"Özün olmaq, yoxsa qarşındakının davranışına görə hərəkət etmək?” sualına cavab verən bu psixoloji-ibrətamiz hekayə bəlkə sizin də insanlara və hadisələrə baxışınızı dəyişə bilər... Oxuyaq…
Bir iş adamı dostu ilə gəzərkən hər gün qəzet aldığı köşkdə dayanır. Satıcıya gülərüzlə "Sabahınız xeyir” deyir və qəzet istəyir. Satıcı üzünü turşudub, kobud bir şəkildə qəzeti adamın üstünə atır. İş adamı təbəssümlə təşəkkür edib qəzeti götürür, gedəndə isə "Gününüz xoş keçsin” deyir.
Dostu şahidi olduğu kobudluqdan təəccüblənib soruşur: "Bu satıcı həmişə belə kobud rəftar edir?”
"Hə, çox təəssüf ki, həmişə belədir" deyə iş adamı cavab verir.
Dostu yenə soruşur: "Yaxşı, sən həmişə bu adama qarşı belə mehriban və mülayimsən?"
"Bəli" deyir iş adamı.
"Bəs, səninlə belə pis davrandığı halda, niyə onunla yaxşı davranmaqda israr edirsən?" deyə dostu maraq içində soruşur.
İş adamı gülümsəyərək deyir:
"Əzizim, mən onun davranışının mənim davranışıma təsir etməsinə icazə verə bilmərəm. Əgər mən də onun kimi rəftar etsəm, davranışımı o müəyyən etmiş olar. Həm də ona əsəbləşib günümü məhv etmək istəmirəm. Əgər o belə kobud, aqressiv və bədbin olmağı seçirsə bunu ancaq özü dəyişdirə bilər. Mən ona heç nə edə bilmərəm. Ancaq bir şey dəqiqdir ki, mən heç vaxt əhvalımın və davranışlarımın başqalarının davranışlarından asılı olmasına icazə vermərəm. Hər səhər yuxudan duranda o günü xoşbəxt olmağı seçirəm. Xoşbəxtliyi seçdikcə bu hisslər məndə daha da artır. Kim olduğuma, necə hiss etdiyimə və günümün necə keçəcəyinə yalnız mən qərar verə bilərəm.”
Necə hiss etdiyinizi və gününüzün necə keçəcəyini özünüz təyin edin. Başqasının ruh halınıza təsir etməsinə imkan verməyin.
Üstün Dökmen
Çevirdi: Günel Deniz
Qadinkimi.com