şairə Aynur Cavid tərəfindən şeirlər yazıldı. Aynur xanımla 2014 - cü ildə Saatlı rayonunda "Bacarart” layihəsində tanış olmuşduq. Onun qızı bu layihəyə adını verən və layihədə gəlin rolunu icra edən Nurcandı.
Aynur xanım və qızı Nurcan böyük mədəni cəsarət nümayiş etdirdilər. Onlarsız layihəni reallaşdırmaq çox çətin olardı. Layihə 3 mərhələdən ibarətdi. İlk mərhələ hazırlıq idi - sosial mediada yaxın zamanda evlənəcəyimlə bağlı məlumat paylaşdım. Bununla insanları real toyumun olacağına inandırdım. Nəticə olaraq yüzlərlə təbrik gəldi. 2 - ci mərhələ layihənin əsasını əhatə edirdi. Sərginin açılış günü performans sərgilənəcəkdi. Performansın məğzi Azərbaycan toy adətlərinin ən duyğulu və önəmli sayılan qızın öz evlərindən toy məclisinə aparılması idi. Performans çərçivəsində sərgiyə gələn qonaqların gözü önündə bir anlıq sərgi salonu dönüb qız evinin əksi oldu. Salonun divarlarında şairə Aynur Cavidin 10-na yaxın şeiri, dekorasiya, rekvizitlər, inventarlar da önəmli rol oynadı. Sərgidə videoçəkiliş aparıldı. Gələn qonaqlar özləri də bilmədən bir sənət əsərinə çevrilirdilər. Performansdan sonra isə foto-artın çəkimləri baş tutdu. Fotolarda oğlan evindəki gərdək otağı, gəlinin gözlərindəki qorxu əks olunurdu. 3-cü mərhələ isə, sərgidən sonra salona fotoları və videonu yerləşdirməklə yanaşı, materialları media üçün hazırlamaq idi.
Mediada "BAKIDA GƏLİN TOYUNA QARA PALTAR GEYİNDİ" kimi başlıqlar getdi. Sosial media izləyiciləri arasında çaşqınlıq gördüm. Bir hissəsi məqalələri oxuyub sərgini bəyəndiyini deyirdi. Təbii ki, bəyənməyənlər də vardı. Amma gözlənilən kimi xəbəri oxumadan tənqidlər, hətta təhqir yazanlar da oldu. Onlar bunun real toy olduğuna inandılar. Düzü, bu da araşdırılması gərəkən mövzulardan biridir. İnsanlar xəbəri oxumadan gündəlik həyatda yığdıqları neqativ enerjini tanıdı - tanımadı başqalarına nifrət qusaraq sakitləşirlər.
"Nurcan" layihəsi bir rəssam, sənət adamı olaraq bu kimi gender və sosial problemlərə münasibətimdi. İnsanlar onu izləyib bəyənə və bəyənməyə bilər. İndiki mesajım isə budu: Hər hansısa problemə diqqət çəkmək istəyən adamları "daşlamaq” yerinə hər kəs cəmiyyətdə bir işin qulpundan yapışsa faydalı olar.
Qadinkimi.com