DƏB VƏ BAXIM
Qardirobumuzda nələr mütləq olmalıdı Tarix : 29 Noyabr 2022, 12:00
Yazar : Şəbnəm Zeynalova

 

Təbii ki, büdcə yol verirsə, hər şeyinizin olmasını istərdik. Bəs minimal şərtlərlə nə etmək olar?  

1. Qara don. Klassik geyimlər daha uzunömürlü olduğu  və dəblə ayaqlaşmağa imkan verdiyi üçün hər qadının qara klassik midi paltarı qardirobunda olmalıdı. Onu işə bir kiçik şarfla geyib işgüzar qadın obrazı yaratmaq olur. Ad gününə hansısa broş, aksesuarla geyinmək olur.  Maraqlı bir kəmər və ayaqqabı ilə toya, ziyafətə də geyə bilirik.   Qara - ağ rənglər çox funksionaldı. Bütün hallarda bizi vəziyyətdən çıxaracaq rənglərdi.

2. Rəngli köynək. Rəngli köynəyi istənilən şeylə kombin etmək mümkündü. Ətək, şalvar, sarafanla köynəyi geyinib yaxşı görünə bilərik.

3. Pencək. Bu da çox funksional geyimdi. Hər şeylə yaraşır.

4. Ayaqqabılar. Qardirobumuzda  qara klassik və ağ sport ayaqqabının olması  mütləqdi.  Qara klassik ayaqqabı əlimizdən tutan detaldı. Ağ krassovka, ket açıq rəngli şalvarla zövqlü görünür. Qəti şəkildə tünd şalvarla ağ və açıq ayaqqabı geyinmək olmaz.

5. Cins.  Qadınların vazkeçilməzidi. Cinsi istənilən köynək, futbolka, pencək, şifon paltar, sviter, blüzlə geyinmək indi dəbdi. Həm klassik, həm də sport ayaqqabı ilə geyə bilərik.    

Geyim tərzində kəsinliklə qaçmalı olduğumuz şeylər bizə yaraşmayanlardı. Başqasında görüb bəyəndiyimiz geyim bizə uyğun olmaya bilər.  Bədənimizi tanımalıyıq. Kök qadının dar şalvar geyib qısa koftada gəzməsi pis görünür. Bizim geyimimiz daxili aləmimizlə  tamamlanmalıdı. İçinizdən gəlməyən şeyləri almayın və geyməyin. Özünüzə oxşamayan paltarları seçməyin. Bizi gülməli göstərəcək, olduğumuzdan kilolu edəcək,  yaşımıza, peşəmizə, daxilimizə yaraşmayan geyimlərdən qaçmalıyıq. Bir qadın elə şalvar geyə bilər ki, ayaqları qısa, özü kök görünsün. Qadın israrla özünü eybəcərləşdirməli deyil.  Daha uzun ayaqlı və rahat şalvarda boyu daha uca, ayaqlar daha uzun və normal görünür. Keçən il pijama stili bomba kimi gündəmə düşdü. Nəticədə nə oldu? Qadınlar hər yerə bu pijamalarda gedirdilər. Şok mənzərə idi. Geyimin də bir əxlaqı var. Dəbdəbəli məclislərə pijamada, ayağında  klassik ayaqqabıyla getmək eybəcər, zövqsüz görünür.  Zövqlü insan modanı, fəşini izləyənə, heç bir kolleksiyanı qaçırmayana deyilmir. Zövqlü insan bədənini formada saxlayan, mütaliə edən, özünə uyğunu geyəndi. İnsan daim dünyagörüşü üzərində çalışanda və bunları şəxsinə tətbiq edəndə özünü tanımağa başlayır. Ona nəyin yaraşdığını, nəyin lazım olduğunu bilir.  Zövqlü və dəbli insan ayrı-ayrı şeylərdi.  Zövqlü insan dəbin qurbanına çevrilmir. Dəbli xanım trendi öz üzərində uğurlu tətbiq edəndi. Daha risklidi. Dəbdə olan rəngləri, modelləri gözdən qaçırmır və həyatına gətirə bilir.  Ama bunu uyğunsuz edirsə, ona dəbli demək olmaz. Əslində trend şişirdilmiş anlayışdı. Trendlər dünyaca məşhur, özünü təsdiqləmiş adlı-sanlı modelyerlərin müəyyən etdiyi rəng və modellərdi. Dünyaca ünlü bir brend özünə ilin rəngini seçirsə, ondan aşağı  brendlər bunu götürür və  yayır. Proses  zəncirvaridi. Hansısa alimlər oturub qaydayla bu ilin rəngini müəyyən etmirlər. Hələ də bütün dünya  modada  tarixə qayıdır və orda inqilab etmiş modelyerlərin baza kimi yaratdıqları modellərə mütəmadi müraciət edir. Koko Şanel nə qədər qadınlara şalvar geyindirsə də özü ətəkdə gəzirdi və ledi obrazını sevirdi. Dior klassik tərz yaradıb. Bu tərz aktuallığını qoruyur. Klassikaya  həmişə tələb var. Onların yaratdıqları tarixi sınaqdan keçmiş modellərdi. Koko Şanel deyirdi ki, hər dəfə yeni model yaradan dizayner sonunda uğursuzluq yaşamağa məcburdu. Dizayner o vaxt brend yarada billir ki, öz tərzini qoruyaraq ona hər dəfə modernlik qatır. Hər insanın individuallığı, tərzi olmalıdı. Biz inqubator kimi hər gördüyümüzü təkrarlamalı yox, təqdim olunan dəb seçimindən özümüzə uyğununu seçməliyik. Yanlış fikirdi ki, maddi imkan olmasa qadın baxımsız qalır. Qadını baxımlı göstərən  üzündəki intellektdi.  

Qadinkimi.com