BURA / ORA
Rəşad Sultandan Cümhuriyyət yazısı Tarix : 08 İyul 2018, 16:10
Yazar : Rəşad Sultan



 

Onlar burda tarixdə ilk dəfə Azərbaycan adlı dövlət yaratdılar – Məmməd Əmin Rəsulzadə və silahdaşları.

Yaratdıqları dövlət bir sultanlıq, xanlıq deyildi.

Demokratiya və Respublika idi.
 

Bu, orta əsrlər cəhalətindən 18-19-cu əsr intibahımızın sonucu idi.

Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvanidən Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirədək yanıb - yaradılan ədəbiyyatımızın əsəri idi.

Həsən bəy Zərdabinin “Əkinçi”si, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnunu” idi. Hacı Zeynalabdin Tağıyev ziyasının məhsulu idi.
 

Xalq Cümhuriyyəti “bizim istiqamətimiz qərbə doğrudur” deməkdi. Bizdə - qadına seçki hüququ deməkdi.

“Burda ağalıq, xanlıq, sultanlıq idarəsi bitdi” deməkdi. “Burda şəriət yox, qanunlar keçir” deməkdi.

Hakimiyyətin mənbəyi xalqdı deməkdi. Dünyəvi dövlət deməkdi.
 

“Bir kərə yüksələn bayraq bir daha enməz” söylərkən böyük Məmməd Əmin, ideya bayrağımızın enməyəcəyini deyirdi.

Burda artıq heç vaxt qadına ikinci dərəcəli varlıq kimi baxılmayacaqdı.

Burda artıq heç vaxt xanlıq üsul-idarəsi olmayacaqdı.

Burda artıq heç vaxt bizim dilimiz yasaqlanmayacaq, həmişə Novruz bayramı qeyd ediləcəkdi. 

Burda ancaq elm müqəddəs olacaqdı.
 

100 ildə çox küləklər əssə də,  rejimlər dəyişsə də, bu ideyaların bayrağı enmədi.
 

Ədalətsizliklərdən, nadanlıqdan gileyləndiyimiz bu günlərdə də burda doğulan, burda yaşayan hər bir insanın müqəddəs kitabı elmdir, qəbul edə bildiyi tək idarə forması cümhuriyyətdir.

Burda qadın işləyib və işləyəcək, yaradıb və yaradacaq.

Bu ölkənin insanı üzünü qərbə tutur, elmi və insan azadlıqlarını tək həqiqət kimi qəbul edir.
Azərbaycan insanı bu prinsipləri  əlində bayraq edib. Bu bayraq  100 il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin heç vaxt enməyəcək rəmzidi.


Tarixi öyrənirik ki, bu günü başa düşüb sabahı düzgün quraq. 100 illiyi ona görə qeyd etmirik ki, şam yandırıb, tort kəsib, çəkil çəkdirək. Cümhuriyyətimizi ona görə yadımıza salırıq ki, o çətin dövrdə orta əsr qaranlığından sıyrılıb ən müasir ideya və prinsiplərə əsaslanan dövləti qura bilmişiksə, bu günümüzdə də o xətti davam və inkişaf etdirə bilərik.
 

Yolumuz elm yoludur.

Yolumuz qərbədir.

Yolumuz Cümhuriyyətdir.

Ən müqəddəs obyekt insan və onun azadlıqlarıdır. Cinsindən, milliyətindən, dinindən, irqindən, siyasi baxış və həyat tərzindən asılı olmadan. Prinsiplərimiz dünyəvi hüquq və ədalətdir. 100 illik Xalq Cümhuriyyəti bu deməkdir.
 

100 yaşımız mübarək!