Platonun yaşadığı və əsərlərini yazdığı dövrdən 2500 ilə yaxın vaxt keçib. Buna rəğmən, onun fikirləri günümüzdə də maraqla müzakirə olunur. Dövrümüzdən bu qədər uzaq məsafədə yaşamış bir filosofun qadın və qadının cəmiyyətdəki rolu haqqında düşüncələri də hər kəs üçün maraqlı olar.
Əsərlərində qadınlarla bağlı düşüncələrində ciddi təzadlar görünür. Platon bəzən qadını ikinci plana atır, bəzən də ucaldır. Bəzi tədqiqatçılar qadını ucaltdığı məqamları əsas gətirərək onu proto-feminist (ilk feminist) də adlandırır. Bu yazıda hər iki məqama aydınlıq gətirməyə çalışacam.
Necə olur ki, Platon bir tərəfdən proto-feminist, digər tərəfdən isə mizogenist, yəni qadın düşməni hesab olunur?
Platon qadın haqqında fikirlərinə əsasən "Dövlət” adlı əsərində yer verib. Kitab Sokrates və Glaukonun Pireyə səyahəti ilə başlayır. Burada qarşılarına çıxan Polemarkhos da onlara qoşulur. Ədalətli ideal dövlətin necə olacağı müzakirələri belə başlayır. Bu ədalət müzakirəsi əsər boyunca davam edir. Əsər boyunca qadın və kişinin cəmiyyətdəki rolu Platon üçün əhəmiyyətli görünür.
Əsərdə Platon insanları 3 sinifə bölür: idarəçilər, qoruyucular (cəsur savaşçılar) və istehsalçılar (əkinçilər). İdarəçilər insan ağlının, qoruyucular ürəyin, istehsalçılar isə duyğuların dövlətdəki əksidir. Əsərdə bütün müzakirələr dialoqlar şəklində qurulub. Platonun müəllimi Sokrates "Kişilərin cəmiyyətdə mövqeyini müəyyən etdik, keçək qadınlara. Çobanın dişi itləri sürünü erkəklər kimi qoruyacaqmı, yoxsa tək vəzifələri evə baxmaqdır?” soruşur. Platon əsər boyunca bir neçə dəfə itlər üzərindən qadın-kişi rolları ilə bağlı fikirlərini bildirir. Sokratesin sualına belə cavab verir: "Bütün işləri birlikdə etmələrini istəyəcəyik”. Platon dişi itlərin də erkəklərlə eyni gücə sahib olduğunu düşünür. Amma uşaq böyütmə vəzifəsini təkcə qadınlara aid edir. Onu da əlavə edir ki, dişi it ancaq uşaq böyütmə və evin idarəsi kimi vəzifələrdən qurtulduqda bir erkək itlə bərabər ola biləcək. Platon açıq şəkildə bu bənzərlikləri qadın-kişi ayrı-seçkiliyinə bioloji izahlar verənlərə qarşı arqument kimi gətirir.
Platonda bir paradoks qarşımıza çıxır. Kişinin qadından güclü olduğu fikrini desə də, güclü qadının zəif kişidən güclü olduğunu vurğulayır və fiziki güc fərqini qadınların savaşmasında əngəl hesab etmir. Buna görə də dövlət qoruyucularının güclü və zəif kişilərdən ibarət olmasındansa, güclü kişi və güclü qadınlardan ibarət olmasının tərəfdarıdır.
Platona görə qadınlar uşaq dünyaya gətirir, kişilər isə sadəcə doğumun səbəbidi. Amma bu fərq bir qadının dövlətin qoruyucular sinfinə uyğun olub olmamasına təsir etmir. Çünki ideal dövlətdə qoruyucuların övladlarına baxmaq məsuliyyəti qadınlar və kişilərdən ibarət baxıcılar qrupuna aiddir. Bir sözlə, Platona görə "dövlət işlərində hər iki cins ortaqdır”.
Qoruyucu sinifə girmək haqqı qazanan hər qadın ev işlərindən, uşaqla məşğul olmaqdan və ərinin təzyiqindən qurtula biləcək. Bir çox tədqiqatçı Platonun bu düşüncələrinin feministlərlə eyni olduğu qənaətindədir. Məhz bu fikirlərinə görə onu proto-feminist hesab edirlər.
Ancaq bu fikirlər Platonun "bütün qadınlar və kişilər bərabərdi” deməsi anlamına gəlmir. Çünki o, qadınlara yalnız qoruyucu sinif içərisində fürsət bərabərliyi tanıyırdı. İdarəçilərin arasında qadının adı belə keçmir. Yuxarıda da qeyd edildiyi kimi Platon hesab edirdi ki, idarəçilər insana məxsus ağlın, qoruyucular isə ürəyin dövlətdəki təzahürüdür. Platon qadını dövlətin ürəyi, kişini ağlı hesab edirdi.
İndi isə keçək Platonu mizogenist göstərən fikirlərə...
Tədqiqatçı Vender Platonun dialoqlarının birində "Tragediya şeirlərini hətta qadınlar, uşaqlar və kölələr belə duyur” söyləməsini qadınları aşağı sinifdə görməsi kimi vurğulayıb. Platon bir başqa dialoqunda isə müəllimi Sokrates can verəndə "qadın kimi yas tutan” dostlarından şikayətlənir.
Yuxarıda bəhs edilən "Dövlət” əsərində də Platon mizogeniyasına rast gəlinir.
O, qadın və kölə təqlidi edən kişiləri pis, qorxaq, sərxoş hesab edir. Amma kişi təqlidi edən bir qadın üçün bu fikir keçərli deyil. Platon yenə həmin əsərində ideal dövlətdə qadınların və uşaqların təhsildən, müharibədə və sülhdən əldə edilənlərdən pay almasının vacibliyini söyləyir, davamında yenə də mizogeniyaya yol verir. Həyat yoldaşı yaxşı bir səviyyəyə çatmamış qadının hər zaman şikayətçi olacağını, həmişə özünü düşünəcəyini və böyütdüyü uşağı da korlayacağını iddia edir. "Həmişə qadınlardan çıxır bu təranələr” ifadəsi ilə fikrini gücləndirir.
Bəli, Platon bəzən oxucularını belə ikili fikirlər ilə çaşdırır. Bəzən qadının irrasional və korlanmış kişi ruhundan yaradıldığını, bəzən də qadının və kişinin eyni bacarıqlara sahib olduğunu deyir. Məsələn, "Timaios” dialoqunun son hissəsində qadın yaradılışı ilə bağlı bunları deyir: "Bəzi kişilər kişiyə yaraşmayan və ya əxlaqa zidd həyat yaşasalar, sonrakı həyatlarında qadın doğulma ehtimalları böyükdür”.
Tədqiqatçılar Platonun həm gender bərabərsizliyi, həm də bərabərliyi, bəzən də ikisini birdən ortaya qoyduğu məqamlar olduğunu bildirir. O, bəzən qadını bir sinif olaraq təhqir edir, bəzən də ona tarixdə hər kəsdən artıq haqq tələb edir. Tədqiqatçılar onun bu paradoksunu belə izah edirlər: Platonun aşağıda gördüyü əslində qadının özü deyil, məcbur edildiyi və həbs edildiyi rollarıdır. O, cəmiyyətin qadına layiq gördüyü mənfi fikirlərdən qurtula bilmir, amma onların potensialını da gözardı edə bilmir və beləliklə, bunlara qarşı bir fikir ortaya qoyur. Həm qadınların mülkiyyətə çevrilməsini tənqid edir, həm də yüklərdən qurtulub kişilərlə bərabər rollar alsalar, qadınların yaranacaq vəziyyətini tərifləyir.
Platonu bir proto-feminist hesab etmək olarmı?
Suala cavab verə bilmək üçün müasirlərinin da fikirlərinə yer verməkdə fayda var. Platonun müəllimi Sokrates qadınlardan əksər hallarda sevgi ilə söz etsə də, onları ancaq ev içi işlərdə gördüyünü, qadınların kişilərdən ancaq bu cür işlərdə üstün ola biləcəyini söyləyirdi. Platonun müasirləri arasında ən önəmli filosoflardan biri də Aristotel olub. Aristotel qadın və kişinin cəmiyyətdəki yerini bioloji xüsusiyyətlərə bağlayırdı. Təəssüflər olsun ki, onun bu fikirləri orta əsrlərdə Avropa və İslam coğrafiyasında da bir çox filosofu təsiri altına alıb, qadınların cəmiyyətdəki yerinin yaxşılaşmasının önündə bir əngəl olub. Aristotel kişilərin qadınlarla müqayisədə daha güclü və cəsur olduğunu əsas gətirərək, onları qadınlardan daha üstün hesab edirdi. Məsələn, Platon "Dövlət” əsərində dövlətin mühafizəsində qadını kişi ilə bərabər görürdü. Bunun əksinə Aristotel "Politika” əsərində "cinsiyyətlər mövzusunda kişi təbiətinə görə qadından üstündür, qadın isə aşağıdır, kişi idarə edən, qadın isə idarə ediləndir” deyərək açıq şəkildə qadını ikinci plana atırdı.
Aristotel "Heyvanların yaranması ilə bağlı” əsərində beynin xüsusiyyətlərindən söz edir. O, insanların alın hissəsinin beyinlərinin orada yerləşməsinə görə keçəlləşdiyini iddia edir. Keçəlləşmə ilə kişi tərəfindən ifraz olunan sperma arasında bir bağ olduğunu deyir. Filosof düşünür ki, qadınlar və uşaqlar keçəlləşmir, çünki eyni təbiətə sahibdirlər və sperma ifraz etmirlər. Bu məsələ ilə bağlı Platon fərqli düşünür. Platona görə bir insanın saçının olması, ya da olmaması onun ayaqqabı ustası olmasına təsir etmirsə, eyni şəkildə bir insanın qadın və ya kişi olmasının da onun qoruyucu sinifdə yer almasında maneə deyil.
Beləliklə, Platonun və dövrünün filosoflarının qadınla bağlı fikirlərini incələdikdən sonra Platonu mizogenist deyil, hətta qadın haqları mövzusunda irəli düşüncəli bir aydın da hesab etmək olar. Təbii ki, onu tam bir feminist hesab edə bilmərik. Amma müasirlərinin fikirləri və yaşadığı dövrün şərtlərini nəzərə alsaq, onu bir proto-feminist adlandırmaq mümkündür.
Platon müəllimi Sokrates öldükdən sonra Afinanı tərk edir. 4 il sonra e.ə. 387-ci ildə qayıdır və Akademiyasını qurur. Bu akademiya Avropada ilk universitet hesab edilir. Akademiyanın əsas özəlliklərindən biri həm qızlara, həm də oğlanlara açıq olmasıydı.
Yazdı: Xumar Hüseynova, xüsusi olaraq qadinkimi.com üçün