BURA / ORA, FEMİNİZM
Pis feminist Tarix : 22 Noyabr 2022, 19:46
Yazar : Qadinkimi.com

 

Söhbətlər adətən belə başlayır: "Mən feminist deyiləm, amma...”

Fikir qadını müdafiə edən punktlarla davam edir.

"Zorakılığa qarşıyam”

"Qapadılmasına qarşıyam”

"İşləməməsinə qarşıyam”

"Erkən və məcburi evləndirilməsinə qarşıyam”

Siyahı uzanır.  Bütün bunlar qadının hüquqlarını ifadə edir.  Əslində, elə feminizmin təməl punktlarıdı.

Feminizm qadın hüquqlarını müdafiə edən cərəyanın adıdı. Hə, radikal feministlər var. Onlar üsyankardı, aqressivdi. Tez-tez sərt və çılpaq aksiyalar edirlər.  Kişilərə qarşı çıxırlar. Amazonkalığı təbliğ edirlər. Ancaq  feminizmin təməl prinsipləri bu deyil. Bu, sadəcə, radikalların performansıdı. 

Feminizm qadın hüquqlarını müdafiə edən cərəyandı. Əgər bütün dünyada bu gün qadınlar karyera qura, işləyə, səs verə, seçim edə, söz sahibi ola bilirlərsə, kişilərlə eyni maaşı  almaq haqları varsa, təhsil görmək, alimlik dərəcəsinə yüksəlmək, həkim, müəllim, aktrisa, jurnalist və s. işləmək imkanı qazanıblarsa, bunu feminizmə borcludular. Avropada yaranan feminizm hərəkatı nəticədə bütün dünya qadınlarının azadlığını təmin edib.  Bunun üçün Qərb qadını canından keçib, buna ömrünü qoyub. Saytımızda bu haqda ayrıca yazı var. Oxuyun.   

Biz isə feminizmdən danışanda səsimizi qısırıq. Elə bilirik  feminizm nəsə ayıb bir şeydi. Ona görə də qadını müdafiə edəndə mütləq artırırıq: "feminist deyiləm, amma...”

Əsrlər boyu beynimizə yeridilən kişi kultuna toxunmaqdan, onu dağıtmaqdan  qorxuruq. "Mən feministəm!” – bu cümlə dəhşətə gətirir. Hətta bu cümləni oxuyanda elə bilirik belə danışmaq olmaz.  Elə bilirik, "feministəm” deməklə kişinin üzünə ağ oluruq, özbaşınalığı, əxlaqsızlığı təbliğ edirik. Qınağa tuş gələcəyimizdən ehtiyat edirik. Halbuki, feminist olmaq kiminsə üzünə ağ olmaq deyil, haqqını tapdayanlara ağ olmaqdı. Qadının haqqı tapdanırsa, deyil kişinin, bütün dünyanın üzünə ağ ola bilər. Çünki  haqqı tapdanır – bu qədər sadə.  

Bəşəriyyətin insan hüquqlarını təmin edən cərəyandı feminizm.

Yalnız qadınla kişinin hüquq bərabərliyi təmin edildikdən sonra insanlar bərabərləşib.

 

 

Dünyanın bir nömrəli qadın pop ulduzu  Madonna bir neçə il öncə mükafat alarkən çıxışında inanılmaz fikirlər dedi: "Səhnəyə gəldiyim gündən haqqımda olmazın qarayaxmalar  səsləndi, açıq-aydın fahişə damğası vuruldu, mediada özümlə bağlı ən iyrənc sözləri oxudum, ağladım, üzüldüm. Qadın olduğum üçün bu qədər təpkiylə qarşılaşdım. Onları aşmaq asan deyildi. Sevdiyim feminist qadın yazarlardan təsəlli istədim.  "Sən əxlaqı pozursan” dedilər.  Halbuki, mənim səhnədə etdiklərimi bir kişi etsəydi, ona kimsə fahişə deməyəcəkdi... Buna görə də mən feministəm. Bəli, mən o pis feministlərdənəm”. Bunları bir dünya ulduzu, planeti idarə edən ölkənin starı deyirdi.  Ağılasığmazdı. Hamıya çəkinməz, azad görünən bir qadın cinsinə görə qarşılaşdığı  əzablardan danışırdı.  Problem uydurma ola bilməz. Demək, iyirmi birinci əsrin ən önəmli cərəyanlarından biri kimi qalmaqda davam etməsinin elə köklü, dərin səbəbləri var ki, feminizm köhnəlmir. Əksinə, ildən-ilə aktuallaşır, güclənir.

Feministlər hiss edirlər ki, hərə əlində bir çarşab hazırda dayanıb. Macal tapan kimi qadını  bürüyüb yox edəcək. Bədən kimi "yox”, ruh kimi "yox”, insan kimi "yox”...  

 

 

 


qadinkimi.com