HƏR ŞEY / HEÇ NƏ
Sizcə xoşbəxtlik puldadır? Tarix : 30 Noyabr 2024, 21:04

 

"Xoşbəxtlik pulda deyil" ifadəsini yəqin ki, hamımız dəfələrlə eşitmişik.

Bəlkə də çoxumuz fikirləşmişik ki, bunu çox pulu olmayan insanlar özlərinə təsəlli üçün uydurublar.


Aramızda bu ifadəyə gülüb "xoşbəxtlik pulda deyilsə də, çox pul qazanıb bu fikrin doğruluğuna şəxsi təcrübəmlə əmin olmaq istəyirəm" deyə zarafat edənlər də olub. Hətta "uğuru" maddiyyat ilə səhv salanlar belə var.

 

Bəs siz inanılmaz dərəcədə çox pulu olan milyarder Stiv Cobsun həyatının sonunda həqiqi  xoşbəxtliyin bu dünyanın maddiyyatından asılı olmadığı qənaətinə gəldiyini bilirsizmi?

Necə olur ki, 56 illik həyatı boyunca iş dünyasında ən uca zirvələr fəth edən, "var-dövlət mənim üçün adət etdiyim bir faktdır" deyən Stiv Cobs sonda 30 milyon dollarlıq və 300 dollarlıq saatın eyni vaxtı göstərdiyi nəticəsinə gəlir? Bəli, hansı qiymətə saat taxmağından asılı olmayaraq ən dəyərli olan onun göstərdiyi vaxtdır.


Stiv Cobs bu fikrə gəlib çıxanda isə təəssüf ki, artıq onun vaxtı yox idi. Hər şeyi ala biləcək qədər sərvəti olan Cobs həyatını itirmək ərəfəsində idi və tək bir şeyi, sağlamlığını, həyatını pulla ala bilmədi. Stiv Cobs çoxlarımız üçün bəlkə də bir kumirdir. Lakin bu qədər uğura imza atan, ad-san, sərvət qazanan bir insan xoşbəxt olmağa vaxt tapmamışdı, özünü tənha hesab edirdi.



Mübarizə dolu həyat keçirmiş bu insan son anlarında "Uşaqlarınızı zəngin olsunlar deyə tərbiyə etməyin. Onları xoşbəxt olsunlar deyə tərbiyə edin. Beləcə onlar böyüyəndə sahib olduqlarının qiymətini deyil, dəyərini biləcəklər" mesajını vermişdi.

 

Elə isə indi saatınıza baxın və fikirləşin.

Nə fərqi var ki, onu neçəyə və haradan almısız?

Xoşbəxt olmağa, xoşbəxtlik qurmağa zamanınız varmı əsas ona baxın…

 

Sevməyə zamanınız qalıbmı?

Dostlarınızla ürəkdən deyib-gülə bilirsinizmi?

Özünüzə aid guşənizdə özünüzü tənha hiss etmirsiniz ki?

Xoşbəxt olmaq istəyirsizsə əsl cavablandırmalı olduğunuz suallar bunlardır. Hansı markadan geyindiyiniz və nə qədər pul qazandığınız deyil.


Hələ Aristotel deyirdi ki, həyatda ən önəmlisi çox şeyə sahib olmaq deyil, az şeyə ehtiyac duymaqdır.

 

Xoşbəxtliyin sirri  öz daxilimizdədir.

 

Bəs problemləri pul ilə həll etməyə çalışmaq doğrudurmu? Əgər bir münasibətdə böyük bir problem yaranıbsa və bunu həll etmək yerinə bahalı hədiyyələr alınır, yaxud tətilə yollanılırsa bu o deməkdir ki, problem həll olunmur, sadəcə üstü pərdələnir. Bu niyə zərərlidir?

Çünki gələcəkdə yenə də ortaya çıxacaq problemi sadəcə ört-basdır etməklə qalmayıb, münasibətinizdə qeyri-sağlam bir qayda yaratmış olursunuz.

 

Deyək ki, bir qadın sevdiyi insana və ya yoldaşına hər hansı bir mövzuda qəzəblənib. Kişi isə bu problemi qadına gözəl bir hədiyyə alaraq və ya onu gözəl bir restorana aparmaqla həll etməyə çalışır.

 

Bu vəziyyətdə qadın kişiyə hirslənmək üçün daha çox səbəb axtarmağa başlayacaq, eyni zamanda kişinin öz hərəkətlərindən dolayı məsuliyyət daşıma hissini əngəlləyəcək. Nəticədə kişi özünü istifadə olunmuş hiss edir, qadın isə narazılığını hiss etdirə bilmədiyindən daima aqressiv olur. Bəs nə etməli? Problemlə üzləşin. Sizi narahat edən mövzuda danışın. Ünsiyyət qurun.

 

Sevdiyinizə gözəl bir hədiyyə almaq yaxşıdır. Amma problemlə üzləşmək yerinə hədiyyə qəbul etmək yeni problemlər yaradır. Hədiyyələşməyi və birlikdə səyahətləri münasibətdə hər şey qaydasında olduqda etmək lazımdır. Əgər bu şeyləri problemləri ört-basdır etmək üçün istifadə etsəniz, gələcəkdə daha böyük problemlərlə qarşılaşmağınız qaçılmaz olacaqdır.

 



Hazırladı: Günel Dəniz

Qadinkimi.com