"Sevginin günü olmaz" deyəcəyəm, amma günü olmayan bir şeymi qaldı?!
Hər şeyin günü var, maşallah. Hətta bir gündə bir neçə şeyin günü var. Hətta bir şeyin bir neçə günü var.
"Dəliyə hər gün bayram"dan keçib bizimki. Hətta bizdə artıq belədi: sən özünü dəliliyə vurub, hər gün bayram etmək istəsən, o gəlib hansısa rəsmi bayrama düşəcək, ağız dadıyla, ürək dolusu dəlilik də edə bilməyəcəksən.
Yaxşı, bəs hər gün bayramdırsa, əsl bayram nə zamandır? Əsl bayram o gündür ki, sənin təqvimdə qırmızıya ehtiyacın yoxdur.
Bayram etməyə də, hədiyyə verməyə də, almağa da. Sevgililər günü. Sevgi.
İnsanın sosial tərəfini açmağın ən rahat yolu onun biologiyasına enməkdir. İnsana bir canlı növü kimi, heyvan növü kimi baxdığımız zaman onun bütün davranışlarını açmaq mümkün olur. Heyvanları həyata bağlayan 3-4 instinkt üzərindən "sevgi" adlı mücərrəd məfhumu da öyrənmək olar yəqin. Qadın-kişi münasibətlərindən söhbət gedirsə, çoxalma instinkti üzərində fokuslanmağa dəyər. Amma hamı bilir ki, sevgi sadəcə instinktiv hiss və davranış deyil. Bəs nədir onun sosial tərəfi? Gənc bir dostuma dostluğun nə olduğunu izah edərkən belə demişdim: dostluq, sadəcə, sənin kiminləsə xasiyyət və davranışlarının bənzərliyi deyil. Dostluq vəfa, sədaqət və fədakarlıqdır. Bəs necə yaranır bu hisslər? Belə: bir gün o səninçün təmənnasız fədakarlıq edir, sonra sən onun üçüm qarşılıqsız nəsə edirsən və bu, illərcə dərinləşir və yaxşı mənada çıxılmaz bir münasibətə çevrilir.
Sevgi nədir bəs? Əks cinslər arasında instinktiv davranışa yuxarıda sadaladığım qarşılıqsız fədakarlıqların əlavə olunması ilə dərinləşən vəfa, sədaqət, doğmalıq.
Nədir sevgi? İllərin münasibəti. Sevgi vurulmaq deyil. Sevgi əks cinslər arasında dostluqdur. Ona görə "həyat yoldaşı" deyirik. "Həyat dostu" niyə deməyək ki? Doğulduğumuz andan etibarən bizə doğma olan insanlar var: ata, ana, bacı, qardaş. Bir də sonradan doğmalaşdığımız insanlar var: dost və sevgili. Qan bağının olmadığı doğma insanlar. Əsl insani duğularla bəslənən münasibətlər. Hər şeyin maddi ekvivalenti olan müasir dünyada "hər şeyin bir qiyməti var" deyən bazar adamlarına yabançı olan anlayışlar. Həyat paylaşınca gözəldir. Yox, həyat elə paylaşmağın özüdür. Yerdə qalan vasitədir. Həyat insanların ünsiyyətidir. Sadə insanların sadə ünsiyyəti. Mesajla yox, canlı, üz-üzə, göz-gözə, mimikalarla, emosiyalarla. Səsin tonunun azaldıb artırılmasıyla. Acısıyla-dadlısıyla, davasıyla-dalaşıyla. Doğmalar arasında, dostlar arasında, sevgililər arasında. Nə qədər çox təmasda olsaq, o qədər uzun yaşayırıq deməkdir. Vahid zamanda ömrümüzü uzadırıq. Həm özümüzün, həm sevdiklərimizin. Hədiyyəyə ehtiyac yoxdu. Bəhanə lazım deyil. Bayram olmasa da olar. Doğma insanlarla görüşməməkçün hansısa səbəb ola bilər, amma görüşməkçün səbəb lazım deyil. Hər gün görüşək, söhbət edək. Mesajlaşmayaq, söhbət edək. Havadan-sudan. Dindən yox, siyasətdən yox. Qeybət də eləməyək. Kişilər maşından, futboldan danışsın, qadınlar dəbdən, ətirdən. Lap elə gündəlik qayğılardan. Stress ataq, yüngülləşək. Lap elə şitləşək. Doğmalarla etməyib də kiminlə edəcəyik bu mənasız, şit zaradatları?! Bəli, sevginin günü olmaz. Ətir dükanlarının qarşısında iki zolaqda park etmək, şəhəri tıxaca qərq etmək sevgi deyil. 1 həftə əvvəldən alaq hədiyyəni, yeməli şey deyil ki, xarab olmaz. Ya da 1 həftə sonra qeyd edək. Hamı sevgilisi ilə kafeləri doldurubsa, sən onlardan biri olmaq məcburiyyətində deyilsən. 15 gün dənizdə işləyən bir oğlanın, gecə xəstəxanada növbətçi tibb bacısının sevgilisi olmaq da var. Bir də həmin gün dünya çempionatında Fransa - Argentina, Uruqvay - Portuqaliya oyunları var, bunu da unutmayaq.
Bir az da özünəməxsus olaq bəlkə?! Bu dəfə ətir və ya gül alınmasa?!. Kafeyə, restorana da gedilməsə?!
Necə deyərlər, alternativ yollardan istifadə edilsə? Bütün illərin ən klassik hədiyyəsi: kitab Hansı mövzuda olması önəmli deyil.
Mesaj yox, arasına bir məktub da qoymaq olar. Bu günlər tıxaclar kitab evlərinin qarşısında olsun.
Bizim bu yazımız da bütün sevənlərə sevgi məktubu olsun!
Sevdiyiniz insanlarla keçirdiyiniz hər gününüz mübarək olsun!